Əlaqə Arxiv
news Image
2014.06.30
11:09
| A A A
Atraksionlarda təhlükəsizlik necə təmin edilir?!
Azər Allahverənov: «Təhlükəsizlik baxımından, atraksionlar hər gün yoxlanmalı, onlara xüsusi nəzarət edilməlidir» Nazim Məcidov: «Gündəlik, həftəlik, aylıq, illik yoxlanışlar hamısı da konkret olaraq kitabçalara qeyd olunur, məsul şəxslər də imzalayır»

İsti yay aylarında istirahət parklarına üz tutan insanların sayı artır. Xüsusən də uşaqların, yeniyetmələrin burda əsas əyləncə mənbələri müxtəlif atraksionlar, karusellərdir. Lakin əyləncə mənbəyi olan bu karusellər eyni zamanda insanlar üçün böyük təhlükə də yarada bilir. Bir müddət əvvəl Qobustanda baş verən bədbəxt hadisə hər kəsin yadındadır. Hadisə nəticəsində əylənmək üçün sinif yoldaşları ilə karuselə minən azyaşlı qız dünyasını dəyişdi. Onunla bərabər bir neçə uşaq isə xəsarət aldı. Bu hadisə parklarda atraksionların texniki təhlükəsizliyi məsələsini gündəmə gətirir. Xüsusən də, dediyimiz kimi, yay aylarında bunlara tələbatın artdığı bir zamanda. 

Ekspert Azər Allahverənov bildirir ki, təhlükəsizlik baxımından, atraksionlar hər gün yoxlanmalı, onlara xüsusi nəzarət edilməlidir:  "Hər bir atraksionun konkret rəhbərliyi var. Rəhbərliyin də ən vacib vəzifələrindən biri həmin atraksionların təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün konkret olaraq atraksionlarda təhlükəsizlik məsələlərinə nəzarət edən mütəxəssislər var. Onlar məhz həmin atraksionun işlək vəziyyətdə olarkən hansı təhlükələr yarada biləcəyi və həmin təhlükələrin qarşısını necə almaq kimi məsələlər üzərində işlər aparırlar. Bu və ya digər formada atraksionların təhlükəsizlik məsələlərini təmin edirlər. Bu, ideal mənada belədir. Konkret olaraq yay aylarında atraksionlardan daha çox istifadə olunur. Amma məsələ ondan ibarətdir ki, gündə bunlardan istifadə edən minlərlə insanın heç də hamsı o atraksionlardan təhlükəsizlik istifadə qaydaları haqda məlumatlı olmur. Belə məqamda öhdəlik rəhbərliyin üzərinə düşür. Onlar təhlükəsizlik məsələlərini bir neçə aydan bir yox, hər gün nəzarətdə saxlamalıdırlar. Bu texnikadır. İstənilən vəziyyətdə sıradan çıxa bilər. Elə bir vəziyyət yarana bilər ki, insanların bu qurğudan istifadəni düzgün həyata keçirməməsi nəticəsində həmin texnika, qurğu sıradan çıxa bilər. Nəticə etibarilə bunu hər gün nəzarətdə saxlamaq lazımdır. Hər gün yoxlanışlar keçirilməli, bütün qurğular sınaqdan keçirilməlidir. Yalnız bundan sonra insanların ixtiyarına verilməlidir. Bu birinci elementdir".

