news Image
2014.06.10
07:36
| A A A
Türk dövlətlərinin iqtisadi birliyini möhkəmləndirəcək addım
Vüqar Bayramov: "Türkdilli dövlətlərin birgə investisiya fondunun yaradılması regionda investisiya qoyuluşunun artırılması və koordinasiya edilməsi məqsədi daşıyır" Yaşar Əsədov: " Türk dünyasında Azərbaycanın əhəmiyyəti daha da artacaq "

Bu günlərdə Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında tədbirə qatılan dövlətlər arasında iqtisadi əlaqələrinin daha da möhkəmlənməsi xüsusi diqqət mərkəzində oldu. Burada iştirak edən dövlət başçıları tərəfindən gələcəyə hesablanmış mühüm təkliflər də irəli sürülüb. Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev türkdilli dövlətlərin birgə investisiya fondununun yaradılması məsələsini qaldırıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, birgə investisiya fondu türkdilli dövlətlərin inteqrasiyasını daha da sürətləndirəcək: "Türkdilli dövlətlərin birgə investisiya fondunun yaradılması birmənalı şəkildə regionda investisiya qoyuluşlarının artırılması və koordinasiya edilməsi məqsədi daşıyır. Region ölkələr arasında Azərbaycan, Türkiyə və Qazaxıstan kimi dövlətlər artıq investor olaraq formalaşıb, investisiya qoymaq imkanına malik ölkələrdir. İnvestisiya fondunun yaradılması birmənalə şəkildə imkan verəcək ki, investisiyanın hərəkətini tənzimləmək mümkün olsun və daha çox investisiyaların cəlb edilməsinə nail olunsun. Birmənalı şəkildə investisiya fondunun yaradılması müsbət ideya olmaqla bahəm, həm də çox vacibdir. Bu regionda investisiyanın hərəkətinə təsir etməklə yanaşı, eyni zamanda, imkan verəcək ki, regiondakı ölkələrin özəl sektoru da birbaşa investisiya qoyuluşlarından faydalana bilsin. İdeyanın gerçəkləşməsi ora daxil ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərəcək amildir. O ölkələr arasında investisiyanın hərəkətini tənzimləməyə də şərait yaradacaq. Bu baxımdan belə bir ideyanın reallaşması mühüm əhəmiyyətli olacaq və güman edirəm ki, onun reallaşması ilə yalnız maliyyə baxımdan regionun iri dövlətləri deyil, bütövlükdə bütün region ölkələri faydalanmaq imkanı qazanacaq. Belə bir ideyanın reallaşma ehtimalı da böyükdür. Adətən, iqtisadi ideyaların reallaşması daha asandır, nəinki digər siyasi xarakter daşıyan ideyaların baş tutması. Ona görə də güman edirəm ki, türkdilli dövlətlərin birgə investisiya fondu ideyasının reallaşması imkanları daha yüksəkdir və birmənalı şəkildə bu gün həmin ideyanın gerçəkləşməsi üçün imkanlar vardır. Burada məqsədin investisiyanın dəstəklənməsi, onun artırılması olduğunu nəzərə alsaq, bu baxımdan ideyanın reallaşması üçün hər hansı texniki və ya institusional problem yoxdur. İndiki halda bu ideyanın gerçəkləşməsi ona görə mümkündür ki, artıq türkdilli ölkələrin maliyyə imkanları genişlənir. Bu imkanlar genişləndikcə, təbii ki, türkdilli ölkələr artıq investor rolunda çıxış edə bilirlər. Maliyyələşdirmə baxımından da birgə investisiya fondunun yaradılmasında hər hansı problem görmürəm. Bütün bunlar sözügedən ideyanın real olmasına nail olmağa birmənalı şəkildə imkan verəcək".

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov məsələyə müsbət yanaşdı: "Hazırda dünya müxtəlif aspektlər üzrə təsniflənməyə meyllidir. XXI əsrdə dünyada milli, dini soykökə görə də təsnifləşmə gedir. Məsələn, ərəb xalqları vahid bir formada birləşiblər. Amma dünya əhalisinin mühüm hissəsini təşkil edən türk soyuna məxsus xalqların zəif birliyinin olduğunu müşahidə edirik. Bu zəifliyin kökü də tarixdən gəlir. Hazırda türk xalqlarının yaratdığı dövlətlər türkün əvvəlki qüdrətini geri qaytarmaq istiqamətində birliyə can atırlar. Bu baxımdan onlar arasında bir neçə qurum da yaradılıb. Türkdilli dövlətlər birliyinin ümumi bayrağı təsbit edilib. Həmin istiqamətdə isə Türkiyə aparıcı rol oynayır. Azərbaycan isə ona ən yaxından dəstək verən ölkələrdəndir. Mənəvi, ədəbi, ictimai baxımdan birləşməni yekunlaşdıran iqtisadi tellərin olması da vacibdir. Bu mənada vahid investisiya fondunun yaradılması olduqca mühüm əhəmiyyət kəsb edir. Hər bir münasibətin bazisi və üst qurumu var. Artıq türkdilli dövlətlərin münasibətlərində üst qurum tam olaraq işlək vəziyyətdədir. Onlar mədəni paylaşmalar edir, hətta son zamanlar inteqrasiya fonunda bu xalqlar bir-birini daha tez anlamağa başlayıb. Birgə investisiya fondunun yaradılması türkdilli dövlətlər arasında birliyin daha da sarsılmaz olmasına gətirib çıxaracaq. Belə bir təkliflə Azərbaycan Prezidentinin çıxış etməsi daha təqdirəlayiqdir. Çünki, türkdilli dövlətlərin heç də hamısı ciddi sərvətə malik deyil. Azərbaycan və Qazaxıstandan başqa. Düşünürəm ki, birgə investisiya fondunun yaradılmasında da aparıcı rol bu iki dövlətə məxsus olmalıdır. Proses digər türkdilli dövlətlərin bundan bəhrələnməsinə gətirib çıxaracaq. Bu əlaqələr fonunda artıq digər türkdilli ölkələr investisiya fondunun yaradılmasında aparıçı rola malik dövlətləri istər-istəməz əsas bazis kimi qəbul edəcəklər. Nəticədə türk dünyasında Azərbaycanın əhəmiyyəti daha da artacaq. Türkiyənin sərvəti olmasa da güclü dövlətdir və güclü dəstəyə malikdir. Onun digər aspektlərdə türk dünyasına güclü dəstəyi danılmazdır. Amma maliyyə baxımından şans var ki, Azərbaycan, Qazaxıstan və müəyyən qədər Türkmənistan türk dövlətlərinin investisiya fondunun yaradılmasında aparıcı rol oynasın. Bununla onlar həm də özlərini daha geniş aspektdə təblig edə biləcəklər. Hazırda Azərbaycan Ermənistan tərəfdən təcavüzə məruz qalsa da, heç də bütün türkdilli dövlətlər ona bu sahədə aktiv dəstək olmur. Orta Asiyanın türk qövümləri bu məsələdə passiv davranışları ilə seçilir. Lakin birgə investisiya fondunun yaradılması və Azərbaycanın orada aktiv rola malik olması həm də digər türkdilli dövlətlərin maddi marağına səbəb olacaq. Bu fonda da onlar əsas problemin həllində Azərbaycana dəstək verməklə, yaranacaq sözügedən fonddan daha çox yararlanmaq şansı da qazanar. Həm də qoyulan investisiyadan onu həyata keçirən dövlətə dividentlər də gələcək. Bu divident isə bütün türk dünyası üçün ümumi bir güvən yaradır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs