news Image
2014.09.11
09:51
| A A A
Dayanacağı olmayan avtobuslar
Ərşad Hüseynov: «Əgər məsələyə dərindən yanaşılmasa, belə də qalacaq» Azər Allahverənov: «Sürücü ona görə tələsir, ona görə avtobusu harda gəldi saxlayır ki, gündəlik plan var»

Avtobus qəzalarının çoxaldığı bir vaxtda gündəmə gələn məsələlərdən biri sürücüləri avtobusu dayanacaqdan kənar harada gəldi saxlamasıdır. Bu işdə sürücülər sərnişinləri, sərnişinlər də sürücüləri günahlandırır. Bəzi sərnişinlər öz rahatlığı üçün, sürücülər isə müştəriləri razı salmaq üçün onlara etiraz etmir və daynacaqdan kənar ola belə avtobusları saxlamaqda davam edirlər. 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Mövqe.az-a bildirir ki, sürücüləri buna sövq edən günlük plandır. Əgər sürücünün konkret aylıq maaşı olsa, o da avtobusu normalara uyğun idarə edər: "Məsələ ondan ibarətdir ki, sürücü çalışır plan sisteminə uyğun olaraq daha çox pul qazansın.  Çalışır planı ödədikdən sonra ona da pul qalsın. Bundan ötrü də 20 qəpik artıq da onun üçün önəmli olur. Hər bir sərnişin uğrunda mübarizə aparır. Ona görə də sərnişinin istəyinə uyğun hərəkət edir. Harada kim istədi, avtobusu saxlayır ki, sərnişin narazı qalmasın.  Bunun qarşısını almaq üçün ilk növbədə sərnişindaşımaya məsul olan şəxslər diqqətli olmalı, məsələyə həssas yanaşmalıdırlar. Sərnişin daşıyan şirkətlərlə danışıqlar aparılmalıdır ki, insanların həyatı ilə oynamasınlar. Dövlət Yol Polisi bu məsələ ilə məşğul olmalıdır. Nəzərinizə çatdırıram ki, qanunvericiliklə avtobusun dayanacaqdan kənar saxlamasına görə 60 manat cərimə var. DYP bunu hər bir halda tətbiq eləməlidir. Yol boyu kameralar var. Görüntüləmək olar ki, hansı avtobus dayanacaqdan kənarda dayandı. Səbəbdən asılı olmayaraq, cərimə tətbiq olunmalıdır. Burda sərnişinin istəyi varsa, o, sürücünü məcbur edirsə, sürücü sərnişini polisə şikayət edə bilər. Polisin sərnişinlə lazımi tədbir görmək səlahiyyəti var. Əgər sərnişin sürücünün nəqliyyat vasitəsini idarə etməsinə mane olursa, 30 manat dəyərində cərimə nəzərdə tutulur.  Bunu tətbiq eləmək olar. Eyni zamanda sərnişinlər arasında maarifləndirmə işləri aparmaq lazımdır ki, yalnız dayanacaqda avtobusa minib düşmək olar. Bu, bütün dünyada yayılan bir mədəniyyətdir. İşlər kompleks şəkildə görülməlidir. Tək çarəsi bu işlə fərdi şəkildə məşğul olmaqdır. Əgər məsələyə dərindən yanaşılmasa, belə də qalacaq. Hər avtobusun üzərində onun hara getdiyi, hansı ərazilərdə dayanacağı olduğu haqda məlumat lövhələri yazılır. Sərnişin avtobusa minərkən bunu bilir. Buna uyğun da hərəkət eləməli, düzgün olmayan yerə avtobusu saxlamağı sürücüdən istəməməlidir. Sürücü növbəti dayanacağını élan edir, qapıları açır. Burda da bir qayda olaraq düşənlər arxa qapıdan çıxmalı, minənlər ön qapıdan avtobusa daxil olmalıdırlar. Bütün bu qaydalar gözlənilməlidir". 

Müşahidə edilən hallardan biri də avtobusların dayanacaqda ard-arda düzülməsidir. Yola çıxan avtobuslardan biri gecikirsə də həngamə qopur. Ekspert Azər Allahverənov bildirir ki, mövcud qaydalara görə dayanacağa yalnız bir avtobus daxil ola bilər: "Əgər eyni zamanda dayanacağa bir neçə avtobus daxil olursa, bu, birincisi, dayanacaq ətrafında sıxlığa səbəb olan bir haldır. İkincisi, sərnişinlərin təhlükəsizliyi sual altındadır. Üçüncü bir məsələ dayanacaqlar ətrafında qəza şəraiti yaranmasıdır. Çünki dayanacağın yerləşdiyi ərazidəm digər avtomobillər də keçir. Bir avtobusun arxasından digər avtobus çıxırsa, bu, qəza şəraitini yaradır. Bu üç şərt zəruri edir ki, dayanacaqda yalnız bir avtobus dayansın. Amma bizdə heç də belə olmur. Sərnişinlərin həyatı çox vaxt təhlükəyə atılır. Qərb ölkələrində əgər dayanacaqda bir avtobus varsa, arxadan gələn digər avtobus dayanacağa çatmamış sürəti azaldır, ya da dayandırır ki, dayanacaqdakı avtobus oranı tərk eləsin. Bizdə də belə olmalıdır. 

Problemin qarşısını almaq üçün  geniş təbliğat işləri aparılmalıdır. İlk olaraq sərnişindaşıma şirkətləri ilə, sürücülərlə bu qayda pozuntusuna görə cərimə tədbirləri haqda məlumatlandırma işləri aparılmalıdır. Sərnişinlər  avtobusların bu cür xidmətlərindən yararlanmaq istəməsələr, imtina etsələr, sürücü məcbur olacaq daha ehtiyatlı olsun". 

Azər Allahverənov da sürücülər üçün konkret aylıq əmək haqqının tətbiqinin vacibliyindən danışdı: "Beləliklə, iki məsələ, bir tərəfdən cərimə sanksiyaları, ikinci tərəfdən əhali arasında maarifləndirmə işinin aparılması, üçüncü tərəfdən son vaxtlar gündəmdə olan bir məsələ, avtobuslarda məvacib sisteminin təbiq olunması çox vacibdir. Çünki sürücü ona görə tələsir, ona görə avtobusu harda gəldi saxlayır ki, gündəlik plan var. O, həmin planı doldurmaqdan ötrü 20 qəpik üstündə mübarizə aparır. Nəticədə xoşa gəlməyən nəticələrə gətirib çıxarır. Əgər məvacib sistemi tətbiq olunsa, sürücülərə əmək haqqı verilsə, onlar biləcəklər ki, ayın sonunda konkret ödəniş alacaqlar. O zaman ümumi qaydalara uyğun olaraq davranış normalarına əməl edəcəklər. Bu olmadığı halda 20 qəpik uğrunda mübarizə yol terroruna səbəb olacaq amillərə yol aça bilər".