Əlaqə Arxiv
news Image
2014.06.30
11:44
| A A A
Ali məktəb məzunlarının iş problemi
Vüqar Bayramov: «Bu, onunla bağlıdır ki, Azərbaycanda ixtisasların iş yerlərinin sayına uyğunlaşdırılması tətbiq olunmur» Sahib Məmmədov: «Gənclərin işsiz qalmasının səbəbi universitetlərdə onlara kifayət qədər praktika keçilməməsidir»

Bu günlərdə verdiyi açıqlamada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  Azərbaycanda gənclərin məşğulluq məsələsi ilə bağlı maraqlı məqamlara toxunub.  Nazir bildirib ki, bu gün ölkədə 40% ali təhsilli gəncə əmək bazarında yer yoxdur. "Əsasən 25-29 yaş arası gənclərə tələbat vardır, lakin 25 yaşdan aşağı gənclərin işə düzəlməsi müəyyən çətinliklərlə üzləşir". Ekspertlər Movqe.az-a açıqlamalarında ölkədə mövcud bu şəraiti şərtləndirən səbəblər, həll yolları haqda danışıblar. 

İqtisadi və Sosial İnkişaf Mərkəsinin rəhbəri Vüqar Bayramov ali məktəbi yeni bitirən gənclərin işsiz qalmasının əsasə səbəblərindən biri kimi, Azərbaycanda məzunların sayının iş yerlərinin sayından çox olmasını göstərir: "Adətən, yüksək ixtisaslı, yaxşı universitetlərdə təhsil almış gənclər iş tapmaqla bağlı ciddi problem yaşamırlar. Amma nəzərə alaq ki, bu gün ali məktəblərdə təhsil alan gənclərin sayı həddən artıq çoxdur və bu məzunların qeyd olunduğu kimi, çox təəssüf ki, heç də hamısı işlə təmin edilə bilmir. Bu, onunla bağlıdır ki,  Azərbaycanda ixtisasların iş yerlərinin sayına uyğunlaşdırılması tətbiq olunmur. Məzunların sayı iş yerlərinin sayından çox olduğu üçün gənclər iş tapmaqda çətinlik çəkirlər". 

İqtisadçı bildirib ki, digər tərəfdən ölkəmizdə problem təhsilin keyfiyyəti ilə bağlıdır: "Əksər yerli ali məktəblərdə təhsilin keyfiyyətinin ürəkaçan olmaması orada oxuyan gənclərin məzun olduqdan sonra qısa zamanda işlə təmin olunmasına mane olur. Üçüncü tərəfdən isə, biznes sahibləri adətən daha təcrübəli şəxslərə üstünlük verirlər ki, bunlar da adətən 25 yaşdan yuxarı şəxslər olurlar. O baxımdan bu, yeni məzun olan gənclərin işlə təmin olunmasında müəyyən problemlər yaradır".

Ekspert hesab edir ki, problemin həlli yolu birbaşa olaraq təhsilin keyfiyyətinin artırılmasıdır: "Təhsilin keyfiyyətinin artırılması, universitetlərdə daha yüksək keyfiyyətli məzunların hazırlanması imkan verəcək ki, onlar universiteti bitirdikdən sonra qısa zamanda iş tapa bilsinlər. Ən əhəmiyyətli məqamlardan biri də təhsil alan zaman tələbələrin ixtisasları ilə bağlı praktikadan keçməmələridir. Halbuki, bu, olduqca önəmlidir. Çox təəssüf ki, Azərbaycanda təhsil müəssisələrinin əksəriyyətində praktikaya ciddi yanaşılmır. Təhsil alan gənclərin praktika keçməmələri  onların universiteti bitirənədək peşəkarlaşmasına imkan vermir. O baxımdan praktika müddətinin genişləndirilməsinə və ciddi şəkildə tətbiqinə ehtiyac var ki, gənclər univeristeti bitirəndən sonra işlə təmin oluna bilsinlər". 

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov da məsələ ilə bağlı münasibət bildirib. Onun sözlərinə görə, gənclərin işsiz qalmasının səbəbi universitetlərdə onlara kifayət qədər praktika keçilməməsidir: "Məsələ ondan ibarətdir ki, bu gün Azərbaycanda gənclərin əmək bazarına çıxış imkanları çox böyük problemdir. Səbəb isə odur ki, Azərbaycan təhsilinin praktika ilə əlaqəsinin olmaması ona gətirib çıxarır ki, işə götürənlər diplom almış məzunlara təcrübəsiz, işi bacarmayan subyektlər kimi baxırlar. Yəni bir nömrəli problem təhsilin keyfiyyəti ilə bağlıdır. İşə götürənlər bizim universitetlərə güvənmirlər. Məsələn, deyəndə ki, Harvard Universitetini bitirmişəm, onda heç bir sual vermədən işə qəbul edərlər. Həm də yüksək maaşla. Çünki xarici universitetlərə güvən var. Amma bizim universiteti bitirən gəclərdən söhbət gedirsə, işə götürən əmin deyil ki, bu işçi sabah onun işini görə biləcək, ya yox. Çünki belə gənci işə götürəndə onu öyrədir, işçi formasına gətirir, sonra  o çıxıb başqa işə gedir. Ona görə də işə götürən işçiyə onun təcrübəsi üçün artıq xərc çəkmək istəmir. Əsas problem burdan qaynaqlanır". 

İkinci tərəfdən gənclərin işsiz qalmasının bir səbəbi də Azərbaycanda peşə təhsili sisteminin bərbad vəziyyətdə olmasıdır: "Vacib deyil ki, hamı ali təhsil alsın. Peşə təhsili alıb yaxşı ixtisaslı fəhlə kimi yetişən gənclər çox  azdır". 


Sizin Reklam Yeriniz