news Image
2012.07.06
11:14
| A A A
Azərbaycanlı mütəxəssisdən qorxunc zəlzələ iddiası
Azərbaycanda zəlzələ zonaları ilə bağlı tədqiqatların aparılmasında beynəlxalq əməkdaşlıqdan istifadə ediləcək. Bu barədə məlumatı "Mərkəz"ə müsahibəsində AMEA-nın Seysmik Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli verib. Onun sözlərinə görə, artıq Yaponiya ilə belə bir ortaq layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu ilin avqustunda Yaponiya tərəfinə layihə təqdim ediləcək və yaponlar ilin sonuna kimi layihə barədə fikirlərini bildirəcəklər. Yaponiya tərəfindən maliyyələşdiriləcək layihə Bakının seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmasını nəzərdə tutur. Yeni xəritənin hazırlanmasına Seymoloji Xidmət Mərkəzi ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "Azərsu", hətta Təhsil Nazirliyi cəlb ediləcək. Q.Yetirmişli süni zəlzələ yaradılması məsələsinə də toxunaraq belə bir ehtimalın olmadığını vurğulayıb: "Süni zəlzələ daha çox nəzəri məsələdir. Təbii zəlzələ ilə süni zəlzələni bir-birindən ayırmaq çətin deyil. Zaqatalada zəlzələ baş verəndə həmin zəlzələnin süni olaraq törədildiyi barədə bəzi fikirlər səsləndirildi. Amma birmənalı olaraq demək olar ki, Zaqatala zəlzələsi süni olaraq törədilməyib. Hələ SSRİ zamanında süni zəlzələlər baş verib ki, bunlar da Qazaxıstanda yeraltı nüvə sınaqlarının keçirilməsinin təsirindən yaranıb".
Q.Yetirmişlinin sözlərinə görə, bu yaxınlarda dağıdıcı gücə malik zəlzələnin olması gözlənilmir. Zaqatala-Şəki zonasında aktivliyin hələ də qalmasına baxmayaraq yüksək ballı zəlzələnin olmayacağını deyən direktor son 6 ayda 8 minə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb. Onun sözlərindən aydın olub ki, hazırda zəlzələnin qeydə alınması ilə bağlı 31 stansiya fəaliyyət göstərir ki, şəbəkənin belə genişliyi bütün yeraltı təkanları qeydə almağa imkan verir.

10 ballıq zəlzələ zonası xəritədə niyə göstərilmir?
SXM-nin direktoru çoxdan həllini gözləyən bir məsələyə, ölkə üzrə seysmik rayonlaşdırma xəritəsinin yenidən hazırlanmasının vacibliyinə də diqqəti çəkib. Yeni xəritənin hazırlanmasının gündəmdə olduğunu, lakin bu işin geniş həcmli olması səbəbindən bir sıra qurumların birgə fəaliyyəti nəticəsində həllini tapacağını deyən Q.Yetirmişli bunun üçün böyük məbləğdə maliyyə vəsaitinin tələb edildiyini də qeyd edib. Məlumat üçün bildirək ki, hazırda istifadədə olan seysmik rayonlaşdırma xəritəsi əslində Sovet dönəmindən qalıb. 1988-ci ildə hazırlanan bu xəritə 1991-ci ildə dəyişiklik edilməklə yenidən istifadəyə verilib. Lakin dəyişiklik də o qədər böyük olmayıb. Sadəcə xəritədə zonalar üzrə aktivlik 1 bal artırılıb. Yəni 7 ballıq zona 8 bal, 8 ballıq zona isə 9 balla göstərilib. Həmin xəritəyə əsasən Azərbaycanda 10 ballıq zona yoxdur, halbuki tədqiqatlar ölkəmizdə 10 ballıq zonanın olduğunu göstərir. Şamaxı-İsmayıllı, Qəbələ zonası 10 ballıq ərazilər sayılır. Lənkəran zonası həmin xəritədə 8 ballıq zona kimi göstərilir, amma həmin ərazi 9 ballıq zəlzələ zonasında yerləşir. Aran zonası 8 ballıq zəlzələ zonasındadır. Naxçıvan ərazisi ilə bağlı əlavə tədqiqatlara ehtiyac var. Qarabağ ərazisində aktiv zəlzələ ocağı yoxdur. Bakı ilə bağlı əldə edilən seysmik nəticələr əvvəlki nəticələrə uyğun gəlir. Əvvəlki xəritədə də bu ərazi 8 ballıq zona kimi göstərilir. Bu 8 bal Xəzər dənizində, Abşerondan 50-60 km cənubdakı ocaq zonasından gələn seysmik təhlükədən yaranır. Buna görə də doğru olmayan seysmik rayonlaşdırma xəritəsinin yeniləşməsinə ehtiyac var.

