Əlaqə Arxiv
news Image
2014.09.24
12:11
| A A A
Marketlərdə qiymət fırıldağı
Eyyub Hüseynov: «İstehlakçılar qeyd edirlər ki, malların üzərində qiymət bir cürdür, kassada çıxılan qiymət isə başqa cür» Vüqar Bayramov: «Bu hal vətəndaşın aldadılaraq pulunun mənimsənilməsi, əlindən alınmasıdır»

Ölkədə, əsasən də paytaxt Bakıda  bir-birindən gözəl  marketlərin açıldığının, insanların rahatlığı üçün bu yerlərdə hər cür şəraitin yaradıldığının şahidi oluruq. Əvvəllər belə marketlərə  üz tutanların sayı az olardı. Son illər isə vəziyyət dəyişib. Marketlərdən alış-veriş edən kifayət qədər vətəndaş var. Burda insanlara təklif olunan çeşid bolluğu, genişlik, komfort hər müştərinin ürəyincədir. 

Lakin bəzi marketlərdə bəzən xoşagəlməz hallar da yaşanır. Belə ki, müştərilər arasında narazılığa səbəb olan məsələlərdən biri məhsulların qiyməti ilə bağlıdır. Daha doğrusu, piştaxtada yazılan qiyməti ilə, kassada çıxılan qiyməti arasındakı fərqlə bağlı. 

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov məsələ ilə bağlı Movqe.az-a bildirib ki, son vaxtlar quruma tez-tez bu məslə ilə bağlı şikayətlər daxil olur: "Çox təəssüflər olsun ki, Azərbaycanda  müasir texnologiyalar tətbiq olunduqca, o cümlədən nağdsız ödənişlər artdıqca, ödənişlərin avtomatlaşdırılması prosesi getdikcə istehlakçıların  aldadılması, onlardan daha çox pul alınması prosesi də gedir. İstehlakçılar qeyd edirlər ki, malların üzərində qiymət bir cürdür, kassada çıxılan qiymət isə başqa cür. Hazırda bəzi marketlərdə istehlakçıların aldadılması prosesi gedir. Bunun səbəblərindən biri marketlərin apardığı siyasət, ikincisi istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksinin zəif olması, üçüncüsü isə müvafiq qanunları yerinə yetirən dövlət orqanlarının lazımi qədər çalışmamasıdır. Ona görə də alıcılar marketlərdə diqqətlə olmağı məsləhət görərdik.  Qiymətə yaxşı baxsınlar. Onlarn hüququ var ki, müdiriyyətdən tələb etsinlər ki, onlardan artıq alınan pulu geri qaytarsınlar". 

Eyyub Hüseynov bildirib ki, market sahibləri belə hallara bir çox bəhanələr gətirirlər: "Bizə gələn şikayətlər bağlı market sahibləri ilə söhbət aparanda onlar çoxlu bəhanələr gətirirlər. Məsələn, deyirlər ki, bu köhnə malın qiyməti idi, işçi unudub, dəyişdirməyib və s.  Lakin birmənalı şəkildə bunlar bilərəkdən edilir və istehlakçıların  aldadılmasına yönəlib. Çox təəssüflər olsun ki, bizdə istehlakçıların hüquqlarının qoruyan qanunlar zəif, biznesi himayə edən qanunlar isə güclüdür. Onun nəticəsidir ki,biznes qurumlarının istehlakçıları aldatmaq üçün bu cür hərəkətləri mövcuddur.  Vətəndaşlara məsləhət görərdik ki, belə halla qarşılaşdıqda, işin arxasınca getsinlər, haqlarını tələb etsinlər". 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da məsələ ilə bağlı fikrilərini Movqe.az-a bildirib. İqtisadçının sözlərinə görə, qiymətlə bağlı istehlakçıların aldadılması ccinayət məsuliyyətinə qədər gedə bilər: "Çox təəssüf ki, bu, son zamanlar ən çox müşahidə edilən problemlərdən biridir. Birmənalı şəkildə bu məsələ istehlakçıların hüquqlarının pozulmasıdır. Market sahiblərinin bu yola əl atmasında məqsəd məhsulu daha ucuz göstərmək və alıcıda həmin məhsulu almaq üçün stimul yaratmaqdır.  Amma sonradan elektronlaşmış qiymətləri isə  olduğundan fərqli göstərməklə daha çox qazanırlar. Lakin nəzərə almaq lazımdır ki, qanunvericilik bunu birmənalı şəkildə qadağan edir. Bu, təkcə istehlakçıların hüquqlarının pozulması faktı deyil, eyni zamanda  qanunvericiliyinin birmənalı şəkildə pozulması deməkdir. Çünki bu hal  vətəndaşın aldadılaraq pulunun mənimsənilməsi, əlindən alınmasıdır. İstehlakçının bu cür aldadılması şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə belə hüquqi baza yaradır". 

Ekspert hesab edir ki, problemin qarşısını almaq üçün əsas rol istehlakçıların üzərinə düşür: "İnsanlar belə halla qarşılaşan zaman  gərək yalnız həmin mağazanın rəhbərliyinə  deyil, İqtisadiyyat və Sənaye Nazirliyinə, Vergilər Nazirliyinə də bununla bağlı məlumat versinlər. Bu tip məlumatlandırma imkan verəcək ki, nəzarət gücləndirilsin. Problemlərə nəzarət etməklə  qarşısını almaq mümkündür". 


Sizin Reklam Yeriniz