news Image
2014.07.24
10:36
| A A A
İnternet filtrlərinin tətbiqi zərurətə çevrilir
Tahibə Quliyeva: «Azərbaycanda uşaqların güvənliyi baxımından internet filtrlərinin tətbiqi yaxşı olardı» Cahid İsmayıloğlu: «Provayderlər “ailə paketi” adı altında internet xidməti təklif eləməlidirlər»

Danılmaz həqiqətdir ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da sosial şəbəkələrə maraq davamlı surətdə  artır. Bunun nəticəsidir ki,  ölkəmizdə "Facebook" istifadəçilərinin sayı çoxdan bir milyonu keçib. Artıq bəzi insanlar üçün sosial şəbəkələr gündəlik həyatın tərkib hissəsinə çevrilib. Sosial şəbəkə aludəçiləri sırasında uşaqların da sayı durmadan artır. 

Eyni zamanda, psixoloqlar hesab edir ki, uşaqlar sosial şəbəkəyə qoşularkən mütləq böyüklər tərəfindən onlara nəzarət olunmalıdır. Yəni valideyn bilməlidir ki, uşaq kimlərlə yazışır, ünsiyyət qurur, nəticədə kimlərlə görüşür, maraq dairəsi necədir və sair. Digər tərəfdən həddən ziyada sosial şəbəkələrdə olmaq uşaqları təhsildən yayındırıb, belə demək mümkünsə, avaraçılığa da sövq edə bilər. Buna görə də uşaqlar böyüklərin mütləq nəzarəti altında sosial şəbəkələrdən istifadə etməlidir. 

Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahibə Quliyeva Movqe.az-a açıqlamasında son vaxtlar uşaqlarda da müşahidə olunan social şəbəkələrdən asılılıq, aludəçilik hallarının səbəblərindən danışıb: "Günümüzdə texnologiyanın və bununla birgə internet aləminin inkişafı, bir-birinin ardınca meydana çıxan sosial şəbəkələrin çoxalmasına təkan verir. Sosial şəbəkələr demək olar ki, insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Azyaşlı uşaqlardan tutmuş yaşlı insanlara, sadə məktəblidən tutmuş dövlət rəsmilərinə kimi sosial şəbəkələrdən istifadə edirlər. Sosial şəbəkələrin insanların həyatında müsbət rolu olduğu kimi, mənfi yönləri də mövcuddur. Azyaşlı uşaqların bundan istifadəsi və bunlara valideynlər tərəfindən  nəzarət edilməməsi bir çox problemləri meydana çıxarır. 

Sosial şəbəkələrə xüsusilə də uşaqların meylinin artması səbəbləri bu şəbəkələrin günümüzün ayrılmayan bir hissəsinə çevrilməsi, uşaqların bir-birindən geri qalmamaq düşüncəsi, etdikləri hər bir şeyin diqqət mərkəzində olmasını istəməsi, sosial şəbəkələrdə daha rahat və asan ünsiyyət qurması, bəzi istəmədiyi şeyləri kompüter ekranı arxasında daha rahat gizlədə bilməsi və sair-dir. Bəzən düşünülə bilər ki, uşağa valideynləri tərəfindən yetərincə qayğı göstərilmir və ona görə də uşaq buna meyl edir. Lakin bu belə deyil. Ailədə çox sevilən uşaqlar da sosial şəbəkələrdə vaxt keçirməkdən zövq alırlar. Əlbəttə ki, bəzən sevgi doyumsuzluğu da uşağın sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsinə səbəb olur. Uşağın gündəlik rutinində boş zaman dilimi çoxdursa, onda bu meyillilik daha da artır".

Psixoloq hesab edir ki,  Azərbaycanda uşaqların güvənliyi baxımından  internet filtirlərinin tətbiqi yaxşı olardı: ‘Bu, bir növ valideynlərin gözüdür. Bu filtirlərin tətbiqi uşaqları bir çox mənfi atılmış addımlardan qorumuş olar".

İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu da hesab edir ki, artıq Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi, internet filtrlərindən istifadə olunmalıdır. Mütəxəssis Movqe.az bildirib ki, bunun üçün provayderlər "ailə paketi" adı altında internet xidməti təklif eləməlidirlər: "Azyaşlı uşağı olan insanlar həmin paketlərdən alıb istifadə edə bilərlər. Həmin paketlərdə zərərli saytlar, sosial şəbəkələr açılmır. Provayder ona qadağa qoyur. Valideyn də rahat olar ki, uşağı zərərli saytdan istifadə etməyəcək. Nəzərə almaq lazımdır ki, bizdə də sosial şəbəkələrdən əlavə uşaqlar üçün zərərli bir çox sayt var. Həmin saytlar "qara siyahı"ya salınıb əngəllənə bilər. Hələ ki, bizdə belə bir paket yoxdur. Lakin artıq provayderlər bunu əhaliyə təklif eləməlidirlər". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs