Əlaqə Arxiv
news Image
2014.06.05
13:00
| A A A
Deformasiyaya uğrayan adət-ənənələrimiz
Rafiq Təmrazov: «Cəmiyyətlərin bütövlükdə qovuşması, bir-birinə inteqrasiya eləməsində milli dəyərlərin haradasa aşınması baş verir» Əhməd Qəşəmoğlu: «Biz bu gün bir fərd olaraq da, bir millət olaraq da öz adət-ənənələrimiz, öz potensialımız üzərində inkişaf etmək haqqında ciddi düşünməliyik»

Hər xalqı bir-birindən fərqləndirən  adət-ənənələr, spesifik qayda-qanunlar, əxlaqi-mənəvi dəyərlər vardır. Böyüyə hörmət, kiçiyə sevgi, köməyə möhtac olana yardım, qonaqpərvərliq, mərdlik, ailəyə müqədəs münasibət və s. kimi dəyərlər də bizim milli-mənəvi dəyələrimizdəndir. Lakin son illər narahatlıq  doğuran məqamlardan biri də odur ki, gənclər arasında milli adət-ənənələrimizin bir çoxu deformasiyaya uğramaqdadır. Ənənəvi adətlərin yerini qərbdən gələn ənənələr almaqdadır. 

Sosioloq Rafiq Təmrazov Movqe.az-a açıqlamasında məsələyə  münasibət bildirib. Sosioloqun sözlərinə görə, köhnə adətlərin yenisi ilə əvəz olunması normal bir prosesdir və qarşısı alına bilməz: "Bu mövzu bütün tarixi dövrlərdə kifayət qədər aktual olan, cəmiyyəti düşündürən məsələ olub. Və xüsusi elmi yanaşma tələb edir. Hər dövrə görə də fərqlənir. Çünki hər zamanın öz tələbi var. Zaman-zaman dövlətlərdə ailəyə münasibət dəyişib. Bir dövlət başqa dövləti işğal edirsə, ora özüylə yeni adət-ənənələr gətirir. Yeni qaydalar gəlirsə, əvvəlkilər ya dəyişdirilir, ya tamamilə ləğv olunur, az hallarda isə  qorunub saxlanır. Əsasən bu və ya digər formada yeni münasibətlər, yeni mədəni dəyərlər formalaşır. Hal-hazırki dövr isə qloballaşma dövrüdür. Qloballaşma odur ki, cəmiyyətlər vahid planlı sistemdən çıxıb ümumdünya sisteminə qoşulurlar. Məsələn, bu gün iqtisadiyyatda transmilli korporasiyaların genişlənməsi, dünya dövlətlərinin bir-birinə inteqrasiyası prosesi gedir. Cəmiyyətlərin qovuşması da nəticədə  bundan əvvəl formalaşmış milli ənənələrin aradan qalxmasına  təbii zəmin yaradır. Söhbət ondan gedir ki, biz istəsək də, istəməsək də, o prosesin qarşısını ala bilmərik. Ala bilməyəcik də. Çünki əvvəlki dövrlərdə ondan əvvəlki adətlər itmişdisə, indi də həmin proses başqa formada təkrarlanır. Köhnə adət-ənənələr itib, əvəzinə yeni adətlər formalaşır. Mən hesab edirəm ki, bunun köklü narazılıq yarada biləcək, təhdidlər yaradacaq təsiri yoxdur. Normal bir prosesdir. Əslində, bizim ailəyə münasibət, ailəyə bağlılıq dəyərləri Avropadan bir qədər fərqlidir. Avropa insanı deyir ki, bizdə ona görə ailə dəyəri yoxdur ki, ümumiyyətlə, ailəyə ehtiyac yoxdur. Uşaq böyüyürsə, onun sosial təminatı var və müəyyən yaş dövrünə çatandan sonra o, özü-özünü təmin edə bilir. Və bu konteksdən yanaşanda hər bir cəmiyyətin özündə olan dəyərlər, normalar, qaydalar var. Bu dəyərlər biri üçün müsbətdirsə də, kiminsə xoşuna gəlməyə də bilər. Cəmiyyətlərin bütövlükdə qovuşması, bir-birinə inteqrasiya eləməsində milli dəyərlərin haradasa aşınması baş verir.  İstəmərik ki, hansısa dəyərlər itsin. Amma burda müsbət çalarlar da var. Çünki cəmiyyət özü-özünü tənzimləyən orqanizmdir. Yəni, hansısa məqamda yanlış anlaşılma ola bilər, hansısa bir mədəni tədbirlər, planlar yanlış anlaşıla bilər. Amma zaman-zaman hər şey öz yerinə oturacaq.  Cəmiyyət ən yaxşını seçib götürəcək".  

