news Image
2014.07.14
11:53
| A A A
Dərman istehsalında bitkilərimizdən hələ də istifadə olunmur

Azərbaycanda dərmana tələbat bilindiyi kimi, hələ də əsas etibarı ilə idxal hesabına ödənilir. Halbuki, yerli dərman istehsalı reallaşarsa, bu, qiymətlərin də aşağı düşməsinə və istehlakçılar üçün sərfəli olmasına gətirib çıxarar. 

Şəmsiyyə Namazova: "Azərbaycanın kifayət qədər zəngin qiymətli bitki örtüyü var və hamısından dəyərli dərman preparatları hazırlamaq olar"

Tibb sahəsi üzrə ekspert Şəmsiyyə Namazova deyir ki, Azərbaycanın kifayət qədər zəngin qiymətli bitki örtüyü var: "Hamısından dəyərli dərman preparatları hazırlamaq olar. Sadəcə olaraq, bu sahə geniş profilli bir sahədir. Mərhələli şəkildə bir çox işlərin görülməsinə ehtiyac var.  Əvvəla, bitkilərin toplanması, onların hazırlanması üsullarını bilən, dərmanların saxlanma qaydalarını və buna aid bütün detalları yaxşı tətbiq edə biləcək mütəxəssislər lazımdır. İkinci tərəfdən, bu gün ölkəmizdə dərman zavodları, fabrikləri yoxdur. Bu sahəyə maliyyə yatırılmalıdır ki, belə yerlər tikilsin. Ən son texnoloji avadanlıqlardan istifadə olunmalıdır. Dərman hazırlayarkən söhbət insan həyatını xilas etməkdən gedir. Ona görə də həddən artıq çoxsaylı şərtlər var bu prosesdə. Geniş, əhatəli bir sahə olduğundan, burda gigiyeniklərdən tutmuş, mikrobioloqların, ayrı-ayrı həkimlərin, əczaçıların, tibb sahəsi üzrə alimlərin birgə əməyi lazımdır". 

Ekspert dərman istehsalında təbii otlarla müalicə edən insanların əməyindən istifadə etməyi təklif edir: "Təbii otlarla müalicə edən insanlar ki var, onlar bitkilərin xüsusiyyətlərini yaxşı bilirlər. Şərait yaratmaq olar ki, onlar bu işi daha sistemli görsünlər. Çünki bu gün təbii dərmanlar kimyəvi dərmanlara nisbətən bir qədər kölgədə qalıb. Bu sahəni inkişaf etdirmək lazımdır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadi tədqiqatçısı Fərhad Bayramov da məsələyə münasibətini bildirdi: "Ümumiyyətlə, səhiyyə məsələsi sosial siyasətin önəmli bir hissəsini təşkil edir. Dolayısı ilə bu sektor nisbətən daha həssasdır. Nəzərə alsaq ki, icbari tibbi sığortanın tətbiq edilməməsi ayrıca bir problemdir, o zaman bu məsələnin nə qədər dərin olduğu aydınlaşar". 

İqtisadçının sözlərinə görə, Azərbaycanda dərman istehsalının təşkil edilməsi yaxın və orta gələcək üçün gözlənilən deyil: "Bunun səbəbləri müxtəlifdir. İlk öncə dərman istehsalı üçün maddi texniki bazanın olmaması və eyni zamanda da kadr potensialının zəif olması hələ ki, dərman istehsalı ilə bağlı məsələni gündəmdən uzaq tutmaqdadır. Digər tərəfdən idxal olunan dərmanların baha olması da əslində, normaldır. Lakin belə bahalı dərmanların yerini alternativ olaraq yerli istehsalla əvəz etmək düşünülməsi çətin bir sualdır. Belə məsələnin həlli üçün istisnasız olaraq icbari tibbi sığortanın tətbiq edilməsi zəruridir. Xarici təcrübədə əhali aylıq gəlirinin 30 faizə qədərini tibbi xərclərə ayırdığı halda bizdə bu rəqəm çox simvolikdir. Doğrudur, minimum əmək haqqı ilbəil artırılsa da, bu kifayət etmir ki, səhiyyə sistemində problemlərin əsas hissəsi həll edilsin". 

F.Bayramov sosial-tibbi islahatlar paketinin hazırlanmasını təklif edir: "Biz təklif edərdik ki, hər hansı bir sosial-tibbi islahatlar paketi hazırlansın və tətbiq edilsin. İstənilən halda Azərbaycanda səhiyyə sahəsində islahatlara çox ciddi şəkildə ehtiyac duyulur". İstənilən halda isə dərman sənayesinin inkişaf etdirilməsi vacib sayılır. Xüsusən də qeyd olunduğu kimi Azərbaycanın kifayət qədər zəngin qiymətli bitki örtüyü var və onların hamısından dəyərli dərman preparatları hazırlamaq olar. Qeyd etmək lazımdır ki, bitkilərdən hazırlanan dərmanlar heç vaxt fəsad törətmir. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edilməsi vacib sayılır. 

Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin olması ilə əlaqədardır. Respublikamızın florasında xalq təbabətində işlənən 800-ə qədər dərman bitkisi aşkara çıxarılıb. Lain onların sənaye üsulu ilə istehsalı da olduqca mühümdür. Hər halda aidiyyatı qurumların artıq bu məsələyə daha çox diqqət ayırmasının vaxtı çatıb. 


 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs