Əlaqə Arxiv
news Image
2014.06.04
08:17
| A A A
İKT-dən uzaq düşən turizm sektoru
Eldar Aslanov: “Artıq insanlar turizm obyekti haqqında birbaşa onlayn məlumat almaq istəyirlər” Müzəffər Ağakərimov: “Bəzən sahibkarlar, menecerlər bu işə biganə münasibət bəsləyirlər”

İsti günlərin başlanması turizm mövsümünü canlandırıb. İnsanlar indidən gedəcəkləri otelləri rezerv etməyə çalışırlar. Amma bir çox hallarda bölgələrdəki otellər haqqında məlumat əldə etmək mümkün olmur. Xüsusi ilə də internetdə istirahət mərkəzləri haqqında məlumatı tapmaq müşkülə çevrilib. Regionlarda yerləşən istirahət mərkəzlərinin demək olar ki, böyük əksəriyyətinin internet səhifəsi yoxdur.

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirdi ki, ölkəmizdə turizm sürətlə inkişaf etməsinə baxmayaraq, bəzi problemlərini özü ilə yaşadır: "Həmçinin, hazırda informasiya texnologiyaları sürətlə inkişaf edib. Artıq insanlar turizm obyekti haqqında birbaşa onlayn məlumat almaq istəyirlər. Bu gün Azərbaycanda 500-dən çox otel fəaliyyət göstərir. Onların bəziləri haqqında onlayn rejimdə dolğun məlumat mövcud deyil. Bir çox hallarda məlumatlar köhnə, səthi olur. Lakin bununla bağlı ildən-ilə müsbət irəliləyişləri də danmaq olmaz. Problemin ikinci tərəfi isə ölkədə mövcud turizm obyektləri ilə turizm agentlikləri arasında uğursuz əlaqədir. Turizm müəssisələri daha çox müştərilərin birbaşa onlara müraciət etmələrində maraqlı olurlar. Bu problem dəfələrlə həm agentliklər, həm də turistlər tərəfindən qaldırılıb. Nəticə etibarı ilə istirahət mərkəzinin haqqında onlayn məlumatların olması ən çox elə turizm müəssisələrinin özlərinə lazımdır. Çünki, nə qədər dolğun məlumat verilərsə, turist daha tez və dəqiq qərar verə biləcək".

Ekspertin fikrincə, Azərbacyanda mövcud turizm obyektlərindəki bu problemin kökü marketinq menecerinin zəif olmasından qaynaqlanır: "Turizm müəssisələrində peşəkar marketinq menecerləri olmalıdır. Lazım olan hədəf qruplarına yönəlik marketinq kampaniyaları aparmalıdırlar. Bununla da daha çox gəlir əldə edə bilərlər. Turistlər də belə marketinq üsullarından istifadə etməklə məmnun olarlar".

Eldar Aslanov qeyd etdi ki, istirahət mərkəzlərinə verilən lisenziyanın şərtlərindən biri də məhz turizm mərkəzinin elektron səhifəsinin olmasıdır: "Amma otel fəaliyyətə başlayanda elektron səhifəsini tərtib edir, məlumatları yerləşdirir və lisenziyanı alır. Ancaq ondan sonrakı dövrdə bir çox hallarda müəssisələr həmin məlumatları yeniləmirlər. Çünki, müəssisələrin fəaliyyəti çox dinamikdir. Nazirlik də o qədər işçiyə, o qədər nəzarət mexanizminə malik deyil ki, lisenziya almış 500-dən çox oteli hər an nəzarətdə saxlasın. Nazirlik mövsümi monitorinq aparır. Hər il bu monitorinqlərin nəticəsində bəzi istirahət mərkəzlərinin lisenziyası alınır, bəzilərinin isə dərəcəsi aşağı salınır. Müəssisələr bunu inzibati amil kimi qəbul edirlər. Amma öz bizneslərinin inkişafı kimi başa düşməlidirlər".

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, otellərdə menecerlik işi düzgün aparılmır: "Bəzən sahibkarlar, menecerlər bu işə biganə münasibət bəsləyirlər. Öz obyektlərini yüksək səviyyədə reklam etmək istəmirlər. Bəzən də bunu bacarmırlar. İlk növbədə regionlarda kadr çatışmazlığı var. İxtsisalı kadr istirahət mərkəzinin fəaliyyətini düzgün qurur, işçi personalını düzgün seçir, reklamını düzgün təşkil edir, qiymət siyasətini tənzimləyir. Belə idarəçilik işində də reklamı, özləri haqqında məlumatları düzgün aparırlar. Reklamda göstərilən amillər isə mütləq özünü doğrultmalıdır".

Müzəffər Ağakərimov əlavə etdi ki, mövcud istirahət mərkəzlərinin böyük hissəsi özəldir: "Onlara nəyisə məcburiyyətlə etdirmək çətindir. Monitorinq vaxtı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası istirahət mərkəzinin daha yaxşı işləməsi üçün elektron məlumatların təşkil olunmasını tövsiyyə edir. Hətta bu işdə istirahət mərkəzinə köməklik də göstərilə bilər".

Sizin Reklam Yeriniz