news Image
2014.09.16
07:11
| A A A
Bakıda ikimərtəbəli yollar salınacaq?!
Ekspert: "İkimərtəbəli yolların salınması maliyyə baxımdan heç bir sıxıntı yaratmayacaq və tıxac probleminin ciddi şəkildə azalmasına gətirib çıxaracaq"

Azərbaycanda dərs ilinin başlanması ilə tıxac problemi yenidən özünü daha ciddi şəkildə göstərməyə başlayıb. Belə ki, dərs ilinin ilk günündən əksər yollar əvvəlki günlərlə müqayisədə daha böyük tıxacların məngənəsinə düşdü. Bu isə onu göstərir ki, tıxacla bağlı məsələnin daha ciddi həllinə nail olmaq üçün digər addımlar da atılmalıdır. Belə addımlardan biri də ikimərtəbəli yolların tikintisi ola bilər. Bakının hazırki vəziyyəti bu istiqamətdə də addım atmağı vacib edir. İkimərtəbəli yol məsələsində beynəlxalq təcrübə də var. Belə ki, Çinin əsas ticarət mərkəzi Şanxay və Yaponiyanın paytaxtı Tokioda ikimərtəbəli yolların salınması həmin iri meqapolislərdə tıxac probleminin əhəmiyyətli dərəcədə həllinə gətirib çıxarıb. Maraqlıdır, Azərbaycanda da tıxac probleminin həlli üçün ikimərtəbəli yolların inşası məsələsi reallaşa bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, hazırda ölkədə ikimərtəbəli yolların inşası istiqamətində addımlar atmaq üçün geniş imkanlar var: "Bakı şəhərində ikimərtəbəli yolların inşası mümkündür. Bu gün baxmayaraq ki, Nəqliyyat Nazirliyi tərəfindən çoxlu sayda körpülərin tikintisi və yolların genişləndirilməsi həyata keçirilir, amma reallıq ondan ibarətdir ki, atılan həmin addımlar Bakıda tıxac probleminin aradan qaldırılmasına gətirib çıxarmayıb. Düzdür,müəyyən qədər problemin aradan qaldırılmasına nail olunub. Amma reallıq ondan ibarətdir ki, hələ də Bakıda tıxac özünün ən ciddi problemlərindən biri kimi qiymətləndirilir. O baxımdan ikimərtəbəli yolların inşası həm mümkün, həm də vacibdir. Hazırki halda mövcud infrastruktur Bakıda avtomobillərə artan tələbat fonunda nəqliyyatdakı sıxlığın aradan qaıdırılmasına yardım edə bilmirsə, o zaman alternativ olaraq ikimərtəbəli yollardan istifadə etməklə problemi müəyyən qədər yumşaltmaq mümkündür. Bu istiqamətdə ən yaxşı təcrübə isə Çinin Şanxay şəhəridir. Belə ki, Şanxay şəhərinin son 20 ildə həmin regionun ən güclü biznes mərkəzinə çevrilməsinə baxmayaraq, bu şəhərdə ikimərtəbəli yolların inşası, praktik olaraq, kifayət qədər əhalisi olan bölgədə tıxac probleminin aradan qaldırılmasına yardım etdi. Cənubi Koreyanın paytaxtı Seul, Yaponiya paytaxtı Tokyonu da bu mənada misal olaraq göstərə bilərik. Bu baxımdan praktik olaraq, daha məqsədəuyğundur ki, Azərbaycanda da oxşar presedentdən istifadə edilsin. Həmin istiqamətdə dövlət büdcəsindən vəsait ayrılması məsələsində də problemin olduğunu düşünmürəm. Büdcənin imkanları infrastrukturun daha da genişlənməsinə imkan verir. Prosesin reallaşması istiqamətində maliyyə çətinliyi də yoxdur. Nəqliyyat sektoruna il ərzində kifayət qədər vəsaitin ayrıldığını, dövlət