news Image
2014.07.18
07:18
| A A A
Soydaşlarımız Ukraynadan Rusiyaya köç edir
Azər Allahverənov: “Separatçıların tutduqları şəhərlərdə azərbaycanlılara qarşı çox vəhşi münasibət göstərilir” İlqar Altay: “Rusiya ilə əlaqələri olanlar bu ölkəyə üz tutacaqlar”

Ukraynanın şərqində davam edən antiterror əməliyyatları ordan köç edənlərin sayını da artırmaqdadır. Qeyri-rəsmi rəqəmlərə görə, bugünə qədər döyüşlərə görə Ukraynanı tərk edənlərin sayı 40 mindən yuxarıdır. Onlar arasında azərbaycanlılar da var. Ancaq soydaşlarımızın axını tək Azərbaycana yox, həm də Rusiya istiqamətindədir. Ekspertlərin fikrincə, bundan sonra vəziyyətin necə olacağı isə hərbi əməliyyatların nəticəsindən asılıdır.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, azərbaycanlıların hansı istiqamətdə köçünə proqnozu Ukraynanın şərqində gedən hərbi əməliyyatların nəticəsindən asılı olaraq vermək olacaq: "Burada əsasən 3 istiqaməti təxmin etmək olar. Birincisi, azərbaycanlılar hərbi əməliyyatlardan yayınmaq üçün Ukrayanın digər əyalətlərinə köçə bilər. Bu da əməliyyatlar gedən ərazilərin kimin nəzarətində olacağından asılıdır. Ərazilər əgər Ukrayna ordusunun nəzarətində olacaqsa, deməli, soydaşlarımızın böyük ehtimalla Ukrayna əyalətinə köçü baş verə bilər. Əgər hərbi əməliyyatlarda nəzarət separatçıların əlinə keçərsə, Rusiyanın müxtəlif vilayətlərinə köç ola bilər. Üçüncü istiqamət isə təbii ki, Azərbaycandır".

Ekspert bildirdi ki, bu gün həmin ərazidən Rusiyaya xeyli sayda qaçqın düşmüş insanlar var: "Onların bir hissəsi Tatrıstanda yerləşdirilib. Köç edən insanların etnik mənsubiyyəti barədə heç bir mənbədə məlumat yoxdur. Amma onların böyük əksəriyyətini rus olduğu bildirilir. Tatarısatan istiqamətində köçənlər arasında tatarlar da var, ancaq azərbaycanlıların olduğu göstərilmir. Slavyansk əhalisi hərbi əməliyyatlar gedən zaman şəhəri tərk etməmişdilər. Amma digər şəhərlərdə köçün baş verdiyi Rusiya mənbələrində öz əksini tapır. Bunların da bir qismi Rusiyanın əyalətlərinə, bir qismi isə Krıma köçüb. Bu gün artıq Krımda çox sayda Ukraynanın şərqindən gəlmiş insanlar var. Onları Krımın müxtəlif istirahət zonalarında yerləşdirirlər. Əksər qaçqınlar Krım istiqamətində yerləşdirilib. Ancaq hələlik Ukraynanın şərqindən Ukrayna istiqmətində güclü axın baş vermir. Çünki, hərbi əməliyyatların dairəsi o qədər sıxdır ki, insanların qərb istiqanmətdə çıxışı məhduddur. Ukraynın şərqi üzərində hökumətin nəzarəti tam bərpa olunduqda insanların böyük hissəsinin geri qayıdışı gözləniləndir. Separatçıların tutduqları şəhərlərdə azərbaycanlılara qarşı çox vəhşi münasibət göstərilir. Hücumlar daha çox biznes sahəsindəki insanlarımıza qarşı olur. Daha dəqiq informasiyanı almaq isə çətindir. Çünki, adətən bu tipli ərazilərdə ümumi mənzərinin konturları şahidlərin ifadələri əsasında cızılır".

İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirdi ki, Ukraynanın şərqində yaşayanlar əsasən rus mənşəli insanlardır: "Onlar daha çox köç edirlər. Həmin iki vilayətdə çoxsaylı azərbaycanlı yaşamır. Onlar da Azərbaycan və başqa ölkələrə köçə bilərlər. İndiki halda onların hara üz tutması vəziyyətdən asılıdır. Vaxtı ilə Rusiyadan Ukraynaya köçənlər və ya Rusiya ilə əlaqələri olanlar bu ölkəyə üz tutacaqlar. Çünki, azərbaycanlıların Rusiyada yaşaması elə də problem deyil. Amma əsas məsələ indiki çətin vəziyyətdə Azərbaycan dövlətinin onları qəbul etməsidir. Buna dövlətimizin imkanı var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs