Əlaqə Arxiv
news Image
2014.06.06
10:52
| A A A
Piylənmə uşaqlar arasında da ciddi problemə çevrilir
Sənubər Vəliyeva: «Piylənməyə səbəb bir tərəfdən qeyri-təbii qidalanma, digər tərəfdən də fiziki aktivliyin aşağı düşməsidir»

Aparılan araşdırmalar göstərir ki, son illər bütün dünyada kökəlmə xəstəliyi getdikcə ciddi problemə çevrilir. O da təəsssüf doğurur ki, bu hal uşaqlarda da müşahidə olunmağa başlayıb. Ümumiyyətlə, kökəlmə əsrin problemi hesab olunur. Tədqiqatlar göstərir ki, bu gün dünyanın 10%-dən çoxu bu xəstəlikdən əziyyət çəkir. Kökəlmənin səbəbləri və qarşısını almaq üçün lazımi tədbirlər həkim-pediatr Sənubər Vəliyevanın Movqe.az-a açıqlamasında yer alıb. Pediatr öncə bildirib ki,  uşaqlara 2 yaşa qədər  nə piylənmə, nə də artıq çəki diaqnozu qoyulur. 2-5 yaş arası artıq çəki proqnozu qoyulur: "5 yaşdan sonra artıq piylənmədən danışmaq olar. Uşaqlarda artıq çəki diaqnozunun, piylənmənin artmasının əsas səbəblərindən biri bütün dünyada süni qidalanma göstərilir. Eyni zamanda da qeysəriyyə əməliyyatları. Süni qidalarla böyüyən uşaqlarda  artıq çəki və piylənmə riski daha böyükdür. 5 yaşdan sonra piylənməyə səbəb isə qeyri-rasional qidalanmadır. Yəni, uşaq istədiyini yeyirsə, onun yeməyinə nəzarət olunmursa, bu axırda piylənməyə gətirib çıxarır.  Nəzərə almaq lazımdır ki, uşaqlar ən çox da şirniyyat yeyir, bu da piylənmə yaradır.  Öz təcrübəmdən deyə bilərəm ki, bəzən valideynlər həkimə müraciət edirlər ki, uşağın iştahı yoxdur, amma kökəlir. Ancaq araşdıranda məlum olur ki, uşağın iştahı var, amma bütün günü şirniyyat yeyir, ya da şirin çay içir. Beləliklə, bir tərəfli rasional qidalanma kökəlməyə gətirib çıxarır".  

Həkim son illər insanlarda telefon, kompüter və planşet aludəçiliyinin də kökəlməyə gətirib çıxardığını deyib: "İngiltərədə piylənmə problemindən əziyyət çəkən insanlarla bağlı aparılan tədqiqat zamanı məlum olub ki, bu insanlar günlərinin çox hissəsini ekran qarşısında keçirirlər. Bu televizor da, kompüter də ola bilər, telefon və planşetlər də.  Təəssüf ki, bunlar son vaxtlar günümüzün ayrılmaz hissəsinə çevrilib. Avtobusda, metroda gedəndə belə görrürsən ki, böyük-kiçik hamının əlində telefon var, baş telefona qarışıb.  Beləliklə, bir asılılıq, aludəçilik yaranıb. Fiziki aktivlik aşağı düşüb. Yəni, piylənməyə səbəb bir tərəfdən qeyri-təbii qidalanma, digər tərəfdən də fiziki aktivliyin aşağı düşməsidir". 

Həkim qeyd edir ki, bağırsaq mikroflorasının pozulması da kökəlməyə gətirib çıxarır: "Son illərdə edilən başqa tədqiqatlarda isə məlum olub ki, bağırsaq mikroflorasının pozulması da burda önəmli rol oynayır. Belə fərziyyələr var ki, piylənmədən əziyyət çəkən insanlarda bağırsaq mikroflorası sağlam deyil". 

Pediatr bildirib ki, problemin qarşısını almaq üçün ilk növbədə uşaq anadan olandan düzgün, təbii qidalanmalıdır: "Ana südü verilməli, süni qidaya qaçılmamalıdır. Evdə olan yemək vərdişlərini dəyişmək lazımdır. Kökəlmədə genetik rol da var. Ailə var ki, piylənmə bütün üzvlərində var. Baxanda ki, o ailələrdə nə yeyilir və nə qədər yeyilir,  piylənməyə təəccüblənmirsən. Fiziki aktivliyə önəm verilməlidir. Bizdə gözəl geyimlər geyinmək dəbdir, amma bədənin normal qaydada olması dəb deyil. Əvvəla bu fikir, dəyərlər dəyişməlidir. Hər şey ailədən başlayır".   


Sizin Reklam Yeriniz