Ekspert insanların atraksionlardan təhlükəsiz şəkildə istifadə qaydaları haqqında məlumatlandırılmasını vacib amillərdən biri kimi vurğuladı:  "Digər element ora gələn insanların biliklərinin artırılması ilə bağlı ola bilər. Valideynlər uşaqlarını əylənməyə gətirərkən sadəcə olaraq, pulu ödəyib  həmin qurğudan istifadə edirlər. Lakin necə istifadə etməli, kəməri necə taxmalı, hansı düyməcikləri basmalı və s. əksərən bunu bilmirlər.  Nəticə etibarilə xoşagəlməz hallar yaşana, qəzalar baş verə bilər. Ona görə də atraksiondan istifadə edən insanlara minimum biliklər vermək lazımdır. Bunun üçün əhali arasında bukletlər, ya hansısa məlumat vərəqələri paylana bilər. Amma təssüflər olsun ki bunlar yoxdur. İnsanlar kortəbii şəkildə pullarını verməklə atraksiondan istifadə edirlər. Amma orda hansısa xoşagəlməz hadisə baş verəndə vəziyyət arzuolunmaz müstəvidə inkişaf edir. Beləliklə, bir tərəfdən təhlükəsizlik tədbirləri gücləndirilməli, digər tərəfdən insanlar maarifləndirilməlidir". 

Məlumdur ki, əhalinin istirahət üçün ən çox üz tutduğu məkan dənizkənarı parkdır. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov burda atraksionların texniki təhlükəsizliyi üçün aparılan işlər barədə Movqe.az-a məlumat verib: "Tələbatın çoxluğundan, azlığından asılı olmayaraq, qışın soyuğunda, çovğunda belə, atraksiondan bir nəfər istifadə etsə belə, onda da təhlükəsizlik tam ciddi riayət olunur, qorunur. 2008-ci ildə yeni Bulvar Idarəsi yarananda bütün köhnə atraksionlar hamısı ərazidən çıxarıldı və 2008-ci ildən bu vaxtda kimi əksəriyyəti təzədir. Əgər əvvəlki illərdən qalanı varsa da, onların da lazımi detalları dəyişdirilib, təzələnib. Bulvar İdarəsinin sahibkarlara tələbi ondan ibarətdir ki, onların hər birində işləyən insanların arasında ən azından bir nəfər karusellər istifadəyə verilməmişdən qabaq gündəlik yoxlanış aparsın, təhlükəli olan detallara gün ərzində daimi nəzarət etsin. Gündəlik, həftəlik, aylıq, illik yoxlanışlar hamısı da konkret olaraq kitabçalara qeyd olunur, məsul şəxslər də imzalayır. 

Bundan əlavə FHN-in bu cür qurğulara nəzarət şöbəsi var. Onlara nəzarət edən əməkdaşlar daim yoxlamalar keçirirlər. Hər dəfə yoxlayarkən yoxlanma tarixi haqda sertifikat verirlər. Növbəti yoxlamanın tarixini də qabaqcadan təyin edirlər. Olur ki, hansısa qurğuda gələcəkdə təhlükə yarada biləcək detal olsun. Elə qurğuların fəaliyyəti 1 həftə, 10 gün dayandırılır, təmir olunur. Yalnız bundan sonra əhalinin istifadəsinə verilir. Çox sevindirici haldır ki, 2008-ci ildən bu günə qədər qeyri-adi, xoşagəlməz, zədə verəsi bir hal olmayıb". 

Nazim Məcidov qeyd edib ki,  parkda atraksionların özündən əlavə, hər bir oturacaq yeri sığortalanıb: "Əgər hər hansı oturacaqda oturan şəxs xəsarət alarsa, bulvar idarəsinin "Alfa" sığort şirkəti ilə müqaviləsinə əsasən , həmin adama dəyən zərərə görə, lazımi yardım dövlət tərəfindən göstərilə bilər. Bu, müsbət haldır. Amma biz arzu edək ki, buna heç ehtiyac olmasın. 

Əslində, təhlükə qətiyyən gözənilmir də demək olmaz. Təhlükə hər zaman, hər yerdə, hər kəsi gözləyə bilir. Amma insanlar çalışmalıdır ki, bunun qarşısını alsınlar. Ən müasir texnikalarda da xoşagəlməz hallar ola bilər. Lakin olmaması üçün gərək rəhbərlik ciddi şəkildə çalışsın. Bulvarda indiyə kimi belə bir bədbəxt hadisə baş verməyib. Amma biz çalışırıq ki, gələcəkdə də belə təhlükələrdən uzaq olaq".  



Sizin Reklam Yeriniz