Əlaqə Arxiv
news Image
2014.06.05
10:46
| A A A
Şəkərli içkilərin daha bir fəsadı üzə çıxdı
Rasif Bağırov: «Hər hansı laboratoriyada elmi cəhətdən təsdiq olunmayıbsa, bunu iddia edə bilmərik» Şəmsiyyə Namazova: «Bu, xüsusən də gənclərə, yeniyetmələrə, ailə qurmamış cavanlara daha çox şamil olunur»

Şəkərli sərinləşdirici içkilərin orqanizm üçün törədə biləcəyi təhlükələr barədə müzakirələr yenidən aktuallaşıb. Bu içkilərin ürək-damar, xərçəng riski və diabet xəstəliyinin yaradıcısı olduğu haqda fikirlər səngimir. İndi belə iddialar da var ki, şirinləşdirilmiş içkilər kişilərdə nəsilartırma qabiliyyətinə də mənfi təsir edir. Bunun nə dərəcədə reallığı əks etdirməsi haqda, tibb sahəsi üzrə ekspertlər Mövqe.az saytına münasibət bildiriblər. 

Həkim Rasif Bağırov bunları boş şayiə adlandıraraq heç bir elmi əsası olmadığını dedi: "Azərbaycanda zaman-zaman müxtəlif şayiələr yayılır. Təkcə şirinləşdirilmiş içkilər deyil, müxtəlif qidalara aid məlumatlar yayılır. Məsələn, bir vaxtlar belə şayiə gəzirdi ki, guya periks maddəsi insana xeyirlidir. Camaat başlamışdı qaşıq-qaşıq periks içməyə. Əslində, bunların şayiədən başqa elə bir əsası yoxdur. Hər hansı laboratoriyada elmi cəhətdən təsdiq olunmayıbsa, bunu iddia edə bilmərik. Müxtəlif xidmət orqanları var ki, bu şayiələri zaman-zaman əhali arasında yayırlar. Lakin heç bir elmi əsası yoxdur". 

Həkim Şəmsiyyə Namazova isə fərqli münasibət bildirdi. O, Movqe.az-a açıqlamasında iddiaların həqiqəti əks etdirdiyini, şirin sərinləşdirici içkilərin kişilərin orqanizmində bir sıra problemlərə yol aça biləcəyini dedi: "Dükanlarda satılan hər hansı sərinləşdirici içki və yaxud digər şirə adı ilə satılan hər bir məhsulun tərkibinə qatılan maddələrin saxlanma,  onun tərkibində olan vitaminlərin parçalanma müddəti var. Hər kəsə məlumdur ki, bu cür içkilər dükanlarda aylarla qalır. Təbii ki, orda saxlanma müddəti yazılır. Amma biz bilirik ki, saxlanma müddəti nə qədər uzadılırsa, mütləq  onun tərkibinə kimyəvi inqridientlər qatılır. Yox, əgər qatılmırsa, şirəni yalnız müəyyən saat ərzində içmək lazım olur. Bir müdət keçdikdən sonra, o artıq orqanizmə fayda vermir. Məsələn, vitamin C-ni daşıyan meyvə və tərəvəzlər hər zaman məsləhət görürük ki, bıçaqla kəsilmədən, soyulmadan yeyilsin ki, tərkibindəki vitamin parçalanmasın. Qaldı ki, şirəsi çəkilsin və üstündən günlər, aylar keçsin. Biz onda içkini sadəcə olaraq, mədəni doydurmaq üçün qəbul eləmiş oluruq.

Başqa bir tərəfdən, sərinləşdirici şirin içkilər, dondurmalar, kompotlar və s. kişilərdə prostat vəzisində müəyyən durğunluq yarada bilir, iltihabi proseslər baş verir. Bu, xüsusən də gənclərə, yeniyetmələrə, ailə qurmamış cavanlara daha çox şamil olunur. Biz dəqiq bilə bilmirik ki, aldığımız məhsul təbii şirədir, yoxsa kimyəvi vasitələrlə əldə olunub. Saxlanma müddətindən asılı olaraq, tərkibinə qatılan inqridientlər də mühüm rol oynayır. Onu yoxlamadan, laborotor müayinədən keçirmədən bilmək çətindir. Əgər normal təbii şirə olsa belə,  saxlanma müddəti keçibsə, bu da kişilərdə durğunluq yarada bilər. Xüsusən də oturaq həyat keçirən, sükan arxasında mütəmadi əyləşən insanlarda belə təhlükələr, durğunluğa meyillilik, kiçik çanaq orqanlarında problemə meyillilik onsuz da var. İçkilər də bir tərəfdən problemin böyüməsinə təsir edə bilir. Bu, nəsilartırmaya mane olan birbaşa problem deyil. Sadəcə olaraq, ora aparan yoldur. Əgər əvəlcədən hansısa şəxsdə yüngül formada bu problem varsa, əlbəttə ki, belə insanların bu tip içkilər içməsi məsləhət deyil. Yaxşı olar ki, sırf təbii şirələr içilsin və üstəlik otaq tempraturunda olsun". 

Həkimin sözlərinə görə, ümumiyyətlə, nəinki şirə, nəinki ərzaq, hər hansı bir məhsulun saxlanma müddəti uzanırsa, bəllidir ki, bunun tərkibində olan inqridentlərin miqdarı bir  qədər çoxdur və bunun saxlama ilə inqridentlər düz mütənasib tarazlıqdadır.  


Sizin Reklam Yeriniz