news Image
2014.09.25
10:10
| A A A
Dilimizə xor baxanlar
Zeynal Məmmədli: «Əgər üstünə düşülməsə, Azərbaycan dilindən çox qəribə, qarışıq, hibrid bir dil alınacaq» Qulu Məhərrəmli: «Təəssüf ki, bizdə bu torpağın çörəyini yeyib, amma onun dilini bəyənməyib əcnəbi dillərdən istifadə edənlər var»

Dil normalarının pozulması hallarının hələ də geniş xarakter alması ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Növbəti dəfə bu məsələyə toxunan millət vəkili Ziyad Səmədzadə belə bir məqama toxundu ki, kimlərsə az qala dəb xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar: "Kimlərsə az qala dəb xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar. Bu, düzgün deyil. Bu gün telekanallarda Azərbaycan dilində Azərbaycan məhsullarının, xüsusilə, yerli brend məhsulların reklamına da rast gəlmək olmur". Yeri gəlmişkən qeyd edək ki, dil norma və qaydaları ən çox reklamlarda pozulur. 

Məsələ ilə bağlı media eksperti Zeynal Məmmədli Movqe.az-a danışıb. Ekspert hesab edir ki, problemə kökündən yanaşmaq lazımdır: "Birincisi, qanunverici bazaya baxmaq lazımdır. Hazırda Milli Məclisdə əcnəbi dillərdə reklamların qadağa edilməsinə dair qanun layihəsi hazırlanır. Üstəlik dillə bağlı ölkəmizdə dövlət komissiyası da var. Dilin inkişafı ilə  Azərbaycan Milli Elmlər akademiyasında  (AMEA) müəyyən proqramlar da hazırlanır, həyata keçirilir. Amma vəziyyətdə hələ də çox ciddi dəyişikliyə ehtiyac var. Əslində, ilk növbədə vətəndaşların özündən çox şey asılıdır. Məsələnin kökünə baxmaq lazımdır. Bütün bu gördüklərimiz nəticədir. Bu gün Azərbaycanda çoxlu özəl məktəblər var. Mahiyyətinə varanda bu özəl məktəblərdə sanki tədris Azərbaycan dilindədir. Lakin zamanla burda təhsil alan şagirdlər rusdilli insanlara çevrilməyə başlayırlar. Bunu heç cür gözardı eləmək olmaz. Biri var orada təhsil rusca olsun, biri də var ki Azərbaycan bölməsi olsun, lakin uşaqlar orada rusdilliyə çevrilsinlər. Söhbət təkcə rus dilindən də getmir. O məktəblərə bir neçə xarici dil keçilir. 6 yaşında uşağa birdən-birə bir neçə xarici dil keçilir. Bu nə dərəcədə doğrudur? Tamamilə səhv praktikadır. Məsələn, İngiltərədə xüsusi məktəbləri çıxmaq şərti ilə bütövlükdə ölkədə yalnız 12 yaşından sonra uşalara xarici dil öyrədilir. Amma biz 6 yaşından uşaqları xarici dil öyrənməyə məcbur edirik. Problemin köklərinə varanda məsələyə bu tərəfdən də baxılmalıdır. Dilimizdə həddən artıq əcnəbi sözlərin istifadəsi bu yanlış praktikanın nəticəsidir. Nəticədə dil nüfuzdan düşür, insanlarda kompleks yaranır ki, bizim dilimiz beynəlxalq dil deyil, məhəlli xarakter daşıyır, bununla hara çıxacağıq və s.".

Ekspert cəza və mükafatlandırma tədbirlərinin həyata keçirilməsini təklif edir: "Bu düşüncələrin qarşısının alınması üçün istər qanunda nəzərdə tutulan, istər yeni dəyişikliklər olsun, istər dövlət dil komissiyasının gördüyü işlər gücləndirilməlidir.  Cəza sisteminin tətbiq edilməsi, xüsusən də iqtisadi cəzalar məqsədəuyğun olardı. Bundan başqa, dillə bağlı müsabiqələr,  hətta utandırmalar keçirilə bilər. Məsələn,  Azərbaycan dilində ən pis danışan məmur, yaxud ən yaxşı danışan əcnəbi və s.  kimi kateqoriyalar qoyula bilər. Reallıqda bir nəticə görmək isəyiriksə, cəza və mükafat sistemini çox balanslı tətbiq eləmək lazımdır.  Azərbaycan dilinin imkanlarını bərpa eləmək, lüğətçiliklə bağlı məsələlərə diqqət ayırmaq lazımdır. Bütün bunlar bir günlük iş deyil. Zaman tələb edir. Lakin çox ciddi bir məsələdir. Əgər üstünə düşülməsə, Azərbaycan dilindən çox qəribə, qarışıq, hibrid bir dil alınacaq. Müasirlik adına dilimizə terminlərin axını olacaq. Məsələn, bizdə "bənzər", "oxşar" sözləri olsa da, biz onun yerinə "analoq" sözünü işlədirik. Buni elmi mətndə yerinə düşürsə, işlətmək düzdür. Lakin adi danışıqda işlətmək göstərir ki, artıq bu sözlər mikrob kimi dildə yayılır. Burda medianın da rolu böyükdür. Mediada da ciddi analiz aparmaq lazımdır ki, müəyyən olunsun Azərbayan mediası neçə sözdən istifadə edir? Bu gün Azərbaycan qəzetlərinin sözlüyü 200-300 sözü keçmir. Yəni bu qədər zəngin dildən 300 söz işlədirsənsə və bu 300 sözdən də önəmli bir hissəsi əcnəbi sözdürsə, vəziyyət həqiqətən pisdir. Problemin qarşısını almaq üçün biz media olaraq da, dövlət olaraq da işlər görməliyik". 

AMEA-nın Dilçilik institunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli isə hesab edir ki, dilimizlə bağlı müəyyən problemlər olsa da, bunların qarşısının alınması üçün ölkədə kifayət qədər işlər görülür. 

Azərbaycan dilini indiki şəraitdə heç kim nə unuda, nə də unutdura bilər: "Təəssüf ki, bizdə bu torpağın çörəyini yeyib, amma onun dilini bəyənməyib əcnəbi dillərdən istifadə edənlər var. Belələri hər zaman olub, olacaq da. Bu dilin yiyəsi xalqdır, bu millətdir və ona sahib duran da bu xalq, bu millətdir. İkinci bir tərəfdən, bu gün dillə bağlı kifayət qədər tələblər qəbul olunub, qanunlar, dövlət proqramları həyata keçirilir. Sadəcə olaraq, bunların gerçəkləşdirilməsi, elmi şəkildə buna yanaşılması bizə imkan verir ki, Azərbaycan dili ilə bağlı heç kimin qara niyyəti gerçəkləşə bilməsin. Sovet hakimiyyətinin ən tüğyan etdiyi illərdə belə Azərbaycan xalqı öz dilinə sahib çıxıb. İndi müəyyən problemlər ola bilər, düzdür. Lakin bütövlükdə dil bu xalqın milli varlığının göstəricisidir. Ona görə də hesab edirəm ki, bu dil hər zaman yaşayıb və yaşayacaq. Sadəcə olaraq, biz də ona daha ürəkdən sahib çıxmalıyıq. Bir vətəndaş olaraq problemlərinin həllində maraqlı olmalıyıq".