Əlaqə Arxiv
news Image
2014.06.19
10:46
| A A A
Müştərilərə çəkidə kələk gələnlər
Eyyub Hüseynov: «Bazarlar insanların ən çox aldadıldıqları yerlərdir» Əlməmməd Nuriyev: «Bazarlarda xüsusi nəzarət qrupları yaradılmalıdır»

Yolunu bazarlardan salanların böyük əksəriyyətinin  narazılığına yol açan hallardan biri də çəkidə aldanmaları ilə bağlıdır. Bir tərəfdən bazarlarda sanitariya qaydalarına kifayət qədər əməl olunmaması insanları bazardan uzaq salırsa, ikinci bir bəzi satıcıların çəkisilə bağlı müştəriləri aldatması hallarına hələ də rast gəlinir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a açıqlamasında problemin kökündə duran səbəbin qanunvericiliklə bağlı olduğunu deyib: "Bu, qanunvericilikdəki çatışmazlıqlarla bağlıdır. Çünki cəmiyyəti, dövləti  qanunlar idarə edir, insanlar yox. İstehlakçıların hüquqlarının pozulması qanunlar kompleksi və qanunların icrasına nəzarəti həyata keçirən dövlət orqanlarının fəaliyyətinin zəif olmasından irəli gəlir. Dövlətin birmənalı şəkildə biznesin inkişaf etdirilməsi  siyasəti var. Lakin biznesi də, digərlərini də saxlayan istehlakçıların mənafeyinin  qorunması siyasəti zəifdir. Bu, birinci məsələdir. 

İkincisi, Azərbaycanda məhsulların orta çəkisi təxminən 1 kq 800 qr həcmindədir. Bazarlar insanların ən çox aldadıldıqları yerlərdir. Bizdə nümunələr var ki, xüsusən rayon yerlərində tərəzinin gözünə çəki daşı əvəzinə daş-kəsək, hətta bəzi hallarda xiyar, badımcan da qoyurlar. Bu tərəvəzlər də ki səhər iri olur, gün ərzində solur, kiçilir. Bu da müştərini məcbur edir ki, cibində tərəzi gəzdirsin. Bu, o deməkdir ki, vətəndaş taksiyə minəndə  də gərək yolu hesablamaq üçün cihaz götürsün özüylə".

Eyyub Hüseynov bazarlarda nəzarət tərəzilərinin qoyulmasını zəruri sayır: "Təssüf ki bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ildə yalnız bir dəfə yoxlamalar keçirir. Və qoyulan tələblər  məcburi xarakter daşımır. Gərək tərəzi sahibləri özləri qeydiyyatdan keçsinlər, daşlar damğalansın, elektron tərəzilər yoxlansın və s. Ona görə də istehlakçıların aldadılması halları tez-tez  baş verir.  Xüsusən kənd təsərrüfatı yarmarkaları təşkil olunandan bəri bizə çoxsaylı şikayətlər gəlir. Gərək yarmarka, bazar və dükanlarda xüsusi nəzarət tərəziləri olsun. Lakin bunlara demək olar ki, heç yerdə rast gəlmək mümkün deyil".  

Hüquqşünas Əlməmməd Nuriyev də verdiyi açıqlamada məsələyə münasibət bildirdi. Hüquqşünas bazarlarda xüsusi nəzarət qruplarının yaradılmalı olduğunu deyir: "Çox təəssüf ki, istər bazarlarda, istər yarmarkalarda belə hallar müşahidə edilir. Hər şeydən əvvəl bu yarmarkaları təşkil edən qurumlar məsələ haqda ciddi düşünməlidirlər. Yaxşı olar ki, xüsusi nəzarət qrupları yaradılsın. Bu qrupların tərkibində də təkcə rəsmi nümayəndələr yox, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri də olsun. Bundan əlavə, gərək bazarlarda təsadüfi yoxlamalar keçirilsin. Bununla bazardakı real vəziyyəti öyrənmək olar.  Eyni zamanda İqtisadiyyat və Sənaye  Nazirliyinin müvafiq departamenti bu işə müəyyən qədər nəzarət həyata keçirə bilər. Çünki bu, birbaşa olaraq istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məsələdir".  

Onun sözlərinə görə, həm satıcılar, həm alıcılar arasında aparılan maarifləndirmə işləri də burada önəmli ropl oynayır: "Bununla yanaşı, həm satıcı, həm alıcılar arasında maarfləndirici bukletlər paylana bilər. Bununla insanları məlumatlandırmaq olar ki, çəkiylə bağlı aldatma baş verərsə, onları nələr gözləyir. Eyni zamanda həmin ərazilərdə lövhələr də vurula bilər ki, burda istehlakçı hüquqlarını əks etdirən məlumatlar olsun. Beləliklə, bir tərəfdən nəzarət tədbirlərinin həyata keçirilməsi, digər tərəfdən də maarifləndirmə işləri, düşünürəm ki, problemə son qoya bilər".

Qeyd edək ki, müştərini aldadan hər bir şəxs buna görə məsuliyyət daşıyır. Bununla bağlı həm  istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müddəalarda, həm İnzibati Xətalar Məcəlləsində və eyni zamanda  Cinayət Məcəlləsində də qeydlər var. 



 


Sizin Reklam Yeriniz