news Image
2014.09.19
10:10
| A A A
Nikahlar azalır, boşanmalar artır
Əhməd Qəşəmoğlu: «Azərbaycan üçün çox vacib olan ailə institutunun dağılmasına seyirçi mövqedən yanaşmayıb, ciddi işlər görmək lazımdır»

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən Azərbaycanda 44,5 min nikah və 6,9 min boşanma halları qeydə alınıb.  Bu fonda onu da qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,4-dən 8,1-ə qədər azalıb, boşanmaların sayı isə demək olar ki, dəyişməyərək eyni səviyyədə qalıb. Ümumiyyətlə, bu səpkidə cüzi artım qeydə alınıb. Amma ötən illərin təhlili boşanma hallarının ümumi götürdükdə artmaqda olduğunu göstərir. 

O da faktdır ki, ailə hər zaman Azərbaycan üçün müqəddəs bir qurum hesab olunub. Lakin ildən-ilə boşanmaların sayının artması, nikahların azalması artıq cəmiyyətdə müəyyən dəyişikliklərin baş verdiyini göstərir. 

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu cəmiyyətdə baş verən bu vəziyyəti Mövqe.az-a şərh edib. Sosioloq hesab edir ki, bu şəraiti yaradan mənəviyyatın artıq ikinci plana keçməsidir: "Bu kifayət qədər düşündürücü bir rəqəmdir. Çox təəssüf ki, biz hələ Azərbaycanda ailənin fəlsəfəsini yaxşı hiss etmirik. Ailənin mahiyyətini, ailə nəyə lazımdır,  üstünlüyü nədədir, bu barədə ictimai fikrimizdə, ictimai rəyimizdə lazımi şəkildə fikir formalaşdıra bilməmişik. Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycan keşməkeşli bir dövr keçdi. İqtisadi, siyasi məsələlərlə bağlı, mənəviyyatla bağlı, ölkənin sürətlə qloballaşma şəraitinə keçməsi, sosial şəbəkələr və s. hamısı elə bir fon yaratdı ki, burda ailə institutnun dağılması ilə nəticələndi. Bunun müqabilində biz müəyyən bir müdafiə sistemi yaratmalıydıq. Heyf ki, həmin müdafiə sistemi yaradıla bilmədi. 

Dərindən düşünsək, görərik ki, Azərbaycan xalqını başqa xalqlarla müqayisədə üstün tutan, Azərbaycan xalqının fəxr edə biləcəyi bir məqam da ailə dəyərləridir. Mahiyyətinə fikir verək ki, ailə nədir? Ailə hər bir insanın həm fiziki, həm də fərd olaraq yaşaması üçün vacib olan bir yerdir. İkincisi, gün ərzində həyatımızda onlarla neqativ hal baş verə bilir. Ailə elə yerdir ki, orda tez bir zamanda həmin neqativlərdən təmizlənmək imkanı var. Ailə elə yerdir ki, orda doğulan uşaqlar ölkənin nəsil artımını müəyyənləşdirir. Hər bir ailə eyni zamanda fərdi cəmiyyətə hazırlayan bir məktəbdir. Ailə nə qədər təkmil olarsa, o zaman cəmiyyət bundan bir o qədər qazanar. Normal ailə eyni zamanda hər bir kəsin həyatdan zövq alma mənbəyidir. Bütün bunlardan məlum olur ki, ailə cəmiyyətdə çox mühüm institutdur. Əgər ailə olmasa cəmiyyətdə ciddi qarışıqlıqlar yarana bilər. Bütün müdrik  insanlar da min illərdir ki, bunu deyir. Nə dərəcədə doğru olard ki,  belə bir gözəl institutun dağılmasına ancaq seyrçi mövqedən yanaşaq? Ailə zəifləyən cəmiyyətdə gərginlik artacaq, günü-gündən problemlər çoxalacaq.  Çünki ailə cəmiyyətdə ahəng  yaratmağa kömək edən mühüm vasitələrdən biridir. Ailə dəyərləri yüksək olan bir cəmiyyətdə mənəvi dəyərlər də yüksək olur. Mənəvi dəyərlər yüksək olanda da ahəng effekti yaranır. Əgər bu olmursa, insanlar arasında daha çox maddiyyat ön plana keçir. Maddiyyat önə keçəndə cəmiyyətdə günü-gündə kriminallıq da çoxalır, riyakarlar da artır". 

Əhməd Qəşəmoğlu bildirir ki, Azərbaycan üçün çox vacib olan ailə institutunun dağılmasına seyirçi mövqedən yanaşmayıb, ciddi işlər görmək lazımdır. Soasioloq bununla bağlı konkret fəaliyyət plaının yaradılmasının təklif edir : "Azərbaycanın ailə ilə bağlı ənəvi olaraq böyük dəyərlər sistemi var idi. İndi bu dəyərlərin itdiyini görürük gündən-günə. Ona görə də statistikanın bu rəqəmləri olduqca düşündürücüdür. Biz ölkə olaraq, dövlət qurumları, başqa ictimai təşkilatlar, ziyalılar hamısı bu məsələyə diqqətli olmayıq. Biz niyə düşünürük ki, hər şeyi Fransadan, İtaliyadan ya Amerikadan götürməliyik? Deyilə bilər ki, Amerikada da, Avropada da ailə institutu möhkəm deyil. Əgər belədirsə də, bu həmin ölkələrin üstünlüyü, fəxr ediləsi bir məqam deyil. Qoy biz öz üstünlüyümüzü qoyaq bu məsələdə. Onlar bizə nümunə kimi baxsınlar. Bu baxımdan hesab edirəm ki, ailə institutumuzun belə zəifləməsi yaxşı hal deyil. Biz təcili olaraq lazımi işlər görməliyik. Lazımi işlər görmək üçün isə ilk növbədə mütəxəssislərin köməyi ilə bir fəaliyyət planı hazırlamaq lazımdır ki, Azərbaycanda ailələrin möhkəmlənməsi üçün nələr eləmək lazımdır. Fəaliyyət planında məlum olacaq ki, qanunvericilikdə nə olacaq, hansı formada inzibati müdaxilə olacaq, nələr edəcəyik və s. Bu cür sosial sistemlərin idarə olunmasında çox sadə 3-4 mühüm məsələ var. Bunları həll edə bilsək, ailə özü qalanları tənzimləyəcək. Ona görə də, düşünürəm ki, təcili olaraq elmi əsaslarla fəaliyət planı ərsəyə gətirilməlidir. Bu, Ailə, Qadın və Uşaq Komitəsinin də bir nömrəli vəzifəsidir. Eyni zamanda bizim hər birimizn də borcudur ki, bir ziyalı kimi bu işdə əlimizdən gələni edək". 

Fəaliyyət planında öz əksini tapacaq məsələlər gəlincə isə, sosioloqun sözlərinə görə, bu plan hazırlanarkən aydınlaşdırılacaq ki, ailənin formalaşdırımasında ən mühüm amillər nələrdir: "Hesab edirəm ki, bunlardan birincisi mənəviyyatla bağlıdır. Çünki ailə və mənəviyyat bir-biri ilə əlaqəlidir. Bununla yanaşı, biz cəmiyyətlə də işləməliyik. Cəmiyyətdə proseslər elə yönləndirilməlidir ki, bunlar ailənin dağılmasına təsir eləməsin... 

Sosial sistemin belə xüsusiyyəti var ki, hamı bir-biri ilə yarışmaq istəyir. İndi problem odur ki, insanlar maddiyyat baxımından yarışırlar. Bu vəziyyət dəyişməlidir. Bunu da stimullaşdırmaq olar. Biz niyə televiziyada ancaq pis xəbərləri veririk, ancaq problemli ailələri göstəririk? Kim kimin atasını, qardaşını öldürdü, qızına, bacısına, qohumuna pislik  etdivə s. Bununla sanki model olaraq insan beyninə pis impulslar gedir. Biz televiziyanı açanda görsək ki, çox gözəl mənəviyyatlı ailələri göstərirlər, bu, daha yaxşı nəticə vermiş olar. Çalışmalıyıq ki, məhz bu cür ailələri təbliğ edək".