news Image
2014.06.23
09:52
| A A A
Qarpız, yemiş indiki vaxtda zəhərlənmə risqini artırır
Adil Qeybulla: «Qarpız, yemiş kimi bitkilərdən indiki vaxtda istifadə zəhərlənmələrə gətirib çıxara bilər» İmran Abdullayev: «Biz xalqa müraciət edirik ki, ehtiyatlı olsunlar»

Mövsümü yetişmədən artıq bazarlarda, yol kənarlarında qarpız və yemiş satılır. Alıcısı da kifayət qədərdir. Lakin edilən rəsmi xəbərdarlığa görə, tərkibində gübrənin çox olduğuna görə orqanizmə verə biləcəyi zərər nəzərə alınaraq, əhaliyə hələ ki, bu məhsullardan uzaq durmaq məsləhət görülüb.  Gigiyena və Epidimiologiya mərəkəzi əhaliyə xəbərdarlıq edir ki, qarpız və yemiş alarkən diqqətli olun.  Alıcılar isə indiki vaxtda alınan qarpızlarda sululuğun üstünlük təşkil etdiyini və tez xarab olduğunu deyirlər. Yüksək miqdarda gübrələnmənin nəticəsində qarpız və yemişdə nitratın artıdığını deyən ekspertlər əhaliyə xəbərdarliq edir ki, xüsusilə iyun ayında qarpız və yemiş almaqdan çəkinsinlər. 

Həkim Adil Qeybulla Movqe.az-a açıqlamasında bildirib ki, qarpız, yemiş kimi bitkilərdən indiki vaxtda istifadə zəhərlənmələrə gətirib çıxara bilər: "Ümumiyyətlə, Günəş altında, açıq havada heç bir ərzaq məhsulunun saxlaması məsləhət görülmür. Hər bir ərzağın istehsalından, tədarükündən tutmuş, istehlakına qədər bütün dövriyyə prosesi, saxlanma qaydaları, utilizasiyası üçün konkret parametrlər var ki, bunlar ciddi şəkildə gözlənilməlidir. Bu parametrlər gözlənilmədikdə təbii ki, problemlər ortaya çıxacaq. Qida keyfiyyəti itər, çürüyə bilər, tərkibində mikroorqanizmlər baş qaldıra bilər ki, bu da orqanizm üçün zərərlidir. Nəzərə almalıyıq ki, qarpız-yemiş kimi bitkilər xüsusən akumilyasiya effektinə malik olan, yəni müxtəlif gübrələrin, digər zərərli maddələrin, pestisidlərin və s.  toplanma xüsusiyyəti yüksək olan bitkilərdir. Ona görə də bu meyvə və tərəvəzlərdən zəhərləmə halları daha çox baş verir. Xüsusən də indiki vaxtda gübrələrdən istehsalda daha çox istifadə olunduğu bir şəraitdə zərərli maddələrin tərəvəzlərin tərkibində toplanması daha çox baş verir ki, bu da hər bir şəxsin sağlamlığı üçün çox zərərlidir. Belə ki, bu, birbaşa zəhərlənməyə gətirib çıxara bilər. 

Sovet hakimiyyəti illərində bir müddət sağlamlığa təsiri baxımından pestisidlərdən istifadə tamamilə  qadağan olunmuşdu. İndi də bununla bağlı tədbirlər mütləq görülməlidir. Ümumdünya Səhiyyə Təşkilatının gigyena ilə bağlı qoyduğu konkret parametrlər, normativlər var ki, həmin göstəricilərdən kənara çıxılmamalıdır". 

Bu meyvə və tərəvəzlərdən geniş istifadə olunan yerlərdən biri də restoranlar, şadlıq sarayları, kafelərdir. Görəsən, bu məkanlarda qarpız, yemiş kimi məhsulların zəhərlənməyə yol aça biləcəyi nəzərə alınırmı? Təhlükəsizlik cəhətdən hansısa işlər görülürmü? Çünki belə yerlərdə bir qarpız onlarla insanı zəhərləyə bilər. 

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, bu cür yerlərdə təhlükəsizlik xüsusilə qorunmalıdır. Amma faktiki olaraq  hər restoran bunu eləmir. Şöbə müdiri Movqe.az-a açıqlamasında deyib ki, biz də şikayət yoxdursa, gedib o obyektlərdə yoxlanış apara bilmərik: "Qarpız, yemiş satılırsa, restoran da əlbəttə ki, alıb ondan istifadə edəcək". 

İmran Abdullayev yenə də əhaliyə ehtiyatlı olmağı məsləhət gördü: "Biz sadəcə olaraq, xalqa müraciət edirik ki, ehtiyatlı olsunlar. Vaxtından əvvəl bu məhsullardan istifadə məsləhət deyil. Çünki bu məhsulların tərkibində nitrat maddəsi çoxdur. Bu da zəhərlənmələrə yol aça bilər deyə,  istifadəsi məsləhət deyil". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs