news Image
2014.06.12
11:30
| A A A
Tikintidə sertifkatlı usta dövrü başlanır?!
Nüsrət İbrahimov: «Bu təcrübə bizdə də həyata keçirilə bilər» Rövşən Talıbzadə: «Müvafiq sertifikata malik peşəkar işçilərin olması, bu təcrübənin bizdə də tətbiqi məqsədəuyğun olardı»

Müasir tələblərə uyğun mənzillərin inşasında  istifadə edilən materialların  keyfiyyəti qədər, orada çalışan ustaların iş bacarığının da mühüm rolu var. Bunu nəzərə alaraq, bir sıra ölkələrdə, elə qonşu Türkiyədə də, tikintiyə yalnız sertifikatı olan ustalar götürülməsi xüsusi diqqət mərkəzindədir. Belə ki, Türkiyədə yaxın tezlikdə  səlahiyyət sənədi (sertifikatı) olmayan ustalar inşaatlarda işləyə bilməyəcəklər. Ölkənin Ətraf Mühit və Şəhərsalma Nazirliyindən verilən açıqlamaya  görə, keyfiyyətli və etibarlı binaların tikilməsi, bunun mütəxəssis olan insanlar  tərəfindən reallaşdırılması üçün işə başlanılıb. Tikinti ustaları bu işlər çərçivəsində 1 yanvar 2012-ci il tarixindən etibarən qeydə alınır. Qeydlərə görə, Türkiyədə 302 min "Müvəqqəti Ustalıq Səlahiyyət Sənədi" olan usta var. Ölkənin Abadlıq Qanununa görə, inşaat və təsisat işlərində səlahiyyət sənədi olmayan usta işlədilə bilməz. Ustalar nazirlik və ya əlaqədar idarələrə müraciət etdiyi təqdirdə onlara  "Müvəqqəti Ustalıq Səlahiyyət Sənədi" verilir. Bütün bunlarda əsas məqsəd inşaatda iş bacarığı və sənətkarlığı yüksək olan işçilərin çalışmasını təmin etməkdir. Belə vəziyyət isə öz növbəsində  mənzillərin keyfiyyət göstəricilərinin də yüksək olmasına rəvac verir. 

Bu mənada Azərbaycanda da  belə bir təcrübədən istifadəsi zəruri sayılır. 

"MBA LTD" konsaltinq şirktinin rəhbəri Nüsrət İbrahimov Movqe.az-a bildirib ki, bizdə sertifikat tələb olunmasa da, hər bir şəxs tikinti təhlükəsiziliyi haqqında öz ustasından və ya o sahədə çalışan müvafiq mühəndisdən təlimat alır: "Və  həmin tikintidə təlimat jurnalı təşkil olunur. O jurnala gündəlik, aylıq və illik qol çəkilir. Əmək Müfəttişliyi tikinti obyektinə gələndə onu yoxlayır. Gələcəkdə Azərbaycanda da sertifikat şərt kimi qoyula bilər.  Amma məsələyə baxmaq lazımdır. Əgər sertifikat təlimat jurnalından daha çox effekt verərsə, bu təcrübə bizdə də həyata keçirilə bilər". 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə isə deyib ki, əvvəlcə ölkədəki tikinti işçilərini sertifikatlaşdırmaq, sonra onlar arasında seçim etmək daha məqsəduyğundur: "Bu gün Azərbaycanda hər hansı şirkətin tikinti ilə məşğul olması üçün müvafiq lisenziyası olmalıdır. Amma təcrübədə ordakı ustaların, çalışan işçilərin sertifikatlaşması ilə bağlı bir şey yoxdur. Amma belə müvafiq sertifikata malik peşəkar işçilərin olması, bu təcrübənin bizdə də tətbiqi məqsədəuyğun olardı. Ən azından o zaman binaların təhlükəsizliyi ön plana çəkilmiş olardı. Bundan başqa, tək o yox, mən düşünürəm ki, bizim ustalarda beynəlxalq təcrübələrin olması, onlarla bağlı sertifikatların olması da yaxşı olardı. Bu gün bizdə bir çox hallarda iş zamanı bir sıra xarici korporativ şirkətlərlə əməkdaşlıq edir, onların işçilərini dəvət edirlər.  Bu, bir növ beynəlxalq təcrübənin Azərbaycanda tətbiq olunmasıdır. Amma bir yandan da, puulun xaricə axmasıdır. Bunun qarşısı alına bilər. O yolla ki, bizim ustalarımız, işçilərimiz xaricə göndərilə, müvafiq kurslardan keçə bilə, sertifikat ala bilərlər. Nəzərə alanda ki, bu gün Azərbaycan vətəndaşına verilən məvaciblə, əcnəbi ustaya verilə məvacib arasında 3-4 qat fərq var, bu vəsaiti sertifikat almış öz ustalarımıza da versək, pul da özümüzdə qalmış olar. Beləliklə, xaricə gedən pul axınının qarşısını almaq olar.  Əgər kadrların yetişdirilməsinə diqqət yetirilsə, bizim ustalarımız da ortaya beynəlxalq standartlara malik işlər qoya bilərlər. Bunun üçün ümid edək ki, işlər görülür. Növbəti illərdə, çox güman ki, daha yaxşı nəticələr görəcəyik.   Son illər ümumiyətlə, Azərbaycanda böyük layihələr həyata keçirilir. Bunlar hamısı onun göstəricisidir ki, bunlar bizim beynəlxalq təcrübəmizdə də öyrənilir. İndiyə kimi ehtiyac olmayıbsa da, bugünkü böyük layihələr onu  göstərir ki, doğurdan da belə mütəxəssislərə kadr potensialına tələbat var. Bunun üzərində işlər gedəcək və sertifikatı olan ustaların sayı çoxalandan sonra onlar arasında seçim etmək olacaq.  Seçim yaranacaq ki, məsələn, bazarda 100 işçi var, bunun 20-si sertifikatlıdır, 80-i sertifikatsız. Bu 80-ni də sertfiktalaşdıraq və işin daha mükəmməl olması üçün onlardan istifadə edək. Amma təəssüf ki, hazırda belə seçim yoxdur. Belə bir şəraitdə bu cür təkliflə çıxış etmək işi dayandırmaqla nəticələnə bilər. Bu baxımda, işi mərhələli şəkildə eləmək lazımdır. Əvvəlcə sertifikatlaşdırmaq, sonra seçmək.. "


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs