news Image
2014.06.20
11:30
| A A A
Yük avtomobillərinin yaratdığı problem davam edir
Ərşad Hüseynov: «Sürücü də, yükün sahibi, onu göndərən və qəbul edən də bilir ki, bu avtomobilin icazə verilən maksimum kütləsi var» Natiq Ələkbərov: «Yenə də qaydalar pozulursa, demək ki, bu istiqamətdə nəzarət artırılmalı, daha sərt olmalıdır»

Aparılan araşdırmalar yenə də belə bir həqiqəti üzə çıxarır ki, həddən artıq yüklənmiş yük maşınları yolları dağıtmağa davam edir. Problemin qarşısını almaq üçün atılan addımlar, görülən işlər istənilən nəticə vermir. Xüsusən gecə vaxtı yola çıxan yük maşınları həddən artıq yüklənməklə böyük həcmdə vəsait xərclənərək ərsəyə gələn avtomobil yollarının tez bir zamanda sıradan çıxmasına səbəb olur. 

Hüquqşünas Ərşad Hüseynov deyir ki, Nəqliyyat Nazirliyində yollara nəzarət edən xüsusi orqan var. Xaricdən xüsusi tərəzilər gətirilib. Tərəzilər avtomobilin xəbəri olmadan da onun çəkisinin normadan artıq olmasını müəyyənləşdirə bilər. Ərşad Hüseynov burda şirkətlərin də günahının  olduğunu deyir: "Əksər hallarda sürücü işinə görə sadəcə, əmək haqqı alır. Avtomobil isə hansısa şirkətə aid olur. Sürücü də, yükün sahibi, onu göndərən və qəbul edən də bilir ki, bu avtomobilin icazə verilən maksimum kütləsi var. Nazirlər Kabinetinin qərarı var ki, hər bir oxa görə maksimum nə qədər yük düşür. Yük parametrlərinin dəqiq meyarları, göstəriciləri var. Normadan artıq olanda yola çıxmaq olmaz. Bundan başqa, İnzibati Xətalar Məcəlləsində bununla bağlı kifayət qədər sərt cəza var. 1500 manat cərimə nəzərdə tutulur. Əgər təkrar törədilərsə, məsələ sürücülük vəsiqəsinin şəxsin əlindən alınmasına qədər gedə bilər ".

"Müstəqil Nəqliyyatçılar" ictimai birliyinin sədri Natiq Ələkbərov isə bildirdi ki, görülən işlərə rəğmən, yenə də qaydalar pozulursa, demək ki, bu istiqamətdə nəzarət artırılmalı, daha sərt olmalıdır: "Davamlı şəkildə ciddi nəzarət edilməlidir. Başqa yolu yoxdur". 

Xatırladaq ki, ağır tonnajlı yük maşınları nəzərdə tutulmuş, yəni icazə verilən normadan həddindən artıq yükləndiyindən və onların yük hissələri bağlı olmadığından oradan düşən qum, daş, çınqıl və sair inşaat materialları asfalt örtüyünü çirkləndirir, zədələyir. Yükü normadan artıq olan maşınların sürücüləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, cərimələnirlər. Yük hissəsi açıq olan maşınların sürücüləri də müəyyən məbləğdə cəriməyə məruz qalırlar.

Lakin indiki vəziyyət bir daha göstərir ki, ağır tonnajlı avtomobillər həqiqətən də yolların tez sıradan çıxmasında müəyyən rol oynayır. Ən azından ona görə ki, avtomobil yolları layihələndirilərkən və inşa edilərkən müəyyən buraxıla bilən yükə hesablanır. Amma reallıqda məsələn, tikinti materialları, daş, sement, çınqıl və s. daşınmasına xidmət edən maşınlar o normaları gözləmir. Burda ağır çəkili avtomobillərdən başqa yol inşaatının texnologiyasına ciddi əməl olunması məsələsi müəyyən qədər sual doğuran bir məsələdir. Həm avtomobil yollarının inşaası zamanı texnologiyada buraxıla bilən qüsurlu məqamlar, həm də bəzən qüsurlu inşa olunan yollar ağır avtomobillərlə yüklənib daha tez dağılır. Bu isə dövləti də zərər salır. 




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs