news Image
2014.06.10
11:15
| A A A
Tüstü vergisinin tətbiqi yenidən gündəmə gəldi
Seymur Yunusov: «Artıq Avropa mühərrik gücünə görə yox, tüstüyə görə vergi alır» Telman Zeynalov: «Əhalinin mövcud maşınlarda istifadə edə biləcəyi yanacaqlar yaradılmalıdır»

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də avtomobillərin atmosferə, ümumən ekologiyaya vurduğu ziyanı azaltmaq istiqamətində işlər aparılır. Bir müddət əvvəl "Avro-4" standartına keçid də məhz bu məqsədə xidmət edirdi. Lakin bu standart yalnız ölkəyə yeni gətirilən maşınlara aid edilir. Ölkədə avtomobil parkının əksər hissəsi isə hələ köhnə avtomobillərdən ibarətdir. Köhnə maşınlar isə havaya kifayət qədər zərərli maddə buraxır. Bəzi xarici ölkələrdə bunun qarşısını almaq üçün  ya maşınlara filtr qoyulur, ya da ki, bu cür maşınların tədricən istifadədən çıxmasını sürətləndirmək üçün onlara tüstü vergisi tətbiq olunur.  

Avtomobil və nəqliyyat problemlərini araşdıran ekspert  Seymur Yunusov Azərbaycanda da avtomobillərə tüstü vergisinin tətbiq olunmasının tərəfdarıdır. O, Movqe.az-a açıqlamasında bildirib ki, məqsədəuyğun olsa da, bundan ən çox əhalinin aşağı təbəqəsi əziyyət çəkəcək: "Avropada daha çox tüstü vergisi alınır. Avtomobil nə qədər köhnədirsə, belə çıxır ki, atmosferi daha çox çirkləndirir. Texniki baxışdan keçən zaman, orada normalar var. O normalara əsasən, daha çox atmosferi çirkləndirən avtomobillərin sahibləri digərləri ilə nisbətdə artıq  vergi verirlər. Bu, tüstü vergisidir. Bizdə stereotiplər elədir ki, avtomobil nə qədər böyük, güclü olarsa, deməli, o daha çox yanacaq işlədir və havanı daha çox çirkləndirir. Amma son model avtomobillər belədir ki, texnologiyanın inkişafı sayəsində 3, 4  və ya 4.5 min kubsantimetr mühərrik həcmi olsa da, onlar havanı çox cüzi şəkildə çirkləndirir. Çünki, bu avtomobillərin mühərrikləri çox müasir texnologiya ilə hazırlanıb. Mühərrikin güclü olması onun havanı daha çox çirkləndirməsi demək deyil. Ona görə də, artıq Avropa mühərrik gücünə görə olan bu vergini almaqdan imtina edib. Tüstüyə görə vergi alır. Bu da avtomatik olaraq avtomobil parkının yenilənməsinə gətirib çıxarır. Fikir verin, onlar avtomobili 10 ildən artıq sürmürlər. Vaxt keçəndən sonra onları başqa ölkələrə satırlar. Onun da sirri o tüstü vergisidir. Vergilər o qədər yüksəkdir ki, insanlara bu maşınlardan istifadə artıq sərfəli olmur. Onlar da tamamilə imtina edirlər. Bu da bizdə tətbiq olunmalıdır. Amma yəqin ki, Azərbaycanda əhalinin vəziyyətinə görə bunu tətbiq etmirlər. Çünki, tətbiq edilsə, ən çox vergi ödəyənlər əhalinin aztəminatlı, kasıb təbəqəsi olacaq. Varlılar isə, əksinə, az vergi verəcəklər. Çünki, təzə maşınlar varlı insanlardadır. Amma əgər avtomobil parkının yenilənməsini istəsək, ölkədə avtomobillərin azaldılması siyasəti aparılsa, gərək tramvaylar, trolleybuslar olsun.  Onda insanlardan tələb etmək olar ki, köhnə avtomobillərindən istifadə etməsinlər və başqa alternativ ictimai nəqliyyatla gedib gəlsinlər. Amma bu gün insanlara haqq qazandırmaq olar. Çünki, əlavə nəqliyyat yoxdur. Ona görə də, hamı şəxsi avtomobilə üstünlük verir".

Ekoloq Telman Zeynalov isə bildirib ki, ölkədəki avtomobillərə uyğun yanacaq növlərinin yaradılması daha məqsədəuyğundur: "Biz bu gün özümüzün yanacaqdoldurma zavodlarımızı yaratmalıyıq. Yanacaq növlərini özümüz yaratmalıyıq, xaricdən gətirməli deyilik. Belə zavodlar yaratmaqla həm də əhalini işlə təmin etmək olar. Əgər yanacaq, yağ standartlara cavab versə, onda xaricdən gətirməyə gərək qalmayacaq. Filtr taxılmasına gəlincə isə, məsələ orasındadır ki, hər maşına filtr taxıla bilmir. Köhnə maşını söküb təzədən yığmaq da baha başa gəlir. Əhalinin mövcud maşınlarda istifadə edə biləcəyi yanacaqlar yaradılmalıdır.Vəsaiti bura yönəltmək daha yaxşı olar ki, nəinki xaricə buraxmaq". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs