news Image
2014.07.22
10:56
| A A A
Yerli turistlər tarixi abidələrdən uzaq düşüblər
Zöhrə Əliyeva: «Abidələrin tanıdılmasında turizm şirkətlərinin üzərinə böyük yük düşür» Elxan Vəliyev: «Turizm şirkətləri öz proqramlarında, turlarda bu abidələrin ziyarətini nəzərdə tutmalıdırlar»

Azərbaycanın kifayət qədər zəngin təbiəti olduğu kimi, zəngin tarixi keçmişi, bunu əks etdirən çoxsaylı abidələri də mövcuddur. Ölkə regionlarında da belə çoxsaylı abidələrə rast gəlmək mümkündür. Lakin təəssüf ki, belə abidələrin yerli və xaricə tursitlərə tanıdılması istənilən səviyyədə deyil. Ümumiyyətlə,  regionlardakı tarixi abidələrə yerli turistlərin marağı demək olar ki, aşağı səviyyədədir. Halbuki, demək olar, Azərbaycanın hər bir rayonunda bir-birindən gözəl, tarixlə zəngin, min illərin yadigarı olan abidələrimiz var. Vəziyyət o yerəddir ki, xarici turistlər bizim tarixi abidələrimizi bizdən daha çox görür, tanıyır.  

Mədəniyət və Turizm Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva Movqe.az-a əslində, nazirlik tərəfindən bu istiqamətdə işlər görüldüyünü deyib: "Nazirlik tərəfindən daim tarixi abidələrdə təmir-bərpa işləri aparılır. Abidələrin qorunması, saxlanması üçün işlər görülür. Sadəcə, bunların hamısını birdən həyata keçirmək mümkün deyil. Abidələrin tanıdılmasında turizm şirkətlərinin üzərinə böyük yük düşür. Biz şirkətlərlə də iş aparırıq ki, onlar təşkil elədikləri turlara tarixi abidələri ziyarəti də daxil eləsinlər. Bundan başqa, sırf  mədəni turlar təşkil eləmək olar". 

Zöhrə Əliyeva icra hakimiyyətlərinin də, vətəndaşların da üzərinə iş düşdüyünü deyir: "Nəzərə almaq lazımdır ki, biz bir nazirliyik. Nə qədər işlər görsək də, bütün insanların, vətəndaşların köməyinə, dəstəyinə ehtiyacımız var. Vətəndaşların anlayışına ehtiyacımız var ki, onlar özləri də öz torpaqlarında olan abidələrə həssas yanaşsınlar, qorusunlar. Təmizliyinə fikir versinlər, ziyan vurmasınlar, eyni zamanda təbliğatını aparsınlar.  Bundan əlavə, hər tarixi adidənin yerləşdiyi əraziyə baxan icra hakimiyyəti də, daha aktiv, təşəbbüskar olmalıdır ki, birlikdə nəyəsə nail olaq". 

Turizm eksperti  Elxan Vəliyev bildirir ki, bunların hamısı təbliğatdan asılıdır: "Türkiyədə  hətta bizanslılardan qalma abidələrə ziyarəti turistlərin gəzinti proqramına salırlar. Bizim də hər rayonlarımızda tarixi abidələrimiz var. Turizm şirkətləri öz proqramlarında, turlarda bu abidələrin ziyarətini nəzərdə tutmalıdırlar. Mədəniyyət və Turizm Nazirliyi də bu şirkətlərə nəzarət etməlidir. Baxılmalıdır ki, planda hansı abidələrə ziyarət var, hansı xidmətlər nəzərdə tutulur və s.". 

Bu arada onu da xatırladaq ki, Azərbaycanda bəzi tarixi abidələrin özəlləşdirilməsi nəzərdə tutulur. Ancaq bu zaman özəllşədirməni aparanlarla  Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə bağlanması əsas şərt olacaq. Həmin abidələr o şərtlə özəlləşdiriləcək ki, onların qorunması təmin edilsin, gələcəkdə tarixi əhəmiyyəti itməsin. Bu şəraitdə abidələri özəddəşdirənlərin buraya daha çox tursit axınını təmin etməyə çalışacağı da şübhəsizdir. 

Qeyd edək ki, hazırda Azərbaycada 7 mindən çox abidə dövlət tərəfindən qeydə alınaraq mühafizə edilir. Təxminən 2 min abidə yeni aşkarlanıb. Ancaq bütün abidələrin qorunub saxlanmasını təmin etmək müəyyən problem yaradır.  Bu baxımdan onların bəziləri baxımsız qalır. Amma ölkə Prezidentinin imzaladığı "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nda həmin adidələrin də qorunub saxlanması nəzərdə tutulur. 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs