news Image
2014.06.06
07:34
| A A A
Mənzil tikintisi ilə tələb arasında böyük paradoks
Rövşən Talıbzadə: "Bu gün mənzil tikintisi əhalinin tələbatı ilə deyil, birbaşa olaraq mənzil bazarının tələbatına uyğun nizamlanır" Yaşar Əsədov: "İnsanların tələbatı ödəniş qabiliyyətli olsaydı, mənzillə təminat məsələsində problem də bu qədər yaşanmazdı"

Azərbaycanda mənzilə tələbat böyükdür. Ölkə əhalisinin müəyyən hissəsinin mənzilə tələbatı var və günü-gündən bu tələbat atran xətt üzrə inkişaf edir. Mənzilə təlabatın yüksək olması özünü əsasən də paytaxtda göstərir. Lakin maraqlıdır ki, mənzilə tələbatın yüksək olmasına rəğmən, ölkədə yaşayış binalarının tikintisi həmin tempə cavab vermir. Ölkədə, əsasən də, Bakıda müəyyən sayda yaşayış binalarının tikintisi həyata keçirilir. Amma bu temp tələbatla qətiyyən ayaqlaşmır.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə düşünür ki, vəziyyətin belə hal alması sahibkarın tikinti prosesini əhalinin deyil, birbaşa bazarın tələbatına uyğun qurmasından qaynaqlanır: "Bildiyiniz kimi, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq, Azərbaycanda Dövlət Mənzil Fondu məsələsi artıq qapadılıb. Olsa da, bu tendensiya məhdud şəkildədir. Bu gün mənzil tikintisi birbaşa olaraq ölkədəki mənzil bazarının tələbatına uyğun nizamlanır. Bazarda tələbat hansı formadadırsa, mənzil tikintisinin tempi də ona adekvat şəkildə gedir. Çünki, sahibkar istəmir ki, mənzili tiksin, amma o uzun müddət ərzində satılmamış qalsın. Yəni, sahibkar tikdiyi mənzilin tez bir zamanda satılmasnda, hətta deyərdim ki, tikilib başa çatmamışdan satışında maraqlıdır. Əks tendensiya sahibkara sərf etmir. Çünki, mənzil gec satılanda sahibkar xeyli itkilərlə üzləşməli olur. Ona görə də bazarın tələbatını öyrənib, ona uyğun olaraq da, fəaliyyətə keçirlər. Bu fonda sahibkarları əhalinin tələbatının yüksək olması qətiyyən maraqlandırmır. Nə də sakinlərin imkanlarını nəzərə almaq imkanları yoxdur. Azərbaycanda, xüsusən Bakıda tikilən mənzillərin qiyməti təxminən 20 faiz əhali üçün əlçatandır. Bu da mənzillərin qiymətinin çox baha olmasından qaynaqlanır. Bahalığın da özəl səbəbləri var".

Hömsöhbətimiz problemdən çıxış yolu olduğunu da dedi: "Tələbatın çoxluğu fonunda, az miqdarda bina inşa edilməsi kimi problemdən çıxış yolu da yox deyil. Bu istiqamətdə çoxsaylı dünya təcrübəsi vardır. Kommunal binaların tikilib aztəminatlı əhalinin istifadəsinə verilməsi kimi dünya təcrübəsindən Azərbaycan da yararlana bilər. Bu istiqamətdə dəfələrlə təkliflər səslənib. Amma hələlik nədənsə irəliləyiş yoxdur. Türkiyədə kommunal evlərin tikilib əhaliyə verilməsi praktikası geniş yayılıb. O cümlədən, həmin praktika Çin və Cənubi Koreyada daha parlaq səmərə verib. Ona görə ölkəmizdə də kommunal mənzil tikintisinə geniş önəm verilməsi yolu ilə bina inşasını da əhalinin evə olan tələbatına bir qədər yaxınlaşdıra bilərik. Həmin kommunal evləri sakinlərə 50-100 manat arasında kirayəyə vermək mümkündür. Həmin evləri alan vətəndaş ya ömrü boyu burada kirayənişin olur, ya da 10-20 il müddətində ödədiyi kirə haqqı ilə mənzilin dəyərini ödəyib, sonda həmin mənzilin tam sahibi olur. Hazırda Azərbaycan hökumətinin bu istiqamətdə hərəkətə keçmək üçün geniş imkanları da var. Mövcud dönəmdə belə bir layihənin gerçəkləşməsi vacibdir. Real mənzil bazarında tələbat olsa da, mənzil almaq imkanında olmayan əhali bu yolla özlərinin evə olan ehtiyacını ödəmiş olacaqlar. Əks təqdirdə, indiki bazarda onlar həmin qiymətə mənzil ala bilməyəcək. Bilirsiniz ki, indilikdə ölkədə gecəqonduların sayı artır. 500 mindən artıq qeydiyyatsız, sənədsiz tikililər var ki, onların da 90 faizi yaşayış məskənləridir. Hər halda düşünürəm ki, kommunal mənzillərin tikintisi evlərə olan tələbatla bina tikintisinin həcmi arasındakı kəskin fərqi müəyyən qədər azaldacaq. Hazırda sosial səmərəsi olan layihələrə milyonlarla manat vəsait xərclənir. Amma həmin sosial səmərəli layihələrin heç birinin büdcəyə maddi dividendi yoxdur. Məsələn, çəkilən yollar, keçidlər vətəndaşların rahat gediş-gəlişinə şərait yaradır. Lakin buradan dövlət qazanc əldə etmir. Kommunal mənzil kimi sosial layihələrdən isə kirayə haqqı formasında insanlar dövlətə haqq ödəyəcək".

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədovun fikrincə, məsələnin belə hal alması ölkəmizdə mənzil tikintisinin çoxsaylı müxtəlif yollarından bəhrələnməməyimizlə bağlıdır : "Adətən, yaşayış binalarının tikintisi müxtəlif yollarla həyata keçirilir. Belə yollardan biri dövlət hesabına tikilən mənzillərdir. Bundan başqa, bəzi ölkələrdə bələdiyyə tikintisi də yayılıb. Həmçinin, əhalinin öz vəsaiti hesabına, özəl şirkətlərin fəaliyyəti ilə tikilən binalar da var. Yəni minzil tikintisi bir deyil, bir neçə yoldan ibarətdir. Azərbaycanda bilirsiniz ki, mənzil tikintisi sahəsində dövlətin rolu çox zəifdir. Əsas etibarilə ölkəmizdə, hansısa imkanlı tərəfindən və yaxud şirkət tərəfindən fərdi binalar inşa olunur. Amma bu yolla ehtiyacı təmin etmək olmaz. Hər il ölkədə 120-130 min uşaq dünyaya gəlir. 20 ildən sonra onlar ailə quranda mənzilə də ehtiyacı olacaq. Deməli, 20 ildən sonra azı 50 min ailə mənzillə təmin olunmalıdır. Bu da çox maliyyə tutumlu, ancaq həm də ciddi məsələdir. Başqa bir tərəfdən, insanların tələbatı ödəniş qabiliyyətli olsaydı, mənzillə təminat məsələsində problem də bu qədər yaşanmazdı. Amma bizdə əhalinin böyük hissəsinin mənzilə tələbatı olsa da, bu ödəniş qabiliyyətli tələbat deyil. Bunun səbəbi əhalinin gəlirinin kifayət qədər yüksək olmamasından qaynaqlanır. Ölkə əhalisinin gəlirlərinin 70 faizindən də çoxu gündəlik zərurət məhsullarının alınmasına xərclənir. Belə olan halda, başqa işləri həyata keçirməyə onda vəsait qalmır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs