Əlaqə Arxiv
news Image
2014.06.06
08:46
| A A A
Təzə maşın sahibləri sığortadan yayınır
Xəyal Məmmədxanlı: “Sığortadan yayınmaya görə cəzaların sərtləşdirilməsi məqbul deyil” Emin Bünyatov: “Sığortadan yayınmaya görə cəzaların artırılmasına ehtiyac var”

Məlumdur ki, ötən ildən etibarən "Nəqliyyat vasitələri və onların qoşqularına texniki baxış haqqında nümunəvi əsasnamə"yə dəyişiklik edildi. Dəyişikliklərə əsasən, buraxılış ilindən 4 ildən çox vaxt ötmüş avtomobillər iki ildən bir texniki baxışdan keçəcəklər. Buraxılış tarixindən 10 ildən çox vaxt ötmüş maşınlar isə hər il texniki baxışdan keçməlidirlər. Yeni avtomobillər isə istehsala verildikləri tarixdən keçən növbəti 4 il ərzində texniki baxışdan azaddırlar. Yeni qərarın sürücülər üçün çox sərfəli olması bəllidir. Ancaq artıq bəzi sürücülər 4 illik şansdan özlərinə sərfedəcək şəkildə istifadə etməyə başlayıblar. Belə ki, sürücülər ilə bir dəfə ediləcək sığortadan keçmirlər. Əvvəllər hər il texniki baxış zamanı icbari sığorta məcburi idisə, artıq onlar 4 illik texniki baxışdan azaddırlar. Bu səbəbdən onlar sığortaya həvəs göstərmir və belə vəziyyət daha çox sığorat şirkətlərinin narazılığınya yol açır. Ölkədə istehsal ili yeni olan maşınlar nisbətən üstünlük təşkil etdiyindən sığorta şirkətlərinin şikayətlənməsi də əbəs yerə deyilmiş.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi qaydalarına edilən dəyişiklərdən sonra sığorta edənlərin sayı ciddi şəkildə aşağı düşdü: "Bu, bir daha onu göstərir ki, insanlara nəyisə məcburi etdirmək lazımdır. Amma hansısa məcburetmə mexanizmlərinin əleyhinəyəm. Vaxtı ilə Dövlət Yol Polisinə (DYP) müvafiq nəzarət mexanizmi tapşırılıb. Tapşırılıb ki, avtomobillərdə sığortanın olub-olmamasına nəzarət etsinlər. Yoxdursa, hətta bunun cəriməsi də var. Amma problem ondan ibarətdir ki, sığortaya ciddi şəkildə nəzarət texniki baxış məntəqələri idi. Sürücülər texniki baxışa getdikləri zaman sığorta olmadan keçmirdilər. Amma son zamanlar yol polislərində qəribə tendensiya formalaşıb. İcbari sığortanı o qədər də tələb etmirlər. Yəni, polisin özü də icbari sığortanın olub-olmamasında maraqlı deyil. Bu da qanunun işləmə mexanizmində problemlərin yaranmasına gətirə bilər. Amma inkişafa məcburetmə yox, təkamül yolu ilə getmək lazımdır. Sığortanı etməlidirlər. Bunun etmirlərsə, əlavə təzyiq vasitəsinin mənası yoxdur. Sadəcə olaraq, DYP öz işini normal həyata keçirməlidir. Necə ki, texniki baxışla bağlı avtomobilin ön şüşələrinə yarlıqlar yapışdırılır. Eyni ilə sığortanı göstərən yarlıqlar da yapışdırılmalıdır. Bununla da avtomobillərdə sığortanın olub-olmaması bilinəcək. Yoxdursa, müvafiq cərimələr ödənilməlidir. Bu mövzuda DYP-ə əlavə səlahiyyətlərin verilməsini istəməzdim. Vətəndaşlar şüurlu yolla sığortaya meyl etməlidirlər".

Ekspert sığortadan yayınmaya görə cəzaların sərtləşdirilməsini də məqbul hesab etmir: "Onsuz bu gün DYP-nin bəzi cəzalarının məbləği minimum əmək haqqına bərabər olur. Buna görə də cəzalar sərtləşərsə, sosial narahtçılığa gətirə bilər".

Sığorta məsələləri üzrə digər ekspert Emin Bünyatov hesab edir ki, burada iki üsuldan istifadə etmək olar: "Bunlardan birincisi, ictimaiyyət arasında həm İcbari Sığorta Bürosu, həm də sığorta şirkətləri tərəfindən maarifləndirmə işinin həcminin artırılmasıdır. Bəlkə o zaman sürücülər bu sığorta növünün mahiyyətini tam anlayıb, texniki baxışdan asılı olmayaraq, könüllü şəkildə sığorta şəhadətnaməsini əldə edərlər. Həmçinin, DYP əməkdaşları tərəfindən sürücülərdə sığorta şəhadətnaməsinin olub-olmaması mütəmadi olaraq yoxlanılmalıdır. Bunun üçün isə əlbəttə ki, sığortadan yayınmaya görə cəzaların artırılmasına ehtiyac var".

Sizin Reklam Yeriniz