news Image
2014.09.11
09:56
| A A A
Zibilliyi xatırladan çimərliklər
Sadiq Dərafərin: «Tullantıların idarə olunması zamanı qanun pozuntusuna görə hüquqi və fiziki şəxslərə qarşı cərimə sanksiyaları tətbiq edilir» Telman Zeynalov: «Gəlib sahildə yeyib-içib, sonra zibilləri ora qoyub gedirlər»

Xəzərin əhatə etdiyi bir sıra rayonlarda, eləcə də Bakının bəzi ərazilərində dəniz  sahilləri belə demək mümkünsə, zibilxananı xatırladır. Artıq bitməz üzrə olan çimərlik mövsümü boyu da bu məsələ gündəmdə oldu. Ödənişli çimərliklərdə vəziyyət bir qədər qaneedici olsa da, pulsuz çimərliklərdəki antisanitariya vəziyyəti yenə də narazılıqlarda yadda qaldı. Eyni sözləri dəniz sularının sahilində yerləşən bəzi rayonlar barədə də demək olar. Belə ərazilərə  istirahət etməyə gələnlər məişət tullantıları ilə zəngin bir məkanla rastlaşırlar. Görünür, mövcud antisanitar vəziyyət aidiyyatı qurumları o qədər də narahat etmir. Zibil yığınlarına təkcə bir yerdə yox, bəzən bütün sahil boyu rast gəlinir. Kim harada yedi-içdisə zibilini də orda qoyub gedir. Belə yerlərdə çox vaxt  yalnız qamışdan tikilmiş mövsümü istirahət yerləri mövcud olur. Onların ətrafı da məişət tulantıları ilə zəngindir. Bu mövsümü yerlərin sahibləri bütün yay boyu turistlərdən gəlir əldə etsələr də, onlara xeyir verən obyektlərinin ətrafını tullantılardan təmizləməyi düşünmürlər. Bu cür vəziyyətdənsə ən çox ziyan çəkən ana təbiətdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Dərafərin məsələ ilə bağlı Movqe.az-a münasibətini bildirib. Sektor müdirinin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı  mütəmadi reydlər keçirir. Amma yenə də vəziyyətə tam nəzarət etmək mümkün deyil: "Nazirlik mövsümi xarakter daşıyan çirklənmələrlə bağlı da  Daxili İşlər Nazirliyi ilə birlikdə reydlər həyata keçirmiş və bununla bağlı protokollar tərtib edilmişdir. Tullantıların idarə olunması zamanı qanun pozuntusuna görə hüquqi və fiziki şəxslərə qarşı cərimə sanksiyaları tətbiq edilmişdir. Protokollar  ödənməsi üçün məhkəmə iclasına da göndərilmişdir. 

Əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işi konkret hansısa vaxt üçün görmür. Bunların idarə olunması ümumilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi nəzarətində saxlanılır. Bununla bağlı istər rayonlarda, istər Bakıda, Sumqayıtda daim reydlər keçirilir. İstər Xəzəryanı sahələr olsun, istər küçələrdə təmizliyə riayət olunması daim nəzarətdə saxlanılır. Ümumilikdə bunlarla bağlı inzibati tədbirlər görülür,  məlumat da verilir. Sadəcə, insanların bu sahədə maarifləndirilməsinə də geniş ehtiyac var. Hər adama nəzarət eləmək mümkün deyil. Yenə də biz əlimizdən gələni edirik". 

Ekoloq Telman Zeynalov bu sahədə güclü inzibati müdaxiləyə ehtiyac olduğunu düşünür. O, Xəzər sahillərinin çirklənməsində gəmilərin böyük rolu olduğunu düşünür. Ekoloq bildirir ki, belə gəmiləri ümumiyyətlə, alıb başqa şirkətə vermək lazımdır: "Onlara edilən cərimə kifayət eləmir. Xaricdə belə gəmiləri tutub hərraca çıxarırlar. Digər tərəfdən isə çirklənməyə səbəb həm də əhalinin özüdür. Gəlib sahildə yeyib-içib, sonra zibilləri ora qoyub gedirlər. Onları məcbur eləmək lazımdır ki, hərə öz zibilini yığışdırıb aparsın. Yüksək məbləğdə cərimə qoymaq lazımdır ki, bir də eyni şeyi eləməsinlər. Məsələn, adi bir siqaretə görə 10-15 manat cərimə qoysaq, bu, əlbəttə ki, vətəndaşa sərf eləməyəcək. Bu, mütləq onu gələn dəfə eyni hərəkəti etəkdən çəkindirəcək".