Əlaqə Arxiv
news Image
2014.09.26
08:33
| A A A
Məzar yerləri standart formaya salınacaq
Ekspertlər də bununla bağlı qəbulu gözlənilən müvafiq qanunu alqışlayır

Xəbər verildiyi kimi, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynov "Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında" qanunun qəbul edilməsi təklifi ilə çıxış edib. Millət vəkili qanuna əsas səbəb kimi məzarlıqlardakı dəm-dəzgahlı vəziyyəti görür: "Hazırda əksər ölkələrdə məzarlıqlar, qəbiristanlıqlar xüsusi qanunlarla idarə olunur və tənzimlənir: Bir çox ölkələrdə hər bir məzarın, qəbirin sənədi, şəxsi vərəqəsi var, onlar qanunla tənzimlənir. Eyni zamanda, dünyanın bir çox yerlərində də görürük ki, məzarlıqlar hamısı eyni vəziyyətdədir, məzarlar, qəbirlər eyni standartda və ölçüdədir. Düşünürəm ki, nəhayət, bizdə də belə olmalıdır".

Millət vəkili ən əsası Azərbaycanda bəzi ziyarətgah, ibadət yerlərinin bəzən inanc yerlərindən çıxıb, siyasi hadisəyə, siyasi məkana çevrildiyini vurğulayır: "Bəzi radikal-dini qruplar da var ki, onlar həmin ziyarətgahlardan, ibadət yerlərindən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların bu cür yolverilməz, çirkin məqsədlərinin qarşısının alınması, gələcəkdə hay-küy qaldırmalarına əsas olmaması üçün də bu yerlər qanunla tənzimlənməlidir".

Qeyd edilənlərə münasibət bildirən ilahiyyatçı alim Elşad Miri bu məsələnin gündəmə gətirilməsini tədqirəlayiq hesab edir: "Aktual bir məsələdir. Çünki, belə çıxışları vaxtı ilə biz də etdik. Bu deyilənlər tamamilə İslamın mahiyyətinə uyğun məsələlərdir. Bu gün qəbir üstlərindan baş, sinə daşları, mərmərlərin heç birinin İslama aidiyyata yoxdur. Əksinə, ölü sahibinə verilən bir əziyyət, israfçılıq, riyakarlıqdır. Ona görə də belə işlərin aradan qaldırılması üçün məsələnin Milli Məclisdə gündəmə gətirilməsi gözəldir. Ümidvarıq ki, bununla bağlı hansısa qanun çıxarılacaq. Məsələn, ABŞ-ı götürək. Orada qəbirlərdə müəyyən standart forma var. Çində bilirik ki, qəbirlərin yandırılması ilə bağlı proses var. Buna baxmayaraq Çində belə müəyyən standarlar var. Bu məsələlərlə bələdiyyələr xüsusi formada məşğul olur. Səudiyyə Ərəbistanını da misal göstərə bilərik. Orada müəyyən müddət keçəndən sonra sümükləri bir kənara yığışdırırlar. Başqalarını həmin qəbirlərdə dəfn edirlər. Bu gün Bakının özündə yer məsələsində artıq qıtlıq yaşanır. Artıq bunu biznesə çevirib, pul qazanan insanlar var. Bütün bunların qarşısını almaq üçün qanuna ehtiyac var. Gözəl nəticə əldə edə biləcəyik".

İlahiyyatçı əlavə etdi ki, millət vəkili radikal qrupların ziyarətgahları siyasi məkana çevrimə məsələsini açıqlamalı idi: "Ancaq həmin yerlərdən müəyyən şəxslər biznes maraqları üçün istifadə edirlər. Bu gün Azərbaycanda bütün ocaqlar, pirlər və s. Qafqaz Müsəlmanları İdarsənin tabeliyindədir. Yaxud da Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Ziyarətgahların kimlərə xidmət etməsini onlar dəqiqləşdirə bilərlər".

Dinşünas ekspert Vaqif Cəliloğlu isə məsələyə fərqli yanaşdı: "Yas mərasimlərinin təşkili, qəbirlərin qiymətli daşlarla tikilməsi İslamda bəyənilməyib. Amma mərhumun sahibi istənilən vaxtı ehsan verə, mərhumu vəsiyyətinə uyğun dəfn edə bilər. Bunu inzibati yolla həll etmək qeyri-mümkümdür. Hazırlanacaq yeni qanun bu incə məqamları nəzərə almalıdır. Yas sahibi özü bilər, necə edəcək. Təbii ki, İslamda israfçılıq bəyənilmir. Ancaq bütün bu məsələləri inzibai yolla tənzimləmək mümkün olmayacaq. Azərbaycanda dini maarifləndirmə işi o səviyyədə aparılmalıdır ki, ölü sahibi ifrat ehsan verməyə imkanının olmadığını özü başa düşsün".

Vaqif Cəliloğlu əlavə etdi ki, ziyarəgahlardakı nəzirləri, qurbanları da qadağan etmək olmaz: "Sadəcə olaraq, həmin yerlərdə şəffaflıq təmin edilməlidir. Yığılan nəzirlərin hesabatı ictimailəşdirilməlidir. Ən dəhşətlisi isə odur ki, ziyarətgahları siyasi məkana çevirirlər. İslam buna qətiyyən yol vermir. Dövlətçiliyimizə, dinimizə, milli adət ənənələrimizə, həm də öz məxsusi dəyərlərimizə zidd olan əməldir. Ziyarətgah Allahdan diləmə, bağışlanmaq üçün yerdir. Hüquq mühafizə, icra orqanları, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu məsələyə xüsusi diqqət yetirməlidir".

Sizin Reklam Yeriniz