Sosioloq Əhməd Qəşəmoğlu isə problemə fərqli yanaşır və milli adət-ənənələrin unudulmasını cəmiyyət üçün ciddi təhlükə hesab edir.  Sosioloq bildirir ki, yeni ənənələr içərisində qərbyönlü adətlər çox olsa da, burda öz fəaliyyətimizdən də çox şey asılıdır: "Əslində, köhnə ənənələrin yerini Qərbdən gələn adətlər tutur məsələsində  müəyyən həqiqət var. Bu həqiqət ondan ibarətdir ki, dünyada bu gün  sürətlə qloballaşma prosesi gedir. Bu, təbii tarixi prossesdir. Gizli deyil ki, bu prosesə subyektiv müdaxilələr də var. Güclü dövlətlər, güc mərkəzləri, transmilli təşkilatlar bura daxildir. Hər bir tərəf istəyir ki, qloballaşma hesabına yaranacaq mədəniyyət, yeni adətlər onun xeyrinə olsun. Hər tərəf istəyir ki, öz dəyərləri Yer üzərində daha çox yayılsın. Amma demək ki, bizim hərəkətlərimizdə baş verən dəyişikliklər sırf qərbyönlüdür, bu doğru deyil. Öz dünyagörüşümüzdən də çox şey asılıdır. Misal üçün, adət-ənənə qonşu ölkələrlə bizdə fərqli şəkildədir. Qərb ciddi şəkildə mübarizə aparsa da, özümüzün fəaliyyətindən də çox şey asılıdır".

Əhməd Qəşəmoğlu bildirir ki, qloballaşma dövründə öz adətlərini qorumayan xalqlar tez bir zamanda məhv olacaqlar: "Təəssüf ki, milli adət-ənənələrimizdə aşınma getməkdədir. Bu da çox təhlükəlidir. Çünki əsl normal inkişaf o inkişafdır ki, hər hansı bir sistem inkişaf edirsə, o ümumi şəkildə sistem kimi də inkişaf eləməlidir, onun hissələri şəklində də. İnsanın bədəninin sağ olması üçün hər bir toxuma, hər orqan sağlam olmalıdır.  Yəni, biz bu gün bir fərd olaraq da, bir millət olaraq da öz adət-ənənələrimiz, öz potensialımız üzərində inkişaf etmək haqqında ciddi düşünməliyik. Çünki insan adət-ənənələri üzərində inkişaf quranda, buna uyğun fəaliyyət göstərəndə onun daxili potensialı daha çox üzə çıxır. Bütün dünyaya da xeyir verir. Çünki daxildən gələn keyfiyyətlər həm bəşəriyyət, həm millətimiz üçün faydalı ola bilər. İndiki vaxtda milli dəyərlərə münasibət ciddi strateji məsələdir. Qloballaşma ki belə sürətlə gedir, milli adət-ənənəsinə hörmət etməyən xalqlar tez bir zamanda sıradan çıxacaq. Öz adət-ənənəsinə, milli dəyərlərinə önəm verən cəmiyyət isə möhkəmlənəcək, güclənəcək. Həm də ki, dünyanın inkişafı, tərəqqisi üçün mühüm işlər görəcək. Odur ki, biz indi nə etməli olduğumuzu düşünməliyik. Biz hər addımda milli adət-ənənlərimizə xələl gətirən amillərin qarşısını almasaq, həm özümüz, həm də gələcək nəsillərimizə böyük təhlükə yaratmış olarıq. Ona görə, milli musiqimiz, folklorumuz kimi milli ruhu canlandıran amillərə diqqəti artırmalıyıq ki, daxili potensial üzə çıxsın. Bu istiqamətdə görüləsi çoxlu işlər var". 


Sizin Reklam Yeriniz