news Image
2014.09.25
11:30
| A A A
Ustalar müqavilə bağlayandan sonra iş görəcəklər?!
Səməd Vəkilov: «Ustalar bilsələr ki, işin rəsmiləşdirilməsi gələcəkdə onların pensiya təminatı üçün lazımdır, o zaman onlar müqavilə bağlamaqda maraqlı olacaqlar»

Azərbaycanda müxtəlif sahələrdə çalışan ustaların fəaliyyətinin rəsmiləşdirilməsi təklif olunur. Belə ki, hazırda ölkəmizdə ustalar fəaliyyətlərini rəsmi qeydiyyatdan keçirilmədən fərdi şəkildə çalışırlar. Bu isə onların hansısa formada vergi verməməsi ilə müşayiət olunur. Halbuki, onların fəaliyyəti rəsmiləşdirilərsə, dövlətə vergi ödəyicisinə çevriləcəklər. Eyni zamanda bir çox hallarda ustaların özlərinin də hüquqları pozulur. Məsələn, işi görürlər, sonda işi gördürən ödəniş etmir. Belə hallar çox yaşanır.

 Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirir ki, mülki hüquq münasibətləri zəminində təmir elətdirən şəxs işə götürən, usta isə işçi sayılır: "Bunların arasında rəsmi müqavilə olmasa belə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə görə, işçi işə götürənin razılığı ilə işə başladısa, onunla 3 gün ərzində əmək müqaviləsi bağlanmalıdır. Bağlanmırsa da bağlanmış hesab edilir. Yəni istənilən bir mübahisə yaransa, usta desə ki, mən filankəsin evində işləmişəm, bu məhkəmə mübahisəsi predmeti olsa, onda bu işçi-sahibkar münasibətləri konteksində qiymətləndirilə bilər. Amma tərəflər adətən müqavilə bağlamağa maraqlı olmurlar. Çünki işçi aldığı gəlirdən vergi vermək istəmir. Təmir etdirən də eyni şəkildə əlavə pul ödəməyə maraqlı olmur. Amma mübahisə yarananda hər iki tərəf ziyan çəkir. Ya ustanın pulu vaxtında verilməyəndə, gecikdiriləndə, ya ev sahibinin təmirlə bağlı nəsə şikayəti olanda və s.  Amma onlar arasında münasibətlər rəsmiləşdirilsə, hər iki tərəf öz öhdəliklərini müəyyənləşdirməklə münasibətlərini hüquq çərçivəsində müəyyənləşdirə bilərlər. Hər iki tərəf bundan qazanar. Yoxsa belə halda ikisinin də uduzduğu  məqamlar olur. Ən çox da ustalar uduzur. İşləyib pullarının ala bilmirlər". 

Hüquqşünas düşünür ki, insanlar arasında maarfiləndirmə işləri aparmaq lazımdır. Çünki bu məsələni məcburi etmə mexanizmi ilə həll etmək qeyri-mümkündür: "İnsanlar başa düşsələr ki, münasibətlərin rəsmiləşdirməsi onlara faydalıdır, o zaman məsələ həll olunar. Məsələn, ustalar bilsələr ki, işin rəsmiləşdirilməsi gələcəkdə onların pensiya təminatı üçün lazımdır, o zaman onlar müqavilə bağlamaqda maraqlı olacaqlar. Eyni zamanda da işi gördürən şəxs dərk etsə ki, bu, əskinə, ona hüquqi əsas verir, o zaman məsələyə fərqli yanaşar".