news Image
2014.09.12
10:12
| A A A
3 və 7 mərasimlərinin birlikdə keçirilməsi məqbul sayıldı
Elşad Miri: «Yasın üzərinə dayanıb, toyları özbaşına buraxmaq da olmaz» Rafiq Təmrazov: «Tanınmış, sayılıb-seçilən adamlar, vəzifə sahibləri müəyyən nümunə qoymalıdırlar ki, insanlar onlardan öyrənsinlər»

Bu günlərdə  diqqət çəkən məsələlərdən biri də yas mərasimlərindəki  israfçılığın qarşısını almaq üçün görülən tədbirlər, aparılan kampaniyadır.  Hazırda yas mərasimləri ilə bağlı bəzi qadağaların tətbiqi artıq hər kəsə məlumdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirib ki, yas mərasimləri dinimizin tələblərinə uyğun təşkil edilməlidir. Eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir.  O qeyd etmişdi ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının ayrıca fətvası var və orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də tövsiyəsi var. Bu tövsiyə ondan ibarətdir ki, yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlar burada dinimizin tələblərini yerinə yetirməlidir. Bəzi rayonlarda bu tövsiyələrə əməl edirlər. Artıq Bakıda da yas mərasimlərinin keçirilməsində dəyişiklik var. Ümumiyyətlə, bu məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Mən əminəm ki, ictimaiyyət də, media da bu yöndə düzgün təbliğat aparacaq və biz yas mərasimlərini həm milli adət-ənənələrə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail olacağıq".

İndi isə gündəmdə 3 və 7 mərasimlərinin birlikdə keçirilməsi durur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də təklif edir ki, hər yerdə bir qayda olaraq bu mərasimlər birlikdə keçirilsin. Düzdür, bu ənənə bəzi yerlərdə var. Təklif, bu işin genişləndirilməsinə xidmət edir. 

İlahiyyatçı Elşad Miri Movqe.az-a açıqlamasında məsələ ilə bağlı münasibətini bildirib: "Bu, Naxçıvanda həyata keçirilmişdi və çox gözəl nəticələr də əldə edilmişdi. Mən dəfələrlə çıxışlarım da da qeyd etmişəm ki, Naxçıvanda atılan bu addımları digər bölgələrdə də həyata keçirmək məqsədəuyğun olardı. Çünki bu cür israfşılığın dinlə bir əlaqəsi yoxdur.  Bu, sadəcə, bizneslə əlaqədar yaradılan bir sahə idi. Ama mən burda birtərəfli mövqe müəyyənləşdirməyin də əleyhinəyəm. Məsələn, yasın üzərinə dayanıb, toyları özbaşına buraxmaq da olmaz. Toylarla da bağlı da eyni məsələ qaldırılmalıdır. Son günlər eyni zamanda qəbir daşları ilə bağlı məsələ də gündəmə gətirilib ki, buna da  eyni müstəvidə yanaşılmalıdır". 

Sosioloq Rafiq Təmrazov isə məsələyə bir qədər fərqli yanaşır: "Cəmiyyətdə elə sosial normalar, adətlər, mərasimlər var ki, onları qaydalarla tənzimləmək çətin olur. Amma məcburi qaldıqda dövlətlər adminstrativ yollarla, inzibati formada bunu müəyyən qədər tənzimləyirlər. Sadəcə, bunun üçün ictimai tələbat yaranmalıdır. İctimai tələbat yarananda hansısa addımı atmağa hakimiyyət məcbur olur. Azərbaycanda da yas əhali tərəfindən qəbul olunmuş, əsrlərlə formalaşan bir mərasimdir. Bu, hər dövrün xüsusiyyətinə görə müxtəlif formalarda olmuşdur. Bizim insanlarda hər zaman qonaqlar qarşısına daha yaxşı çıxmaq kimi bir psixologiya var. Yas mərasimlərindəki israfçılıq da bununla əlaqədardır. Mən düşünürəm ki, bu, bir qədər ictimai şüurla bağlı məsələdir. Söhbət ondan gedir ki, bizim şüurumuz, təfəkkür tərzimiz elə formada olmalıdır ki, insanlar özü müəyyənləşdirməlidir ki, yas mərasimi hansı formada olmalıdır, nə qədər qonaq olmalıdır, qonaqlara nə verilməlidir və s. İnzibati müdaxilənin əleyhinəyəm. 

Həmişə deyirik ki, yas mərasimlərində  israfçılıq yaxşı deyil.  Amma özümüzə çatanda o ənənələrə sadiq qalırıq. Buna görə də hal belə davam edir. Sadəcə olaraq,  insanların qarşısına nümunələr qoymaq lazımdır. Tanınmış, sayılıb-seçilən adamlar, vəzifə sahibləri müəyyən nümunə qoymalıdırlar ki, insanlar onlardan öyrənsinlər".