news Image
2014.06.07
07:06
| A A A
Kürün suyu qəhətə çəkilir
Asif Verdiyev: “Kürdə suyun səviyyəsinin aşağı düşməsi bu il nisbətən quraqlıq olması, yağıntıların miqdarının az düşməsi ilə əlaqədardır” Ənvər Əliyev: “Kürün səviyyəsinin belə aşağı düşməsi əhalinin su təchizatı məsələlərinə təsirsiz ötüşməyəcək”

Bu il havaların quraqlıq keçməsi Kür çayına təsirsiz ötüşmədi. Artıq bir neçə aydır ki, çayda suyun səviyyəsi əsasən azalmağa doğru gedir. Bu, özünü daha çox Kürün aşağı axınında Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində büruzə verir. Çayda suyun kəskin azalması su nasoslarına öz təsirini göstərib. Su həddən artıq aşağı olduğundan bəzi su nasoslarının fasiləsiz işləməsində çətinliklər yaranıb. Ən pisi isə əkin sahələrinin suvarılması üçün suya olan təlabatın ödənilməməsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirdi ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsi bu il nisbətən quraqlıq olması, yağıntıların miqdarının az düşməsi ilə əlaqədardır: "Bu il qış dövründə qar ehtiyatı normadan aşağı olub. Həmçinin, cari il böyük çaylarda gursululuğun normadan aşağı olacağı gözlənilir. Yağıntının az olması ilə əlaqədar hazırda ölkənin çaylarında azalma müşahidə edilməkdədir. Son dövrlər Kür çayının aşağı hissəsində ən aşağı səviyyələr müşahidə olunur. Ancaq 2000-2001-ci illərdə bundan da aşağı səviyyə müşahidə olunub. Kür çayının Salyan məntəqəsində son vaxtlarda azalma müşahidə olunmuşdu. Ancaq son 2 gündə orada səviyyədə artım var".

Baş hidroloq bildirdi ki, yay dövrü üçün respublikanın dağ, həm də ən böyük çaylarda gözlənilən proqnoz iyun ayının sonlarında tərtib olunacaq: "Gürcüstan əraizində, Kiçk Qafqaz ərazilərdə 2-3 gün əvvəl yağan yağıntılarla əlaqədar Kürün səviyyəsində artımlar qeydə alınıb. Ancaq ümumilikdə hazırda Kür çayında sululuq normadan aşağıdır".Asif Verdiyev sonda qeyd etdi ki, Milli Hidrometeorologiya Departamenti çaylarda gözlənilən vəziyyətlərlə bağlı proqnozlar verir: "Bu proqnozlar da əlaqədar qurumlara göndərilir".

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə bildirdi ki, çoxillik göstəriciyə görə, iqlim şəraitinin nisbətən quraqlıq keçməsi müşahidə olundu: "Ona görə də bunlar təbii olaraq çayların su rejiminin azalmasına ciddi təsir edir. Həm də yağıntıların azalması ilə əlaqədar çayın üzərində anbarlar ehtiyat yığırlar ki, enerji hasil etmək mümkün olsun. Kür çayının səviyyəsi də bu amildən asılıdır. Amma bir müddətdən sonra yağıntıların miqdarı arta bilər. Hələlik Kür haqqında konkret deyə bilmərik ki, artıq bu, sondur. Çünki, qarşıda yağıntılı dövr var. Bu günə qədər Kürdə bu cür hal müşahidə edilməmişdi. Ancaq bu, son hədd deyil. Bir müddətdən sonra Kürdə suyun səviyyəsinin normallaşması gözləniləndir. Onda nəhəng su toplama hövzəsi var. İndiki vəziyyət isə artıq həm aqrar sahəyə, həm də Kürün fauna-florasına ziyanını vurub. Lakin sululuq səviyyəsinin azalması heyvanat aləminin qida rejiminə müəyyən qədər təsir göstərə bilər. Bu da uzun zamanı əhatə etməyəcək. Kürün səviyyəsinin belə aşağı düşməsi balıqların miqrasiya məsələsinə də təsir edə bilər. Digər tərəfdən əhalinin su təchizatı məsələlərinə təsirsiz ötüşməyəcək".

Ənvər Əliyev əlavə etdi ki, belə halların növbəti illərdə təkrarlanacağını demək isə çox çətindir: "Bunu əvvəlcədən bilmək mümkün olsaydı, keçən ildən ehtiyat saxlayardıq. Kür həmişə daşması ilə fərqlənib. Ancaq indiki həddi elə də qorxulu hesab etməyək. Çünki, bir müddətdən sonra yağıntılar quraqlığı kompensasiya edəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs