Əlaqə Arxiv
news Image
2014.09.15
11:00
| A A A
Azərbaycanda kənd məktəblərində çalışan müəllimlərə şad xəbər

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə çalışan gənc müəllimlərə ödənilən əlavə məbləğ 50 manat artırılıb


Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə" qərarı bu gündən qüvvəyə minib.

 

Movqe.az-ın məlumatına görə, indiyə qədər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 40  manat məbləğində kompensasiya verilib.

 

Qərara əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilirdi. Eyni zamanda rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat məbləğində əlavə ödənilirdi.

 

Dəyişikliyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması nəzərdə tutulan gənc mütəxəssislər üçün yaş həddi konkretləşdirilərək 35 yaşadək müəyyən edilib. Artıq 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində tək kommunal xərcləri deyil, yaşayış yerinin kirayə haqqının da ödəmək üçün ümumilikdə 60 manat məbləğində kompensasiya veriləcək. Yerli icra hakimiyyəti orqanları üzərindən gənc mütəxəssislərə ipoteka kreditlərinin verilməsinə köməklik göstərməsi barədə öhdəlik ləğv edilib. Bundan sonra yerli icra hakimiyyəti orqanlarına yalnız bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərmək tapşırılıb. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərin 3 il müddətində aylıq əməkhaqqına əlavənin məbləği də 70 manatdan 100 manata qaldırılıb. Digər dəyişikliyə əsasən 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqına əlavə ödəniləcək.

 

Başqa sözlə, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, bundan sonra rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc müəllimin əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq. Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcək. Ötən dərs ilində kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub ki, bu da bütün vakant yerlərin 78 faizini təşkil edir.

 

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları üzərindən gənc mütəxəssislərə ipoteka kreditlərinin verilməsinə köməklik göstərməsi barədə öhdəlik ləğv edilməsinə aydınlıq gətirən Təhsil Nazirliyi isə gənc mütəxəssislərə daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi sahəsində çətinliklərin aradan qaldırılması ilə əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı sənədlər hazırlandığını açıqlayıb.


Sizin Reklam Yeriniz