news Image
2014.09.19
10:01
| A A A
Enerji içkilərindən uşaqların istifadəsi təhlükəli sayıldı
Adil Qeybulla: «Bu cür içkiləri ürək problemləri, aretmiyası olan, ürək ritminin pozulmasından əziyyət çəkən insanların qəbul etməsi məqbul deyil» Şəmsiyyə Namazova: «Normadan artıq kofein qəbulu orqanizmdə su itkisinə gətirib çıxarır»

Son illər bütün dünyada energetik sayılan içkilər getdikcə daha çox populyarlıq qazanmağa başlayıb. Elə bu səbəbdəndir ki, belə içkilərin çeşidi və markaları da artmağa başlayıb. Qeyd edək ki,  gənclər arasında bu içkilər daha çox rəğbət görür. Məsələnin maraqlı tərəfi həm də odur ki, arrıq uşaqların da belə içkiləri istehlak etməsi hallarına getdikcə daha çox rast gəlinir. Halbuki, belə içkilərin uşaq orqanizminə necə təsir etməsi hələ tam dəqiq məlum deyil. 

Həkim Adil Qeybulla Mövqe.az-a açıqlaamsında bildirir ki, enerji içkilərində  kofein tərkibli maddələr var: " Onların tərkibindəki tonusu qaldıran dərman kofeindir ki, bunun insanlarda asılılıq yaratma xüsusiyyəti var. Enerji içkisindən kofein zəhərlənməsi baş verərsə, içkini qəbul edən adamda əsəbilik, narahatlıq, baş ağrısı, ritm pozuntusu, yuxusuzluq, tərləmə, əllərdə titrəmə, mədə ağrısı, sinədə yanma, bulanma, qusma, ishal kimi hallar müşahidə edilir". 

Həkimin sözlərinə görə,  bu cür içkiləri ürək problemləri,   aretmiyası olan, ürək ritminin pozulmasından əziyyət çəkən insanların qəbul etməsi məqbul deyil: "Əslində, kofeyə həddindən artıq düşkün insanlar da kofeindən asılı insanlardır. Çünki kofein özü bir aslılıq yaradır və zaman keçdikcə insanlar bundan əziyyət çəkə bilərlər. Bu mənada insanlar diqqətli olmalıdırlar və enerji içkilərindən uşaqlar uzaq durmalıdırlar". 

Həkim-terapevt Şəmsiyyə Namazova da Movqe.az-a bu içkilərin orqnizmə aldadıcı effekti haqda məlumat verib, yan təsirlərindən danışıb:  "Son vaxtlar təəsüf ki, müxtəlif yaş qrupları arasında bu içkilərdən istifadə  geniş hal alıb. Bunlar orqanizmə "müsbət" effekt verərək  daha çox aldadıcı təsirə malik olurlar. Onların tərkibində kofein adlı maddə olur. İnsan orqanizminə gün ərzində 400 milliqram kofein kifayət edər. Biz bunu da çay və qəhvə vasitəsilə almış oluruq. Ancaq enerji içkilərini bunun üstünə gələndə, orqanizmə normadan artıq kofein qəbulu olur. Normadan artıq kofein qəbulu orqanizmdə su itkisinə gətirib çıxarır. Çünki bu içkiləri qəbul  edən zaman insan suya bir o qədər ehtiyac hiss eləmir. İnsanda belə hissiyyat yaranır ki, o, çoxlu su, çay içib. Əslində isə, gün ərzində bu içki həmin ehtiyacı tənzimlədiyi üçün orqanizmin su balansının pozulmasına gətirib çıxarır. ABŞ alimlərinin araşdırmalarına görə, bu içkilər gənclər tərəfindən daha çox istifadə edilir. Gənclər enerji içkilərinin tərkibinə hər hansı alkoqollu içkilər qatıb istifadə etdikdə, bu, alkoqolun yan təsirlərini o dərəcədə hiss eləmirlər.  Belə içkilərin uzunmüddətli qəbulu xroniki alkoqol zəhərlənməsinə gətirib çıxara bilir. Bu,  ciddi fəsadlara, məsələn yol qəzalarına yol aça bilir".  

Həkimin sözlərinə görə, enerji içkisi həm də yuxu qaçırıcı effektə malikdir: "Bundan ən çox tələbələr və idmançılar istifadə edirlər.  Ancaq bir şeyi unudurlar, bu təsir onların mərkəzi sinir sisteminə olur  və xroniki yuxu pozğunluğu orqanizmi başqa bəlalara düçar etmiş olur. Ümumiyyətlə, enerji içkilərində uşaqların, ürək-damar sistemi xəstəliyi olanlar və mərkəzi sinir sistemində problemi olan insanların istifadə etməsi məsləhət deyil".