news Image
2014.09.23
09:21
| A A A
Almaniyadan gələn oğurluq avtomobillərlə bağlı maraqlı nüanslar üzə çıxdı
Kamran Əliyev: “Bu günə qədər 7 belə avtomobil aşkar olunub, o da bizim sorğu əsasında müəyyən edilib” Ərşad Hüseynov: “Qaçırılmış avtomobilin ölkəmizə gətirilməsi çox çətin məsələdir, amma mümkündür”

Ölkəmizə gələn bəzi avtomobillərin oğurluq ola bilməsi ilə bağlı xarici mediada xəbərlər yayılıb. Qeyd edək ki, "Rossia Today" (RT) telekanalı Avropa ölkələrindən oğurlanan avtomobillərin Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarına daşınmasından bəhs edən reportaj yayıb.

Reportajda yer alan Yens Ştariqk adlı alman polis komissarı bildirir ki, biz mütəşəkkil qruplaşma halında fəaliyyət göstərən peşəkarlarla və oğurlanan avtomobillərin geniş bazarı ilə üzləşmişik: "Oğurlanmış bahalı avtomobillər Rusiya, Azərbaycan, Qazaxıstan, hətta Çində satılır. Bu problem bütün Avropa üçün xarakterikdir". Polis komissarı deyir ki, ən mürəkkəb vəziyyət avtomobil oğurluğu ilə bağlıdır. Hər gün alman polisi oğurluq avtomobillərlə Polşa getmək istəyənlərlə mübarizə aparmalı olur. Oğrular GPS avadanlıqları ilə təchiz olunmuş bahalı avtomobilləri də oğurlamaqdan çəkinmirlər. Bunun üçün onlar GPS siqnallarını pozan xüsusi qurğudan istifadə edirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev ittiham ilə bağlı "Mövqe"yə açıqlamasında bildirdi ki, axtarışda olan avtomobillərin sərhəddi keçməsi qeyri-mümkündür: "Çünki, hər bir avtomobil sərhəddi keçəndə əgər İnterpol üzrə axtarışa verilibsə və ya onun baner və mühərrik nömrələrində uyğunsuzluq olarsa, həmin avtomobillə bağlı müvafiq araşdırılma aparılır. Eləcə də nəqliyyat vasitəsi respublikada qeydiyyata alınanda onun identifikasiya nömrələri yoxlanılır. Hansısa şübhə yaranarsa, təhqiqat aparılır. Bütün hallarda şübhə varsa, avtomobilin gəldiyi ölkəyə sorğu göndərilir. Bəzən belə şübhə doğuran avtomobillərə vətəndaşın da hüquqlarının pozulmaması üçün qeydiyyat şəhadətnaməsi müvəqqəti verilir. O müddət ərzində sorğuya konkret cavab gəldikdən sonra avtomobilə birdəfəlik qeydiyyat şəhadətnaməsi verilir".

Şöbə rəisi qeyd etdi ki, oğurlanmış maşın identifikasiya nömrələri ilə müəyyən edilir: "Burada bir sual da ortaya çıxır. Almaniyada bir polis belə fikirlər səsləndirirsə, oğurlanmış maşının Azərbaycana gətirildiyini haradan bilir? Çünki, bu avtomobil Azərbaycana gələnə qədər bir neçə ölkənin ərazisindən keçir. Bəs, həmin ölkələrdə də yoxlanılmadımı?" Ancaq bu günə qədər 7 belə avtomobil aşkar olunub. O da bizim sorğu əsasında müəyyən edilib".

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov isə bu işin mümkün, ancaq çətin olduğunu bildirir: "Bu gün Azərbaycan da, Almaniya da İnterpolun üzvüdür. Dünyada nəqliyyt vasitələrinin mülki dövriyyəsi də İnterpolun nəzarətindədir. Yəni, Azərbaycana hansısa avtomobil gətiriləndə dövlət qeydiyyatına almamışdan əvvəl İnterpoldakı məlumatlar yoxlanılır. İnterpolun üzvü olan hər bir dövlət öz ərazisində avtomobil qaçırılarsa, həmin məlumatı DİN vasitəsi ilə İnterpolun görünən bazasına yerləşdirilməlidir. Bu işdə ən çox diqqət sərhəddi keçəndə olmalıdır. Onsuz da avtomobillər dövlət sərhəddini keçəndə İnterpolun informasiyası təkrar-təkrar yoxlanılır".

Hüquqşünas Almaniyadan Azərbaycana avtomobillərin 3 istiqamətdə gələ biləcəyini qeyd etdi: "Bunlardan birincisi, Almaniyadan İtaliyaya, ordan dəniz yolu ilə Türkiyə, Türkiyədən isə Gürcüstan vasitəsi ilə Azərbaycana gəlişdir. İkinci yol, Almaniyadan Polşa, Macarıstan, Rumıniya Bolqarıstan və yenə də Qara dənizlə Gürcstandan Azərbaycana gətirmək olar. Üçüncü marşrut Almaniyadan Polşa, Belarus, Rusiya və Azərbaycanadır. Göründüyü kimi, hər variantda söhbət bir neçə dövlətin sərhəddini keçməkdən gedir. Deməli, qaçırılmış avtomobilin ölkəmizə gətirilməsi çox çətin məsələdir, amma mümkündür. Çünki, beynəlxalq şəbəkələmiş kriminal dəstə belə işlərdə professionaldır".

Ekspertin fikrincə qaçırılmada müxtəlif variantlar ola bilər: "Məsələn, avtomobili hissə-hissə gətirmək mümkündür. Ən klassik variant isə avtomobillərin sənədlərini saxtalaşdırmaqdır. Həmin avtomobil dövlət qediyyatına alınandan sonra onun axtarışda olması məlum olur. Maşın hissələrə parçalananda isə nəyisə tapmaq mümkün deyil. Əsas problem sərhəddən keçmə zamanı yaranır. Elə Almaniyada rüşvət yolu sərhəddən keçirilməsi halları ola bilər".