Əlaqə Arxiv
news Image
2014.07.17
08:03
| A A A
Mənzillərin özəlləşməsi üçün vaxt limiti müəyyən oluna bilər
Vüqar Bayramov: “Mənzillərin özəlləşdirilməsi üçün müəyyən vaxtın verilməsi məqsədəuyğundur” Rəcəb İmanov: “Burada söhbət yalnız Sovet dövründən qalmış koorperativ müəssisələrin nəzdində olan binalardan gedə bilər”

Rusiya mənzillərin özəlləşdirilməsi prosesinə yenilik etməyi düşünür. Bundan sonra Federasiyada mənzillərin özəlləşdirilməsi üçün konkret vaxt veriləcək. Həmin müddət ərzində vətəndaş mənzilini çox kiçik məbləğ ödəməklə özəlləşdirə bilər. Ancaq göstərilən müddət bitdikdən sonra özəlləşmə məbləği artırılacaq. Şərtlərdən də hiss olunur ki, rəsmi Moskva mənzillərin məcburi özəlləşməsində maraqlıdır. Ölkəmizdə də kifayət qədər özəlləşməmiş evlərin olduğunu nəzərə alsaq, analoji təcrübənin tətbiqi məqbul görünür. Xatırladaq ki, hazırki "Mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna əsasən, mənzillərin özəlləşdirilməsi tam könüllü xarakter daşıyır. Ancaq mütəxəssislər vaxt məsələsi ilə razılaşsalar da, sonradan özəlləşmə məbləğinin artırılmasını bizim üçün məqsədəuyğun hesab etmirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, artıq Bakıda evlərin əhəmiyyətli hissəsi özəlləşdirilib: "Qanunvericiliyə əsasən, mənzillərin özəlləşdirilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən aparılır. Mənzillərin özəlləşdirilməsi üçün müəyyən vaxtın verilməsi məqsədəuyğundur. Ancaq həmin müddətdə özəlləşdirilməyən evlər üçün sonradan özəlləşmə məbləğinin artırılması arzuedilən deyil. Çünki, bu, insanların sosial vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər. Hətta həmin mənzillər daha sonra sosial mənzil statusu almaq təhlükəsi ilə üz-üzə qala bilərlər. Sosial evlər isə sahibkarların yerli icra hakimiyyəti orqanlarına təqdim etdiyi mənzillərdir. Yaxud da digər tərəfdən sosial mənzillər dövlət büdcəsi hesabına inşa edilən binalarda olan mənzillərdir. Ona görə də verilmiş müddətdən sonra özəlləşmə məbləğinin getdikcə artması mülkiyyət hüquqlarının pozulması baxımından arzuedilən deyil. Əgər həmin müddətdə mənzillər özəlləşdirilməzsə, əlavə vaxtın verilməsi daha düzgün olardı".

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov isə bildirir ki, Bakıda son dövrlər tikilən mənzillər özəl şirkətlər tərərəfindən özəl mülkiyyət kimi satılır: "Burada söhbət yalnız Sovet dövründən qalmış koorperativ müəssisələrin nəzdində olan binalardan gedə bilər. Özəlləşmə məsələsində vaxt verilməsi düzgündür. Amma həmin müddətdən sonra özəlləşmə qiymətinin artması məqsədyönlü deyil. Burada başqa məsələ var. Hazırki dövr üçün həmin binaların özəlləşdirilməsi məsələsinin bəzi hissəsi açıq qalır. Burada bir sıra problemlər ola bilər. Bunlardan başlıcası odur ki, hazırda koorperativlərin nəzdində olan binaların bəzisində məcburi köçkünlər yaşayır. Qalan binalar isə özü özəlləşdirilib. Hətta belə hallar da olur ki, 30 mənzilli binada sakinlərin bəziləri öz adına sənəd ala bilib, digəriləri isə yox. Yaxud da bu gün həmin koorperativ fəaliyyət göstərmir. Sadəcə, onun binaları qalıb. Bu məsələdə üstünlük də elə həmin koorperativ bianaların sakinlərinə verilməlidir. Burada problem ondan ibarət olacaq ki, məcburi köçkünlər yaşayan evlər başqa insanların adınadır. Bu məsələnin həlli də odur ki, Bakı və onun ətrafında məcburi köçkünlər üçün yaşayış məskənləri salınıb. Məcburi köçkünləri yeni yaşayış məskənlərində mənzillə təmin etməklə, ev saihblərinin hüquqlarını təmin etmək mümkündür. Hansı ki, bir insan hansısa koorperativ müəssisələrdə əmək fəaliyyəti göstərib, ev növbəsinə durub və onu əldə edib. Sonradan hansısa səbəblərdən həmin koorperativ dağılıbsa, evi öz adına sənədləşdirə bilməyibsə, bu, vətəndaşların hüquqlarının pozulmasıdır. Əgər özəlləşdirmə aparılacaqsa, ilk növbədə həmin vətəndaşlara üstünlük verilməlidir. Bunun başqa yolu da yoxdur".

Sizin Reklam Yeriniz