news Image
2014.06.10
10:23
| A A A
Himayədar ailələrə güzəştlər veriləcək?!
Rafiq Təmrazov: «Əgər müəyyən stimullaşdırıcı addımlar atılsa, uşaq evlərindəki balacaların sayı, dövlətin də qayğısı xeyli azalar» Yusif Bəkirov: «Dövlət stimullaşdırıcı addımlar atsa, insanları uşaqları daha çox himayəyə götürməyə təhrik eləmək olar»

Valideyn himayəsindən məhrum olan uşaqları övladlığa götürmək məsuliyyətli, eyni zamanda xeyirxah əməldir. Ailə həsrəti ilə yaşayan bir uşağı himayəyə almaq istəyi, cəsarəti də hər kəsdə olmur. Bu gün Azərbaycanda çoxsaylı uşaq evləri, internat var ki, belə uşaqların himayəsində durur. Dövlət də onların müdafiəsinə lazımi diqqəti ayırır. Lakin dediyimiz kimi, ailə mühiti yalnız valideyn olan yerdə yarana bilir. Xarici ölkələrdə dövlət özü uşaqların ailə himayəsinə alınması üçün stimullaşdırıcı addımlar atır. Belə ki, övlad sahibi olmaq istəyən ailələrə sosial güzəştlər tətbiq olunur, ev almaq üçün sərfəli şərtlər təklif edilir və s. Əgər bizdə də belə addımlar atılsaydı, istisna deyil ki,  internatda böyüyən uşaqların sayı azala bilərdi. Düzdür, Azərbaycanda da uşaq evlərindən götürülən uşaqlara himayədarlıq etmək istəyən valideynlər var. Amma sosioloq Rafiq Təmrazovun da dediyi kimi, bu proses bizdə bir qədər uzun çəkən, çətin bir prosedurdur. 

Rafiq Təmrazov məsələ ilə bağlı Movqe.az-a bildirib: "Ümumiyyətlə, Azərbaycanda övladlığa uşaq götürmək çox ciddi məsələdir. Təbii ki, qaydaların sərt olması neqativ hallara yol verilməsinin qarşısını almağa xidmət edir.  Amma bütün bunlar dəlalət eləmir ki, övlad sahibi olmaq istəyən valideynlər üçün hansısa bürokratik maneələr, hüquqi prosedurlarla bu məsələyə əngəllər yaradılsın. Əgər normal adamlar müraciət edirsə, uşaq evi də həmin ailəyə uşaq verməyə razıdırsa, nə ehtiyac var ki, bu adam hansısa sənədə görə nə qədər vaxt itirsin. Məsələn, övladlığa götürmək istəyən hər hansı bir vətəndaş tutaq ki, sağlamlıq haqda arayış alır. Sonra ev haqqında sənədin alınması, iş yerindən arayış və s. çoxsaylı sənədlər toplanıb bir yerə yığılana qədər sağlamlıq haqda arayışın vaxtı keçir. Vətəndaş da məcbur olur ki, gedib arayışı yenidən alsın. Beləcə bəziləri həvəsdən də düşür və övladlığa uşaq götürmək fikindən vaz keçir. Ona görə bu prosedurlar bir qədər sadələşdirilsə, yaxşı olar". 

Sosioloqun sözlərinə görə, əgər dövlət stimullaşdırıcı addımlar atıb daha çox uşağı övladlıq götürməyə sövq etsə, onda özünün yükü də azalmış olar: "Bu gün valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanması, böyüdülməsi dövlətin üzərinə düşən ən əsas məsuliyyətlərdən biridir. Biz vətəndaş cəmiyyəti olaraq çalışmalıyıq ki, dövlətin yükünü azaldaq.  Əgər dövlət müəyyən stimullaşdırıcı addımlar atsa və həmin valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmək istəyən  ailələrə kömək məqsədilə hansısa proseduru yüngülləşdirsə, sosial müavinət verilsə, ya hansısa formada sosial siyasətinə bu məsələləri əlavə eləsə, sözün həqiqi mənasında, uşaq evlərindəki balacaların da sayı, dövlətin də qayğısı xeyli azalar. Bundan sonra dövlətin imkanı olar ki, əqli, fiziki qüsurlu uşaqlara daha çox diqqət ayırsın. Çünki insanlar adətən sağlam uşaqları övladlığa götürürlər. Ailələr bilsələr ki, dövlət onlara prosesdə dəstək olacaq, onlar daha ürəkli olarlar". 

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov də məsələ ilə bağlı münasibətini bildirib: "Xarici vətəndaşlar ona görə daha çox uşaq himayəyə götürürlər ki, dövlət onlara şərait yaradır, hüquqlar verir. Bizdə isə belə güzəşt, stimullaşdırma proqramları yoxdur. Bəzən xəstə uşaqlara valideynlər özləri belə baxmır. Nə də qohum-əqrəba sahib çıxır. Gətirib internat evlərinə atırlar, bəzən də ölümə tərk edirlər. Əgər dövlət stimullaşdırıcı addımlar atsa, insanları uşaqları daha çox himayəyə götürməyə təhrik eləmək olar. Nəticədə internat evlərindəki uşaqlar da azalar". 




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs