Əlaqə Arxiv
news Image
2012.07.10
08:42
| A A A
Keyfiyyətli məhsullarımız yenə xaricə daşınır
Əli Əlirzayev: «Kartofun tonunu xaricilərə 250 manata satırıq, amma həmin məhsulun tonunu İrandan 80 dollara alırıq»

Azərbaycanda sənaye məhsulları ilə yanaşı, ərzaq, o cümlədən kənd təsərrüfatı məhsullarının müəyyən hissəsi xaricdən idxal olunur. Araşdırmalara görə, ölkədə qida məhsullarının 35-40 faizi idxal olunur. O da qeyd olunur ki, əhalinin gəlirlərinin 67 faizi ərzaq alınmasına yönəlir.

Ərzağın qiymətinə görə, Azərbaycan dünyanın bahalı ölkələrindən biri hesab olunur. Bu sahədə hətta bəzi Avropa ölkələrini də geridə qoymuşuq. Digər tərəfdən ərzağın bahalığı zay, mənşəyi bəlli olmayan qida məhsullarının bazara ayaq açmasına səbəb olur. Bu da milli genefondumuzu təhlükə altına qoyur.

Qeyd edək ki, ərzaq təhlükəsizliyi məsələsi ölkə başçısının daim diqqət mərkəzində olub. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, özümüzü əsas ərzaq məhsulları ilə təmin etməyi bacarmalıyıq: "İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100%-i ölkəmizdə istehsal edilsin".

Qeyd edək ki, əsas ərzaq məhsulları buğda, kartof, şəkər tozu, ət və ət məhsulları, ağartı məhsulları hesab olunur. Qeyd olunan məhsulların əsas hissəsini daxili imkanlar hesabına ödəsək də, müəyyən qismi xaricdən gətirilir.

İqtisadçı alim Əli Əlirzayevin sözlərinə görə, Azərbaycanda qida sənayesi inkişaf etməkdədir: "Bu sahədə inkişaf var. Amma kifayət qədər deyil. Nə qədər ki, ölkədə ərzaq istehsalı ilə məşğul olan müəssisələr tam inkişaf etməyib, fəaliyyətlərinin effekti, gəliri yoxdur, xarici bazardan asılı vəziyyətdə qalacağıq. Xaricdən Azərbaycana geni dəyişdirilmiş məhsullar hələ də idxal olunmaqdadır. Bunların qarşısını almaq lazımdır. Təəssüf ki, biz hələ də ərzaq ununa olan tələbatımızı daxili istehsal hesabına ödəyə bilmirik. Təxminən 30-35 faiz buğda unu Rusiya və ya Qazaxıstandan gətirilir. Kartof da qış aylarında xaricdən gətirilir. Özümüzü tam olaraq duzla, şəkər tozu və ya qəndlə təmin edə bilirik. Qalan məhsulların müəyyən faizi xaricdən gətirilir. Əsas narahatlıqlar meyvə-tərəvəzlə bağlıdı. Qış aylarında bu sahədə vəziyyət dözülməz olur. Xüsusi dərmanlarla yetişdirilmiş meyvə-tərəvəz məhsulları bazarlarda piştaxtaları bəzəyir. Bunlar hamısı orqanizmə zərərlidir. Bizim bəzi məhsullarımız var ki, özümüzə kifayətdi. Kartof, xiyar, pomidor, alma, xurma və s. amma onların burada alıcısı yoxdur. Keyfiyyətli olduqları üçün qiymətləri bahadır. Öz məhsulumuzu baha qiymətə ruslara satırıq, farslardan və türklərdən ucuz qiymətə məhsul alırıq. Kartofun tonunu xaricilərə 250 manata satırıq, amma həmin məhsulun tonunu İrandan 80 dollara alırıq. Mənim əsas narahatlığım quş, mal əti və yumurta ilə bağlıdır. Hətta daxildə istehsal olunsa belə, broyler toyuqların və yumurtaların keyfiyyətinə məndə ciddi şübhə var. Demək istədiym odur ki, ərzaq təhlükəsizliyini qorumaq üçün yerli istehsalın həcmi ilə yanaşı keyfiyyətinə də üstünlük verməliyik. Guya bizdə istehsal olunan qida məhsullarının hamısı 100 faiz ekoloji cəhətdən təmizdi? Söhbət ondan gedir ki, satışda olan qida məhsullarının tərkibinə güclü dövlət nəzarəti olmalıdır".

Ə.Əlirzayev onu da bildirdi ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı vaxtilə parlamentdə təmsil olunduğu iqtisadi-siyasət komissiyası proqram hazırlayıb Nazirlər kabinetinə təqdim edib.

Sizin Reklam Yeriniz