Əlaqə Arxiv
news Image
2012.07.14
08:33
| A A A
Ərzaq buğdasının qiyməti 25 faiz qalxdı
Dünya bazarında yaşananlar Azərbaycana da təsirsiz ötüşməyəcək

Dünya üçün taxıl problemi yenidən qabarır. Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamenti belə bəyənatla çıxış edib ki, 2012-ci ildə dünyada taxıl qıtlığı yaranacaq.. Səbəb kimi quraqlıq göstərilir. Ekspertlərin proqnozlarına görə, əsas tədarükçü ölkələr- xüsusən ABŞ, Rusiya, Qazaxıstan və Ukraynada taxıl istehsalı azalacaq. Bu səbəbdən birjalarda ərzaq buğdasının qiyməti artıq 25 faiz qalxıb.

Azərbaycanda isə taxıl qıtlığı gözlənilmir. Bu mövsüm ötən illə müqayisədə zəmilərdən 400 min ton çox taxıl tədarükü gözlənilir. Məhsuldarlıq da ötən illə müqayiəsədə yüksəkdir. Buğda istehsalı 1,9 milon tona yaxın olacaq. Qeyd edək ki, ölkə tələbatının 80 faizini özü ödəyəcək. qalan hissə idxal olunacaq. Lakin idxal baha başa gələcək.

Çünki qeyd olunduğu kimi idxal buğdası bahalaşır. Özü də bu hal Rusiyada daha ciddi formada müşahidə olunur. Rusiya fermerləri taxılın hər tonunda qiyməti 600-800 rubl həcmində artırıb.

Qeyd edək ki, Azərbaycanda taxıla olan illik tələbat 3 milyon ton təşkil edir. 2009-cu ildə ölkədə taxıl istehsalı 2 milyon 960 min ton olub ki, bu göstərici də tələbatı ödəməyə yaxın həddir. 2010-cu ildə isə taxıl istehsalı təxminən 2 milyon tona düşüb. Bu isə o deməkdir ki, 2010-cu ildə istehsal olunan taxıl tələbatın ödənilməsinə imkan verməyib. Eyni hal ötən il də müşahidə olunub. Bu il də yerli istehsal tələbatı tam ödəməyə imkan vermir. Elə bu səbəbdən yenə də taxıla olan tələbatın tam ödənilməsi üçün xaricdən taxıl idxalına ehtiyac yaranır. Lakin onu da qeyd edək ki, Avropada yaşanan borc böhranı, iqtisadiyyatın bir sıra sahələrində olduğu kimi, aqrar sektora da zərər vura bilər. Dünya Ərzaq Təşkilatı, buna görə də, bu il dünyada taxıl qıtlığının yaranacağını və bunun bir sıra ölkələrdə böhranla nəticələnəcəyini bəyan edib. Təşkilat bir neçə gün əvvəl açıqladığı bəyanatında bildirib ki, həm iri aqrar-sənaye komplekslərində yaşanan maliyyə qıtlığı, həm də pis hava şəraiti bir çox ölkələrin kənd təsərrüfatı məhsullarının istehsalına, eyni zamanda, məhsuldarlığa ciddi təsir göstərəcək.

Dünya bazarında yaşanan bu halın da ölkəmizə təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Düzdür, rəsmi dairələr narahtlığa əsas görmür. Məsələn, Kənd Təsərrüfatı Nazirliyindən Sabir Vəliyevin sözlərinə görə, dünya taxıl bazarındakı problemlər proqnozlaşdırılsa da, Azərbaycanda bu tendensiya gözlənilmir. Artıq taxıl biçininə başlanıb. Aran bölgəsində buğda yığımı gedir. Fermerlərin istehsal etdiyi məhsula gəlincə, Vəliyev bildirib ki, taxılın satış bazarı üçün əlverişli imkanlar yaradılacaq. Fermerlər bu il məhsulu satmaqda çətinlik çəkməyəcək. Mütəxəssis dünya taxıl bazarında gözlənilən fəsadların Azərbaycanın taxıl bazarına təsir göstərməyəcəyinə əmin edərək vətəndaşların etibarlı şəkildə taxıl ehtiyatları ilə təmin olunacağını bildirir. Lakin müstəqil ekspertlər deyir ki, Azərbaycanda istehsal olunan buğda standartlara cavab vermədiyinə görə son 5-6 ildə ölkənin ərzaq buğdasına olan tələbat Rusiya və Qazaxıstandan idxal olunan buğda hesabına ödənilir. Ümumiyyətlə, hər il olduğu kimi, buğda və un idxalı ilə məşğul olan iş adamları çalışır ki, daha ucuz məhsul alıb daha çox qazanc əldə etsinlər. Elə bu səbəbdən də idxal olunan yumşaq buğdanın bahalaşmasının Azərbaycana təsiri qaçılmazdır.

Ekspertlərin fikrincə, qiymət artımına təsir edən mümkün səbəblərdən biri də taxılın idxalında ƏDV-nin ləğvi məsələsinin həll olunmamasıdır. Qeyd edək ki, hələ ötən ilin avqust ayında Kənd Təsərrüfatı Nazirliyi baş nazirə məktub yazaraq taxıl idxalında 18%-lik ƏDV-in ləğv edilməsini xahiş edib. Lakin Gömrük Komitəsi buna qarşı çıxıb. 2010-cu ilin əvvəlindən Azərbaycanda taxıl idxalına ƏDV tətbiq olunub. Ekspertlər isə qeyd edir ki, istənilən halda, məsələyə dövlət səviyyəsində müdaxilə olunmasına ehtiyac yaranıb. Ekspertlərə görə, əslində, ölkədə yüksək miqdarda taxıl var. Amma bu taxıl çörəkbişirmədə istifadə etdiyimiz taxıldan fərqlidir. Çünki həmin buğdanın keyfiyyəti aşağıdır, yapışqanlığı azdır, zibil qarışığı yüksəkdir. Bu buğdadan nəinki çörəkbişirmədə, heç yemçilikdə də istifadə etmək mümkün deyil. Elə bu səbəbdən ərzaq buğdası əsasən idxal hesabına ödənir.
Sizin Reklam Yeriniz