Əlaqə Arxiv
news Image
2014.07.18
10:55
| A A A
Qida zənginləşdirilməsi gecikir
Şəmsiyyə Namazova: «Qida zənginləşdirilməsi bir sıra xəstəliklərin genişlənməsinin qarşısını ala bilər» Hadı Rəcəbli: «Hazırkı vəziyyətdə qida zənginləşdirilməsi ilə bağlı qanunun qəbulu Azərbaycanda gözlənilmir»

Uzun zamandır gündəmdə olan məsələlərdən biri də qidaların müxtəlif əlavələrlə zənginləşdirilməsidir. Ölkəmizdə bu istiqamətdə müəyyən addımların atılacağı bildirilsə də, hələlik hansısa yenilik yoxdur. Qeyd edək ki, sözügedən məsələ ərzaq məhsullarının, xüsusilə, duzun, unun, südün və şəkərin mikronutrientlərlə zənginləşdirilməsini, əhalinin sağlamlığının möhkəmlənməsini və xəstəliklərin profilaktikasını özündə  ehtiva edir. Məqsəd isə ekoloji və qida təhlükəsizliyinin təmin edilməsidir.  

Həkim-terapevt Şəmsiyyə Namazova son illər bütün dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların mənfi fəsadlarının yaşandığı bir şəraitdə qida zənginləşdirilməsini zəruri hesab edir. O, bununla bağlı Movqe.az-a açıqlamasında bildirib: "DNT və RNT-nin kəşfindən, insan genolayihəsinin tamamlanmasından sonra bütün dünyada genetik  modifikasiya  olunmuş ərzaqlar ortaya çıxdı. Bu da özünü istər meyvə, istər tərəvəzlərdə, müsbət tərəflərindən çox, mənfilikləri ilə göstərdi, insanların orqanizminə vurduğu zərbələrlə yadda qaldı. Müsbət tərəfi odur ki, genetik modifikasiya olunmuş meyvələr daha davamlı olur. Uzun müddət saxlanması, rənginin itməməsi, tərkibinin,  molekulyar-struktur quruluşunun uzun müddət qalması ilə nailiyyət əldə olundu.  Amma dediyim kimi, insan orqanizminə vurduğu zərbələrlə də yadda qaldı. Məsələn, illərlə çalışdılar ki, şimalda, mənfi 20 dərəcədə soyuq altında kartof yetişdirsinlər. Yetişdirdilər, amma o kartofun tərkibində elə yad zülallar əmələ gəldi ki, o, insan orqanizmində müalicəsi olmayan, qarşısı alına bilməyən xəstəliklərin yaranması ilə nəticələndi. Dünyada elm o qədər inkişaf edib ki, insan öz oxşarını, klonunu da yaratdı, nəinki meyvə-tərəvəzlərin". 

Həkim ekspert Azərbaycanda da GMO-ların mənfi fəsadlarının hiss olunduğunu deyir: "GMO məhsulların törətdiyi problemlər əlbəttə ki, Azərbaycan da yan ötmür. Çünki biz də dünyanın bir tərkib hissəsi olaraq istər-istəməz həmin məhsulları qəbul edirik. Bunun nəticəsidir ki, mən öz müşahidlərim əsasında deyərdim ki, ölkəmizdə alçaqboyluluq yaranıb.  Ucaboy gənc, yeniyetmə görmək çətinləşir. Eyni zamanda son vaxtlar şiş xəstəliklərinin genişlənməsində də, düşünürəm ki, bu qidaların rolu var. Sinir sistemində yaranan problemlər, uşaqlarda cinsi yetişkənliyin gecikməsi, allergik reaksiyalar və s. GMO-ların yaratdığı mənfi fəsadlardır. Əvvəllər müəyyən xəstəliklər üçün yaş həddi var idi ki, adətən, insanlar bu xəstəliyə konkret bir yaşdan sonra tutulurlar. İndi o yaş həddi yox olub".

Şəmsiyyə Namazova bildirir ki, Azərbaycanda başqa ölkələrdən fərqli olaraq hər zaman qidaların üstünə onun təbii, ya GMO olması haqda məlumat yazılmır: "Bir məsələ də var ki, başqa ölkələrdə qidaların üstünə hansının orqanik, hansının GMO olduğu yazılır. Bizdə də bu sahədə irəliləyişlər olsa da, tam olaraq qaydasında deyil. Əgər üstündə yazılarsa, artıq seçim etmək müştərinin seçiminə buraxılır". 

Həkim deyir ki, qida zənginləşdirilməsi bir sıra xəstəliklərin genişlənməsinin qarşısını ala bilər: "Belə bir halda qida tərkibinin zənginləşdirilməsi müsbət  addım olardı.  Və artıq vaxtı çatıb.  Çünki sadaladığımız məsələlər, boy artımından qalma, insanlarda imunnitetin aşağı düşməsi, mədə-bağırsaq xəstəlikləri, sinir sistemində olan pozğunluqlar, allergik reaksiyalar və s. bunların hər biri xüsusən cavan orqanizmə daha çox təsir edir. Qidaların müxtəlif vitaminlərlə, mikronutrientlərlə zənginləşdirilməsi hesab edirəm ki, sadaladığımız problemlərin müəyyən qədər azalmasına gətirib çıxara bilər". 

Qeyd edək ki, bir müddətdir Azərbaycanda bu məsələ ilə bağlı tədbirlərin həyata keçiriləcəyi haqda danışılsa da, proses ləngiyir. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məsələ ilə bağlı Movqe.az-a bildirdi ki, hələ də bu haqda qanun layihəsinin qəbulundan bir xəbər yoxdur: "Artıq dünya ölkələrinin çoxu bu haqda qərara gəlib. Bəziləri tətbiq edib də. Amma hazırkı vəziyyətdə qida zənginləşdirilməsi ilə bağlı qanunun qəbulu Azərbaycanda gözlənilmir".   


Sizin Reklam Yeriniz