Əlaqə Arxiv
news Image
2014.09.17
08:48
| A A A
İnternet televiziyaların fəaliyyəti hələ də tənzimlənmir
Ələsgər Məmmədli: “İnternet televiziya və radiolar adi internet saytları kimi fəaliyyət göstərir” Qulu Məhərrəmli: “Müəyyən qeydə almalar ola bilər, amma bu, heç bir halda lisenziya vermək və ya xüsusi icazə tətbiq etmək anlamına gəlib çıxmamalıdır”

Artıq sosial və elektron mediada müəyyən qədər tənzimləmə vasitələri işə düşsə də, bunu hələlik internet televiziyalarında görə bilmirik. Bu baxımdandır ki, zaman-zaman xəbər prinsiplərinin pozulması halları sözügedən informasiya məkanında daha çox rast gəlinir. Vaxtaşırı internet televiziyalarının lisenziyalaşdırılması məsələsi qaldırılsa da, hələlik konkret addımlar yoxdur. Ancaq demək olar ki, xarici praktikada da lisenziya əsasında fəliyyət göstərən internet televiziyası yoxdur.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli bildirir ki, internet televiziya və radiolar adi internet saytları kimi fəaliyyət göstərir: "Həmin televiziyalar qeydiyyatdan keçmiş hansısa domen adında fəaliyyət göstərə bilir. Bunların qeydiyyatı üçün şəxsiyyət vəsiqəsi və lazım olan pulun ödənilməsi kifayətdir. Ancaq faktiki olaraq, onlar radio, televiziya yaradıcılığı deyil, internet üzərindən informasiyanın ötürülməsidir. Sosial şəbəkələr, bloqlar üzərində də video görüntülərin paylaşılması mümkündür. Yəqin ki, bundan sonra da biz informasiyanın həm görüntülü, həm də səsli çoxsaylı ötürülməsinin şahidi olacağıq. Çünki müasir texnika inkişaf edir. Bu gün Amerika və Avropada da internet televiziyalar ilə bağlı yüksək inkişaf var. O ölkələrdə hətta adi təşkilatlar belə informasiyanı bu yolla ötürürlər".

Ekspert əlavə etdi ki, "KİV haqqında" qanuna əsasən, internet də KİV sayılır: "Qanunun 60-cı maddəsinə görə, həmin hallara görə məsuliyyət nəzərdə tutulur. Bu sahənin lisenziyalaşdırılması da absurd səslənir. Lisenziyalar qıt olan tezliklərə verilir. Azərbaycanda hər kəs sayt aça bilər. Buna görə də belə lisenziyalaşdırma mənasızdır. Ancaq buna görə də internet televiziya və radiolarının sayının hədsiz çox olacağını düşünmək doğru olmazdı. Çünki, bu, o qədər də asan proses deyil. Səsli və görüntülü informasiyaların yerləşdirilməsi ən azı 5 min dollar vəsait tələb edir. Bu məbləğdə pulu olmayanlar prosesdən kənar qalacaq. İnformasiyaların davamlı yayılması da xeyli böyük maliyyə vəsaiti tələb edir. Məsələn, Azərbaycanda 4000 qədər qəzet qeydiyyatdan keçib. Amma faktiki 30 qəzet çıxır. İnternetdə də belədir. Ola bilsin ki, internet üzərində 10 minlərlə sayt yaradılsın, son nəticədə cəmiyyət tərəfindən dəstəklənib qalanlar yaşayacaq".

Filologiya elmləri doktoru, professor, teletənqidçi Qulu Məhərrəmli internet məkanında radio və televiziyaların lisenziyalaşdırılmasına münasibəti belə oldu ki, dünyada internet media, internet radio və televiziyaları lisenziya əsasında fəaliyyət göstərmir: "Çünki, bu, virtual məkandır. Onun dövlət resurslarına aidiyyəti yoxdur. Buna görə də internet radio və televiziyalarını tənzimləmək qanuna və mövcud dünya təcrübəsinə ziddir. Düzdür, hansısa əxlaqi məsələlərə baxmaq vacibdir. Amma bütövlükdə bu qurumların lisenziya əsasında fəaliyyət göstərmələri yanlışlıqdır. Bəlkə də qəzet kimi müəyyən qeydə almalar ola bilər, amma bu, heç bir halda lisenziya vermək və ya xüsusi icazə tətbiq etmək anlamına gəlib çıxmamalıdır. Hər halda dünyada belə bir praktika yoxdur. Belə bir addım atılarsa, bu bizim mətbuat sahəsində söz və mətbuat azadlığı çərçivəsinin daralmasına gətirib çıxara bilər".

Hazırda hər bir insan internet üzərində özünün radio və televiziyasını yarada bilər. Lakin bu televiziya və radiolar inkişaf etdikcə cəmiyyətlə müəyyən problemləri üzə çıxmaqdadır və bu səbəbdən həmin problemlərin həlli ilə bağlı müəyyən normativ aktlar zəruri sayılır.

Sizin Reklam Yeriniz