Əlaqə Arxiv
news Image
2014.07.18
11:01
| A A A
Elektron kitabxanaların fəaliyyəti hələ də qənaətbəxş sayılmır
Aydın Xan Əbilov: «Kitabların elektron yox, kağız formada satılmasında, oxunmasında nəşriyyatların marağı var» Lətafət Məmmədova: «Əgər müəllif icazə vermirsə, kitabın tam mətni kitabxananın saytında yerləşdirilə bilməz»

Danılmaz həqiqətdir ki, ölkədə yeni yaradılan elektron kitabxanaların xidmətindən çox az adam yararlana bilir. Virtual məkanda təqdim edilən kitabların çoxu açılmır. İstifadəçilər bir növ aldadılır. İnkişaf etmiş ölkələrin elektron, virtual kitabxanalardan yararlandığı bir zamanda Azərbaycanda bu sahədə istənilən tərəqqinin qeydə alınmaması təəssüf doğurur.

"Kitabxana.net" elektron kitabxanasının rəhbəri, kulturoloq Aydın Xan Əbilov məsələ ilə bağlı Movqe.az-a fikirlərini bildirib. Kulturoloq elektron kitabxananın üstünlüklərindən danışıb: "Artıq dünyada ənənəvi kitabxanalar yerini elektron və ya virtual kitabxanalara verib. Uzun müddətdir dünya internet ictimaiyyətini bir məsələ düşündürür ki, bəşəriyyətin indiyə qədər qazandığı və ərsəyə gətirdiyi kitabların, yazıların mətnlərinin elektron variantlarını hazırlayıb bəşəriyyətə açıq istifadəyə vermək lazımdır, ya yox? Burada müəllif hüquqlarının müdafiəsi əsas götürülür. Bu sahədə Paris Konvesiyası, eləcə də rəqəmsal müəllif hüquqları ilə bağlı bu və digər ölkələrdə qəbul olunmuş qanunvericilik aktları, o cümlədən xüsusən Amerikada qəbul olunmuş aktlar kitabların elektron variantlarının internetdə azad istifadəyə verilməsini bir qədər yasaqlayır.

Mən bütün kitabların elektron variantlarının sərbəst istifadəyə verilməsinin tərəfdarıyam. Hər hansı kitab çıxırsa, bu kitab kağız formatda M.F.Axundov adına milli kitabxanada yerləşdirilirsə, insanlar gedib ondan sərbəst istifadə edirlər. Bu halda nə üçün elektron variantını internetdən yükləyib ondan istifadə edə bilməsinlər? Halbuki, bunun bir çox üstünlükləri var. O baxımdan ki, kağız hazırlamaq üçün ağaclar qırılır, təbiətə külli miqdarda zərər dəymiş olur. Kitabxanaya getmək üçün nəqliyyatdan istifadə edirik. Elə nəqliyyatdan istifadəylə də təbiətə zərər vururuq. Bundan əlavə vaxt cəhətdən də internetdən istifadə ilə qazanmış olarıq. Eyni zamanda kitablardan elektron, internet üzərindən istifadə ilə, dünyanın hər yerindən insanlar bu kitablardan yararlana bilərlər. Həm xaricdə yaşayan azərbaycanlılar, həm də Azərbaycanı öyrənən əcnəbilər üçün rahat istifadə qaynağına çevrilər".

Aydın Xan Əbilov hesab edir ki, bu sahədə problemlərin həlli üçün internetin kreativ və intellektual resurslarının inkişafı ilə bağlı Azərbaycan dövlətinin xüsusi proqramı olmalıdır: "Düzdür, ölkə Prezidentinin sərəncamı ilə rəqəmsal kitabxanaların inkişafı ilə bağlı artıq 2 elektron kitabxana yaradılıb. Lakin bunlar kifayət etmir".