büdcəsi gəlirlərinin 19 milyard manatdan çox, hər il nəqliyyat sektoruna 2 milyard manatdın artıq vəsaitin yönəldiyni nəzərə alsaq, bu, o deməkdir ki, artıq Azərbaycanda da ikimərtəbəli yolların inşası mümkündür. Getdikcə nəqliyyat strukturu xərclərinin müəyyən qədər azalması müşahidə edilir. Çünki, artıq yolların genişləndirilməsi və salınması istiqamətində işlərin böyük qismi tamamlanıb. Deməli, ikimərtəbəli yolların salınması maliyyə baxımdan da heç bir sıxıntı yaratmayacaq. Bu prosesin həyata keçirilməsi son olaraq birmənalı şəkildə tıxac probleminin ciddi şəkildə azalmasına gətirib çıxara bilr. Əlbəttə ki, şəhərin infrastrukturunu nəzərə alsaq, ikimərtəbəli yolları heç də paytaxtın bütün yollarında inşa etmək mümkün deyil. Amma şəhərə girişlərdə, mərkəzə yaxın zonalarda bu tip yolların inşası mümkündür. Bəzi ərazilərdə köhnə evlərin sökülərək, yerində parkların inşasının həyata keçirildiyini nəzərə alsaq, yaxşı olar ki, Bakının müxtəlif zonalarında müəyyən ərazilər sökülən zaman burada ikimərtəbəli yolların inşası imkanları da nəzərdən qaçmasın. O baxımdan Bakının bütün ərazilərində belə yolların tikintisi mümkün olmasa da, hər halda müvaviq qurumlar hansı ərazilərdə ikimərtəbəli yolların tikintisinin mümkün olduğunu müəyyənləşdirə bilər. Düşünürəm ki, Bakı bu aspektdən heç də istisna şəhər deyil".

Ekspert Azər Allahverənov isə hələlik ikimərtəbəli yolların inşası məsələsinin reallaşma imkanlarının məhdud olduğu qənaətindədir: "İkimərtəbəli yolların inşası təbii ki, böyük sərməyə tələb edən ideyadır. Baxmayaraq ki, beynəlxalq təcrübədə, xüsusən də meqapolislərdə bu yol sistemindən geniş istifadə olunur. Amma Azərbaycan üçün bu yeni bir ideyadır. Məsələ ondadır ki, həmin ideyanın gerçəkləşməsi üçün bir tərəfdən güclü sərmayə, digər tərəfdən də yol infrastrukturu məsələləri həllini tapmalıdır. Təbii ki, sərmayəni uzun müddətli kreditlər, neftdən gələn gəlir hesabına qismən həll etmək mümkündür. Amma yol infrastrukturunu imkanları buna imkan verirmi? Düşünürəm ki, bu günə qədər yol infrastrukturunun inşası ilə məşğul olan qurumlarda ikimərtəbəli yol məsələsi gündəmdə olmayıb. Bunun da səbəbi yol infrastrukturu imkanlarının məhdudluğundan qaynaqlanır. Söhbət tıxacların aradan qaldırılmasından gedirsə, bu istiqamətdə digər işləri də həyata keçirmək olar. Yolların genişləndirilməsi, yol hərəkətinin nizamlanması, şəhərin yüklənməsinin qarşısının alınması və ya yüklülüyünün azaldılması istiqamətində işlər həyata keçirilməlidir. Bu tip məsələlər tıxacları aradan qaldırmağa səbəb olacaq amillərdir. Lakin qlobal şəkildə, gələcəkdə, ikimərtəbəli yol mövzusu ideyasına qayıdaraq məsələni həll etmək olar. Hazırda isə yol tikintisi sektorunda həyata keçirilən işlər yol infrastrukturu sahəsində həyata keçirilən işlərdir. Bunun daha da mürəkkəb şəkildə həyata keçirilməsi imkanları isə çox məhduddur".