news Image
2014.09.16
10:16
| A A A
Sərmayə qarşılığında vətəndaşlıq…
Vüqar Bayramov: «Azərbaycanda da vətəndaşlıq alımaq istəyən şəxslər kifayət qədər çoxdur və bu fonda sözügedən təcrübə investisiya yatırılması baxımından daha effektli paya malik ola bilər» Azər Allahverənov: «Əcnəbilərə sərmayə qarşılığında vətəndaşlıq verilməsi məsələsi reallaşarsa, bu hal sərmayə qoymaq istəyənlərin sayının artmasına səbəb olacaq»

Xarici investisiya hər bir ölkə iqtisadiyyatında mühüm rol oynayır. Bu baxımdan, dünyada xarici sərmayələri artırmaq, ölkəyə cəlb etmık üçün müxtəlif stimullaşdırıcı addımlar atılır. Qonşu Türkiyə də bu yaxınlarda əksər ölkələrdə tətbiq olunan vətəndaşlıq sisteminə keçib. Belə ki, qəbul olunan yeni "Türkiyə vətəndaşlıq qanunu"na görə, Türkiyəyə sərmayə yatıran əcnəbilərə ölkədə vətəndaşlıq verilməsi qaydalarının sadələşdirilməsi nəzərdə tutulur. 

Azərbaycanda da ölkə iqtisadiyyatına xarici sərmayədarların cəlbi baxımından belə bir anoloji təcrübənin tətbiqi məqsədəuyğun hesab edilir. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri  Vüqar Bayramov Movqe.az-a bildirib ki, bu təcrübə dünyada ilk dəfə Kanadada tətbiq olunub: "Kanada qanunvericiliyinə görə, bura investisiya yatırmaqla vətəndaşlıq almaq mümkündür. Bunun üçün qoyulan hədd əvvəl 200 min dollar idisə, indi artırılaraq 500 min dollara qaldırılıb.  Burda məqsəd ölkəyə daha çox  xarici investisyanın cəlb olunmasına nail olmaqdır".

İqtisadçı artıq geniş yayılan bu sistemin ölkəmizdə tətbiqini məqbul sayır: " Biz Azərbaycanda da oxşar təcrübənin tərəfdarıyıq. Bu,  birmənalı şəkildə imkan verəcək ki, ölkəyə daha çox investisiya yönləndirmək mümkün olsun. Nəzərə alsaq ki, Azərbaycanda da vətəndaşlıq alımaq istəyən şəxslər kifayət qədər çoxdur və bu fonda sözügedən təcrübə investisiya yatırılması baxımından daha effektli paya malik ola bilər". 

Ekspert Azər Allahverənov isə heab edir ki, bu gün Azərbaycanda vətəndaşlq sisteminin tətbiq edilməsinə zərurət olmasa da, gələcəkdə əcnəbilərə sərmayə qarşılığında vətəndaşlıq verilməsi məsələsi olarsa, bu hal sərmayə qoymaq istəyənlərin sayının artmasına səbəb olacaq: "Türkiyə və başqa dünya ölkələrinə tətbiq olunan bu sistem üçün hər ölkədə fərqli hədd qoyulur.  Əgər hər hansı bir şəxs bu ölkənin iqitisadiyyatının inkişafı naminə müəyyən həcmdə sərmayə yatırırsa, ona vətəndaşlıq verilməsi sadələşdirilir. Çox insanlar həmin imkandan yararlanırlar. Xüsusilə də biznes əlaqələri quran, biznes yaratmaq istəyən şəxslər böyük sərmayə qoymaqla asanlıqla ölkə vətəndaşlığını alırlar. Azərbaycanda bu məsələ hardasa gündəmdə var, söhbətlər aparılır. Azərbaycan təbii ki, xarici vətəndaşların sərmayə qoyuluşunda maraqlıdır. Amma hal-hazırda Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq istəyən və burda vətəndaşlıq almaq istəyən insanlar  düşünmürəm ki, çoxdur. Buna rəğmən, ölkəmizdə sözügedən sistem tətbiq olunsa, buna düşünürəm ki, istər-istəməz sərmayə qoymaq istəyən insanların sayı da artarsa,  bu, ölkə iqtisadiyyatına xeyir gətirər. Məsələnin digər tərəfi də var ki, bu zaman ölkədə əcnəbi vətəndaşlar artacaq. Amma bu məslələr bizdə yalnız ideya şəklindədir. Əslində, mən hesab edirəm ki,  hazırda ölkəmizdə buna elə ciddi zərurət yoxdur. Azərbaycan iqtisadiyyatı hazırda inkişaf edir. Ölkə özü də başqa dövlətlərə yatırımlar edir. Bura həm Türkiyə,  həm də mərkəzi və qərbi Avropa ölkələri daxildir.  Lakin bu gün zərurət olmasa da, gələcəkdə əcnəbilərə sərmayə qarşılığında vətəndaşlıq verilməsi məsələsi reallaşarsa, düşünürəm ki,  bu hal sərmayə qoymaq istəyənlərin sayının artmasına səbəb olacaq".