"Azərbaycanda süni zəlzələ yaratmaq istəyən qüvvələr var"
Geofizika İnstitutunun professoru Kərim Kərimov da ölkəmizdə dağıdıcı zəlzələnin hələlik gözlənilmədiyi barədə fikirləri bölüşür. "Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilmir. Ümumiyyətlə, dünyada seysmik aktivliyi ilə seçilən ölkələrdə zəlzələlərin sayı, gücü, dağıdıcılıq qüvvəsi artır. O cümlədən də ölkəmizdə son zamanlar zəlzələlərin sayının artması bu prosesin tərkib hissəsidir. Amma bu o demək deyil ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələ olacaq". Alimin sözlərinə görə, Azərbaycan aktiv zona olduğundan zəlzələlərin olması təbiidir: "Yer də insanlar kimidir, o da yaşayır. Zəlzələ yerdə baş verən proses kimi həmişə Azərbaycanda müşahidə ediləcək, ancaq yaxın zamanlarda dağıdıcı zəlzələ gözlənilmir". Ölkəmizdə süni zəlzələ yaratmaq istəyən qüvvələrin olmasını da istisna etməyən K.Kərimov bunun reallaşmasının qeyri-mümkün hesab etdiyini də vurğulayıb. Alimin sözlərinə görə, süni zəlzələ yaratmaq mümkündür, amma bu zaman həmin zəlzələnin yaradılacağı ölkənin relyefi də əlverişli olmalıdır: "1991-1992-ci illərdə ermənilər Azərbaycana qarşı təxribat həyata keçirmək niyyətində idilər və bunu Mingəçevir su anbarında partlayış törədərək bəndləri yarmaq və ətraf ərazini su altında qoymaqla etmək istəyirdilər. Amma bu təxribatlarını həyata keçirə bilmədilər. İndi də Azərbaycanda süni zəlzələ yaratmaq istəyən qüvvələr ola bilər, amma ölkəmizin iqtisadi gücü onların bu niyyətini həyata keçirməsinin qarşısını almağa yetərlidir". Onu da qeyd edək ki, hələ 2000-ci ildə Bakıda baş verən zəlzələnin də süni olaraq törədildiyi barədə məlumatlar səsləndirilirdi. Bəzi ölkələrdə süni zəlzələ törətmək üçün tektonik silahların olduğu bildirilsə də, hərbi ekspertlərin qənaətinə görə, bu silahlardan istifadə o qədər də asan məsələ deyil. Məsələ burasındadır ki, ən güclü dövlətlər belə süni zəlzələ yaratmağa qadir tektonik silahlara malik olduqlarını bəyan etmirlər.

250 min dollarlıq ixtira niyə tətbiq olunmur?
Zəlzələnin baş verəcəyini əvvəlcədən öyrənməklə bağlı ixtiranın müəllifi olduğunu deyən K.Kərimov bu ixtiranın tətbiqi üçün 250 min dollar lazım olduğunu deyir: "Zəlzələnin baş verə biləcəyini MTL stansiyası vasitəsilə qabaqcadan müəyyənləşdirmək mümkündür. MTL əslində geologiyaya aid bir cihazdır və yerin təkini, quruluşunu, Azərbaycanda xüsusən də mezazoy çöküntülərinin tektonikasını öyrənmək üçün istifadə olunur. Zəlzələnin baş verəcəyini qabaqcadan öyrənmək üçün Azərbaycan ərazisində 3 stansiya tikilməli olduğunu deyən alim bu stansiyalar vasitəsilə elektromaqnit sahədə gedən prosesləri lentə alıb zəlzələnin baş verəcəyindən xəbər verməyin mümkün olduğunu deyib. Hətta onu da iddia edib ki, ixtira 2-3 saat əvvəl 5, 6 bal gücündən artıq zəlzələnin baş verə biləcəyi barədə məlumat toplamağa qadirdir. Artıq bu ixtira Standartlaşdırma, Metrologiya və Patent Agentliyi və "Avrasiya" Patent Agentliyi tərəfindən qeydiyyata alınıb. O ki qaldı ixtiranın təcrübədə tətbiqinə, K.Kərimov bunun qarşısını almaq istəyən qüvvələrin olduğunu vurğulayıb.

Zəlzələnin insan psixologiyasına təsiri
Zəlzələ barədə söhbət düşəndə bu təbii fəlakətin insan psixologiyasına təsiri xüsusi olaraq vurğulanır. Məsələn, Yaponiyada baş verən zəlzələ və sunami fəlakəti insanların psixologiyasına mənfi təsirini bu ölkədə intiharların artması açıq-aşkar göstərdi. Zəlzələdən sonrakı bir ildə 30 min nəfər intihar etdi ki, hökumət fəlakətdən sonra ölkədə psixologiyası pozulan insanların sayının artdığını açıqladı. Rəsmi açıqlamaya əsasən, intiharların sayının 20 faiz artdığı bildirildi və mütəxəssislər bunu zəlzələdən sonra cəmiyyətdə ortaya çıxan narahatlıq atmosferi ilə izah etdilər. Dəhşətli faktlardan biri də o idi ki, zəlzələdən sonra intihar edənlərin sayı fəlakətdə ölənlərin sayından çox idi. Əgər zəlzələdə 19 min nəfər ölmüşdüsə, həyatına özü son verənlərin sayı bundan 11 min nəfər çox olmuşdu. Buna görə də ölkələr təbii fəlakətlərin insan psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün psixoloq yardımından istifadəni vacib sayır. Qurban Yetirmişli də ölkəmizdə bu məsələyə diqqət yetirilməsinin mümkünlüyünə diqqəti çəkib: "Zaqatala zəlzələsində FHN-nin əməkdaşları ilə kəndləri bir-bir gəzərək insanlarla söhbət apardıq. Gecə saat 3-ə qədər davam edən bu söhbətlərin nəticəsini də gördük. İnsanlar artıq qorxmurdular və zəlzələnin insan itkisi olmadan ötüşməsini hər şeydən üstün tuturdular. İnsan psixologiyasını bilən mütəxəssislərin bu işə cəlb edilməsi əsasdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs