news Image
2014.09.22
17:33
| A A A
Əmək təhlükəsizliyini necə təmin etmək olar?

İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması və onların qayğısına qalınması artıq zamanın tələbidir. Xüsusilə də, əgər həmin işçilər həyatı təhlükə daşıyan işlərdə çalışırlarsa. Təəssüf ki, bəzi işəgötürənlər işçilərin əmək hüquqları ilə hesablaşmır, onların sağlamlığının və təhlükəsizliyinin qorunmasına lazımi diqqət ayırmır. Bu da ondan irəli gəlir ki, bəzi işsiz və çətin vəziyyətdə olan adamlar ailəsini dolandırmaq üçün sağlamlığını təhlükə altına ataraq heç bir müqavilə bağlamadan ən ağır və səhhətə ziyanlı işlərdə belə çalışmağa razı olurlar. Nəticədə isə, bu şəxslər işçi qabiliyyətini itirdikdə və ya səhhətlərində problem yarandıqda heç bir maddi kompensasiya ödənmədən işdən çıxarılırlar. Bu kimi xoşagəlməz halları necə aradan qaldırmaq olar? Sualımıza cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Mmüdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin müdir müavini, əmək və əməyin mühafizəsi sektorunun müdiri Əbülfət Məhərrəmovla əlaqə saxladıq. Əbülfət bəy problemin həllini işçilərin öz hüquqlarını bilməsində və onları tələb etməsində görür: "Azərbaycanda əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, icra hakimiyyət orqanlarının qəbul etdiyi normativ-hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə müəyyən edilir. Bütün işçilərin sağlam və təhlükəsiz şəraitdə işləmək hüquqları var. Ağır əmək tələb edən işlərə işçi götürərkən onlarla mütləq müqvilə imzalamalı və işdəki risklərlə bağlı məlumat verilməli, təlimatlandırılmalıdırlar. Əmək müqaviləsinə əsasən, işçilərin geyimləri, digər fərdi qoruyucu avadanlıqlar şirkət tərəfindən pulsuz verilməlidir. Bununla yanaşı, peşə ilə bağlı yaranacaq bütün xəstəliklər pulsuz müalicə olunmalı, peşə qabiliyyətini itirmiş şəxslər isə daha az əmək tələb edən işlə təmin edilməlidirlər. Bütün bunların işəgötürənlər tərəfindən yerinə yetirilməsi üçün onlara daim nəzarət etmək lazımdır. Qeyd edim ki, ölkəmizdə məsələ ilə bağlı nəzarət qənaətbəxşdir, əmək müfəttişləri bu işlə ciddi məşğul olur. Lakin bununla iş bitmir. İşçilər də məsələnin ciddiyyətini dərk etməli, öz hüquqlarını bilib onları tələb etməlidirlər". Əbülfət bəy bunu da qeyd etdi ki, ölkəmizdə peşə ilə bağlı bədbəxt hadisələr digər ölkələrlə müqayisədə daha azdır. "Azərbaycanda peşə ilə bağlı bədəxt hadisələrin sayı ildə 200-ü keçmir. Bu da Avropa ölkələri ilə müqayisədə olduqca aşağı göstəricidir".

Hüquqşünas Əliməmməd Nuriyev isə bədbəxt hadisələrin qarşısını almaq üçün bu sahədə yoxlama işlərini gücləndirməyi lazım bilir: "Yoxlama aparılmazdan əvvəl rəhbərliklər məlumatlandırılır. Belə olan halda yoxlanılacaq müəssisə hazırlıqlı olur və əmək müfəttişləri oraya getdikdə hər hansı qayda pozuntusu ilə rastlaşmır. Buna görə də, yoxlama işləri qəflətən aparılmalıdır. Digər məsələ isə budur ki, əmək müfəttişlərinin sayı azlıq təşkil edir. Bu da əmək təhlükəsizliyini qorumada müəyyən çətinliklər yaradır" Əliməmməd bəy də işçilərin hüquqlarını bilmələrini və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi tərəfdarıdır: "Düzdür, bizdə iş qəzası nəticəsində ölənlərin sayı digər ölkələrlə müqayisədə daha azdır. Lakin əldə olan imkanlardan istifadə etməklə bu rəqəmi daha da minimuma endirmək lazımdır. Bu sahədə atılacaq ən önəmli addımlardan biri işçiləri hüquqları ilə bağlı maarifləndirməkdir. Həmkarlar İttifaqı və QHT-lər aktiv olmalı, genişmiqyaslı seminarlar təşkil etməlidirlər. Digər məsələ isə, əmək təhlükəsizliyinə nəzarət edən institutun gücləndirilməsidir".