news Image
2014.06.11
17:35
| A A A
ƏƏSMN əlil və şəhid ailələri üçün hazır mənzillər alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satınalınması ilə əlaqədar açıq tender keçirir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il ildə ƏƏSMN-ə ayırdığı investisiya bölgüsünə uyğun  olaraq keçirilən tender  bu məqsədlə ümumilikdə təxminən 6250 m² sahəni əhatə edəcək mənzillərin alınmasını nəzərdə tutur.

Xatırladaq ki, tenderin şərtlərinə görə, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və təmirinin onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılması nəzərdə tutulub. Əlil arabasında olan əlillər üçün mənzillərin ümumi otaqları layihələndirilərkən əlil arabasının hərəkəti, habelə  180 dərəcə dönməsinin mümkünlüyü nəzərə alınmalı, mənzildaxili dəhlizin eni 1,15 sm-dən az olmamalıdır. Tualet və vanna otaqlarının planlaşdırılması, onlarda  avadanlığın yerləşdirilməsi əlilin fiziki vəziyyətinə uyğun aparılmalı, tualet və vanna otağının qapıları dəhlizə açılmalıdır. Eyni zamanda, tender əlilliyi olan şəxslərə veriləcək mənzillərin olduğu binalara aid ərazidə əlil arabasının maneəsiz və rahat gediş-gəlişini  təmin edən şəraitin, eləcə də binaya, liftə və mənzilə girişin bir səviyyədə olmasını tələb edir.

 

Digər tələblər sırasında binanın giriş mailliyinin 5 dərəcədən çox olmayan pandusla təmin edilməsi, pandusların əvvəli və sonunda 150 sm eninə üfüqi sahə verilməsi, pandusun hər iki tərəfindən 8 sm-dən az olmayan və hündürlüyü 70 və 90 sm olan bir cüt tutacağın quraşdırılması nəzərdə tutulub. Bununla yanaşı, binadan və ümumi dəhlizdən qapılar çıxış istiqamətində açılmalı, binanın lift kabinəsinin qapı boşluğunun eni 85 sm-dən az olmamalıdır.  Əlillərin rahat hərəkətini təmin etmək məqsədilə binanın yaxınlığında maneələr götürülməli, əlil arabalarının hərəkəti üçün səkilərin və piyada yollarının mailliyi  5 dərəcədən, eninə isə 1 dərəcədən artıq olmalıdır. 

Qeyd edək ki, hüquqi sənədlərin təqdim olunma müddəti 2014-cü il iyulun 2-si, tender təkliflərinin təqdim olunma müddəti isə  iyulun 8-nə qədər davam edəcək. Tender təkliflərinin açılış tarixi isə  iyulun 9-na qədər uzadılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs