news Image
2014.09.03
07:13
| A A A
Xaotik mənzərə yaradan iaşə obyektlərin
Azər Mehtiyev: " Kimlərsə imkanları hesabına belə obyektləri saxlaya biləcəyinə ümid edib, ondan gəlir götürəcəyini düşünürsə, bu cür obyektlər yaradır " Zemfira Budaqova: "Proses şəhərsalma qanunlarına müvafiq olaraq həyata keçirilməlidir"

Əvvəllər iaşə obyektlərin fəaliyyəti əhalinin sayı, onların təlabatı nəzərə alınaraq tənzimlənirdi. Amma indi 4-5 kiçik mağaza, 3-4 aptek və ya digər iaşə obyektinin kiçik bir məhəllədə, xaotik şəkildə yerləşməsi paytaxtda tez-tez rast gəlinən mənzərəyə çevrilib. İndi az qala hər tində çoxsaylı bu tip obyektlər fəaliyyət göstərir. Bəzən onların nizamsız, pərakəndə yerləşməsi də sahibkarlığın inkişafını əngəlləyən amillər sırasında yer alır. İş adamları arasında aparılan sorğu da göstərir ki, müflis olan sahibkarlıq obyektlərinin bəziləri məhz bu pərakəndəliyin qurbanı olur.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev problemdən çıxış yolunu keyfiyyətə əsaslanan rəqabət mühitinin formalaşdırılmasında görür: "Sovet dönəmində demək olar ki, qəzet köşklərindən tutmuş iri zavodlara qədər, hər şey Dövlət Plan Komitəsi tərəfindən planlaşdırılırdı. O cümlədən, iaşə obyektlərinin sayı da, yerləşdiyi ərazinin əhalisinin sayı əsasında müəyyən normativlərə münasib olaraq müəyyənləşdirilirdi. Təbii ki, bunun nə qədər düzgün planlaşdırılması, həmin normativlərin nə əsasında götürülməsi müəyyən qədər göydəndüşmə rəqəmlərə əsaslanırdı. Çünki, heç kəs əsaslandıra bilməzdi ki, nə qədər əhalinin nə qədər iaşə obyektinə ehtiyacı var. Sadəcə olaraq, bazar iqtidasiyyatı şəraitində formalaşmış təcrübələr, orta göstəricilər əsasında bu istiqamətdə müəyyən müqayisələr aparmaq olar. Ancaq hazırda Azərbaycanda mərkəzləşdirilmiş planlaşma sistemi yoxdur. Xüsusən də iaşə obyektlərinə münasibətdə bir qədər azad sahibkarlıq hökm sürür. Kimlərsə imkanları hesabına belə obyektləri saxlaya biləcəyinə ümid edib, ondan gəlir götürəcəyini düşünürsə, bu cür obyektlər yaradır. Təbii ki, bu zaman onların sayında da hər hansı məhdudiyyətin qoyulması yolverilməzdir. Çünki, əlində vəsaiti olan iş adamı düşünürsə ki, o, iaşə obyekti yaratmaqla, göstərilən xidmət əsasında gəlir əldə edəcək, təbii ki, ona şərait yaradılmalıdır. Burada başqa məsələ artıq göstərilən xidmətin keyfiyyəti, onun yüksəldilməsi, iaşə obyektlərinin özlərinin müəyyən standartlara uyğunluğu, onların sertifikatlaşdırılması ilə əlaqədar, xidmətin səviyyəsinə uyğun olaraq onların ən azı kənardan baxanda obyektin keyfiyyəti ilə bağlı fikirlərinin formalaşması məsələsindən ibarətdir. Bu məsələ öz həllini tapmalıdır. Təbii ki, bunların həlli də zaman tələb edir. Çünki, bu cür keyfiyyət standartının formalaşmasının zamana ehtiyacı vardır. Burada eyni zamanda, müəyyən standartların yaradılmasında dövlətin tənzimləyici rolu da ola bilər. Sadəcə olaraq, bu məsələdə önəmli olan məsələ azad rəqabət mühitinin formalaşdırılmasıdır. İkincisi, bu rəqabət onları mütləq şəkildə keyfiyyətin yüksəldilməsinə yönəltməlidir. Aşağı xidmət göstərilməsi yolu ilə insanların cibinə girməsinə yol verilməməlidir. Bu kimi məsələlər həllini tapmalıdır ki, rəqabət şəraitində kimlər daha yaxşı xidmət göstərmək seçimini təmin edəcəksə, onlar fəaliyyət göstərməkdə davam edəcək. Həmin xidməti göstərə bilməyənlər isə bu obyektləri bağlamağa məcbur olacaqlar. Azərbaycanda indi sovet dövrünün planlaşması yoxdur və bu arzuolunan da deyil. Nə də bazar iqtisadiyyatının rəqabət tənzimlənməsi də yoxdur ki, burada keyfiyyətli xidmətlər əldə edilsin. Hazırda bu istiqamətdə aralıq dövrü, keçid dövrünün çətinliklərini yaşayırıq. Bu prosesdə səmərəli tənzimlənmə olmaması üzündən əhali də daha çox əziyyət çəkir".

Memar Zemfira Budaqova isə bildirdi ki, proses şəhərsalma qanunlarına müvafiq olaraq aparılsa, iaşə obyektlərinin şəhərdə nizamsız düzülüşünə də son qoyulacaq: "Sovet dönəmində hər bir tikinti planlaşma əsasında həyata keçirilirdi. İndi isə bu prosesdən uzaqlaşmışıq. Əlbəttə, şəhərdə bütün obyektlər şəhərsalma qanununa müvafiq olaraq yerləşdirilməlidir. Hazırda çoxsaylı evlər tikilir. Amma əslində, şəhər içərisində yaşayış binaları bacardıqca az olmalıdır, nəinki, idarəedici binalar. Banklar, iaşə obyektləri, müəssisələrin mərkəzi ofisləri şəhərdə yerləşməlidir. Amma proses şəhərsalma qanunları ilə həyata keçmədiyindən kim hansı obyekti harda istəyir, orada da tikir. Hətta onlar xəbərdarlıqlara da məhəl qoymurlar. Ona görə də şəhərsalma qanunundan kənəra çıxma hallarına qarşı kəskin mübarizə aparılmalıdır".