Kulturoloq bildirib ki, kitabların elektron yox, kağız formada satılmasında, oxunmasında nəşriyyatların marağı var. Bu da elektron kitabxananın inkişafını geri salan amillərdən biridir: "Onlar tərcümə olunmuş, konvensiya məqsədli kitabların elektron variantını hansısa saytda yerləşdirilməsinin tərəfdarı deyillər. Bunu anlamaq olar. Lakin bunun da sivil yolu var. Məsələn, həmin kitabları internetdən endirilməsi ödənişli ola bilər".

A. Əbilov bu sahənin inkişafında dövlət dəstəyinin vacib olduğunu bildirir: "Bütün bunlara baxmayaraq, əgər dövlətin marağı olmasa, kapital qoyuluşu olmasa, Azərbaycan dilli elektron kitabxanaların inkişafı sual altındadır. Və nəzərə almaq lazımdır ki, artıq bizim uşaqlarımız, gənclərimiz başqa dillərə daha çox maraq göstərməyə başlayıblar. Həm cizgi filmləri, kinoları serialları türk, rus, ingilis dili kimi dünya dillərində izləyir, həm də dünya ədəbiyyatını Azərbaycan dilindən yox, bu dillərdən oxuyurlar. Bu, onların rus, türk, ingilis və s. kimi böyüməsinə, düşünməsinə səbəb olacaq ki, nəticədə biz gələcəkdə bunun ciddi fəsadlarını yaşaya bilərik".


Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətafət Məmmədova da məsələ ilə bağlı Movqe.az-a açıqlama verib. Sektor müdiri əvvəlcə Azərbaycanda mövcud elektron kitabxanalar haqda danışıb: "Dünyada artıq 10 ildən çoxdur ki, elektron kitabxanaların yaradılmasına başlanılıb. Dünyanın müxtəlif ölkələrində müxtəlif sayda elektron kitabxanalar mövcuddur. Azərbaycanda isə, cənab Prezidentin sərəncamı ilə kitabxanaların inkişafı və modernləşdirilməsi ilə bağlı dövlət proqramı imzalanıb. İlk dövlət proqramı 2008-2013-cü illəri əhatə edirdi. Məhz bu dövrdə Azərbaycanda ilk elektron kitabxanalar yaranmağa başladı. Və hazırda 10-dan çox elektron kitabxana var. Ən birinci elektron kitabxana Prezident kitabxanasında yaranıb. Kitabxananın çox zəngin, maraqlı interfeysi var, rahat axtarış aparmaq olur. Digərləri kimi Cəfər Cabbarlı Respublika gənclər kitabxanasını, F.Köçərli adına Respublika uşaq kitabxanasını da göstərmək olar. Bundan başqa, Xaçmazda, Hacıqabulda, Masallıda, Neftçalada, Gəncə şəhərində gözəl elektron kitabxanalar var. Elə kitabxanalar var ki, orada kitabların sadəcə elektron variantları var. Yəni, elektron kitabxana deyillər. Orada sadəcə olaraq. kitablar əlifba sırası ilə yerləşdirilir. Məsələn, Axundov adına milli kitabxanada belədir".

Elektron kitabxanalarla bağlı yaşanan problemə gəlincə isə, bəzi kitabların adının olub özünün olmamasının səbəbini Lətafət Məmmədova müəllif hüquqlarının gözlənilməsi ilə əlqələdirdi: "Əgər müəllif icazə vermirsə, kitabın tam mətni kitabxananın saytında yerləşdirilə bilməz. Ona görə də ancaq rəsmi icazəsi olan olan mülliflərin kitabları yerləşdilir. Yaxud da hansısa sənətkarın vəfatından 75 il keçibsə, onun kitabları elektron kitabxanada yerləşdirilə bilər. Ona görə, Nizamini, Fizulini, M.Ə.Sabiri, M.Ə.Rəsulzadə, Puşkini, Çexovu, Lermontovu və s. rahatca oxumaq olur. Amma müasir dövrdə mütləq müəllif öz razılığını veməlidir. Ola bilər ki, kitabın adı verilir. Bu, onun üçündür ki, oxucu məlumatlansın ki, belə bir kitab var, gedib kitabxanadan əldə etsin".


Sizin Reklam Yeriniz