Əlaqə Arxiv
news Image
2014.06.03
08:08
| A A A
Yol qəzalarının iqtisadiyyata vurduğu böyük zərər
Nüsrət İbrahimov: “Tək Bakı şəhərində baş verən nəqliyyat hadisələrinə görə, bir il ərzində iqtisadiyyatımız 80-100 milyon dollar itirir” Vüqar Bayramov: “Bütün iqtisadi modellər göstərir ki, ilk ziyan işçi qüvvəsinin və əmək qabiliyyətli əhalinin itirilməsidir”

Artıq nəqliyyat vasitələri insan həyatının və fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Komfortluq, zamana qənaət kimi xoşagələn tərəfləri olsa da, təkərli texnika bəzən insan həyatının, eyni zamanda iqtisadiyyatın kabusuna çevrilə bilir. Müharibə, epidemiya hallarını çıxmaq şərti ilə dünyada ən çox ölüm məhz yol-nəqliyyat hadisələnin payına düşür. Bundan başqa, yol-nəqliyyat hadisələrinin ölkə iqtisadiyyatına vurduğu ziyan da az deyil.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı- ekspert Nüsrət İbrahimovun dediyinə görə, tək Bakı şəhərində baş verən nəqliyyat hadisələrinə görə, bir il ərzində iqtisadiyyatımız 80-100 milyon dollar itirir: "Avtomobil nəqliyyat sektoruna aid olmaqla iqtisadiyyatın tərkib hissəsidir. Demək olar ki, iqtisadiyyatın aparıcı hissələrindən biridir. İqtisadiyyatı nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Amma yol-nəqliyyat hadisələri baş verəndə həm iqtisadiyyatı ləngidir, həm də müəyyən boşluqlar əmələ gətirir. Məsələn, tikinti zamanı beton daşıyan maşın yolda hadisə törədirsə, vaxtında betonu çatdırmır. Yaxud da texnoloji ardıcıllıq konveyr işləyirsə, vaxtında yük çatmayanda həmin konveyr dayanmalı olur. Bununla da iqtisadiyyata zərər gətirir. Bunlar iqtisadiyyatın tərkib hissəsi olmaqla yol hadisələrinə görə, vaxtında çatdırılmama iqtisadiyyata zərər vurur".

Ekspert bildirdi ki, iqtisadiyyata vurduğu zərərə görə də cəza tədbiri seçmək olar: "Amma cəza heç də həmişə müsbət nəticə vermir. Cəza tədbirlərin bir hissəsidir. Cəza ilə bərabər başqa tədbirlər də görülməlidir. Şərait yaxşılaşdırılmalı, tələblər və nəzarət sərtləşdirilməlidir. Əgər sürücüyə normal yol təqdim edilmirsə və ya ona normal əmək haqqı verilmirsə, onun üçün normal istirahət vaxtı yoxdursa, təbii ki, ondan tələblərin nəticələri də normal olmayacaq. Ona görə də ilk növbəfə iş şəraitini yaxşılaşdırmaq lazımdır. Ondan sonra nəzarəti gücləndirmək, cəza və digər tədbirləri həyata keçirmək olar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbri Vüqar Bayramov da bildirdi ki, yol-nəqliyyat qəzaları birmənalı olaraq iqtisadiyyata mənfi təsir göstərir: "Yol-nəqliyyat hadisələrinin iqtisadiyyata təsiri müxtəlif ölkələrdə müxtəlif iqtisadi modellərlə qiymətləndirilir. Bunun ən neqativ təsiri odur ki, yol-nəqliyyat qəzaları əmək qabiliyyətli insanların bəzi hallarda dünyasının dəyişməsinə, bəzi hallarda isə onların əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Bəzi hallarda isə daha yüksək ixtisaslı insanların dünyasını dəyişməsinə səbəb olur. Bu da işçi qüvvəsi ilə bağlı müəyyən boşluğun yaranmasına gətirib çıxarır. Yəni, bütün iqtisadi modellər göstərir ki, ilk ziyan işçi qüvvəsinin və əmək qabiliyyətli əhalinin itirilməsidir. Hər bir işçi qüvvəsinin iqtisadiyyata öz təsirləri var".

Ekspert əlavə etdi ki, yol-nəqliyyat qəzaları həm də texnikanın sıradan çıxarır: "Bu da iqtisadiyyat üçün müəyyən xərcin yaranması deməkdir. Yol-nəqliyyat qəzalarının həmçinin psxoloji tərəfləri var. Çünki, ölüm hadisələri adətən cəmiyyətə, xüsusi ilə də ölənin yaxınlarına psixoloji təsir göstərir. Digər mənfi təsiri ondan ibarətdir ki, yol-nəqliyyat qəzaları zamanı müəyyən insanlar əlil olurlar. Bununla da onlar əmək qabiliyyətlərini itirdikləri üçün dövlət büdcəsindən həmin insanlara vəsaitlərin ayrılmasına ehtiyac yaranır.Yəni, dövlət əlil insanların sosial qayğısına qalır. Sosial qayğı isə dövlət üçün əlavə xərcdir".

Sizin Reklam Yeriniz