news Image
2014.07.11
10:14
| A A A
Meşələrə qənim kəsilənlər
Sadiq Salmanov: «Qanunsuz ağackəsmə halları 2.5 dəfə azaldılıb və 20 min kubmetr civarındadır»

Son illər ölkədə sosial infrastrukturun yaradılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən sayılan qazlaşdırmanın səviyyəsi getdikcə yüksəlir.Bu sahədə dövlət siyasətini həyata keçirən ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarında geniş miqyaslı tədbirlər həyata keçirir. Bu məqsədlə yeni qaz xətləri çəkilir,  lazımi infrastruktur yaradılır, təmir-bərpa işləri getdikcə intensivləşir. Məhz bunun nəticəsidir ki, artıq bir neçə ildir ki, ölkəmizin hətta ucqar dağ kəndlərində yaşayan sakinlərin mənzillərində belə, "mavi yanacaq" şölələnir. Lakin o da faktdır ki, hələ də qazlaşdırılmamış kəndlər var. Bu kəndlərdə isə yanacaq tədarükü məqsədilə  meşə zolaqlarında ağacların qırılması hallarına rast gəlinir. İnsanlar qışda qızınmaq üçün indidən odun tədarükü toplayırlar.  Bu isə  meşələrin qırılması ilə müşayiət olunur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov Movqe.az-a nazirlik tərəfindən bu hallara qarşı aparılan mübarizə tədbirləri haqda məlumat verib: " Bu gün ölkə ərazisinin 80%-i təbii qazla təmin olunub. Qalan 20% isə dağ regionlarına aiddir. Lakin bununla yanaşı nazirlik tərəfindən hər il qurumuş, xəstə, inkişafdan qalmış ağacların, eyni zamanda meşələrin tör-töküntüdən təmizlənməsi hesabına əhaliyə 45-50 min kubmetr oduncaq verilməsi nəzərdə tutulub.  Bu da əsasən qış mövsümündə təhsil və səhiyyə ocaqlarının, hərbi hissələrin qızdırılması üçün nəzərədə tutulur. Eyni zamanda əhalinin istifadəsinə də verilir". 

Sektor müdiri əvvəlki illərə nisbətən ölkmizdə ağackəsmə hallarının azaldığını bildirib: "Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldığı gündən meşələrin qorunub-mühafizə olunması istiqamətində ciddi və qəti tədbirlər həyata keçirir. Təsadüfi deyil  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarananda ildə 49-50 min kubmetrə yaxın qanunsuz ağackəsmə halları baş verirdi. Hazırda isə bu rəqəm 2.5 dəfə azaldılıb və 20 min kubmetr civarındadır. Bu da onun nəticəsidir ki, respublikaya ağac və ağac məhsullarının idxalı artıb".

Sadiq Salmanov ağac kəsməyə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri  haqda da məlumat verib: "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq 636 saylı qərarına əsasən, əgər ağac kəsən şəxs, təqsirkar məlumdursa, şəxsə qarşı cərimə tədbiri görülüb. Cərimələr də ağacın cinsindən, kateqoriyasından asılı olaraq dəyişir. Cərimələrin miqdarı 100 manatdan başlayır, 30-40 min manata qədər, hətta daha çox ola bilir. Təbii ki, bu rəqəm  kəsilən ağacın sayından, hansı kateqoriyaya aid olmasından, cinsindən və s. asılıdır".   

Meşələrin ekoloji baxımdan rolu isə kifayət qədər böyük və əhəmiyyətlidir. Tarixi qaynaqlar 9-cu əsrdə indiki Azərbaycan ərazisinin 35 faizinin meşəlik olduğunu xəbər verir. İndi ölkə ərazisinin cəmi 11.8 faizi meşəlikdir. Beləcə, Azərbaycan da azmeşəli ölkələr cərgəsinə qoşulub. Hazırda  Azərbaycanda adambaşına 0.12 ha meşə sahəsi düşür və bu rəqəmin dünyanın minimum göstəricisindən 4 dəfə azdır. On uda qeyd edək ki, meşələr düzləri, çölləri küləkdən, seldən qoruyur, suyu torpağa hopdurur, bununla torpaqda su ehtiyatı yaradır. Ağaclar torpaq sürüşməsinin, su qıtlığının da qarşısını alır. Azərbaycanda meşələrin bərpası və meşə zolaqlarının azalmasının qarşısını almaq üçün dövlət səviyyəsində iş görülür. 2014-cü ilin dövlət büdcəsindən yeni meşə massivlərinin salınmasına 11.7 milyon manat vəsait ayrılıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs