news Image
2014.09.26
10:00
| A A A
Ölkədə yeni demoqrafik siyasətə start verilir
Hazırlanan müvafiq proqramda cəmiyyətdə demoqrafik disbalansın aradan qaldırılmasına yönələn, aidiyyatı dövlət və qeyri-dövlət qurumları ilə birgə kompleks şəkildə icrası nəzərdə tutulan tədbirlər də əksini tapıb

Məlumat verildiyi kimi ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının "Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı"nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sessiyada çıxış edərək, ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf şəraitində demoqrafik sabitliyə nail olunması üçün görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib. S. Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkənin milli və demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun şəkildə aparıldığını, hazırda 2025-ci ilədək dövr üçün ölkəmizin əhali sakinliyi və demoqrafik inkişaf üzrə Dövlət Proqramının hazırlandığını qeyd edib.  Məsələnin maraq doğuran tərəfi isə bu proqramın Azərbaycanda yaranmaqda olan demoqrafik disbalans probleminin həllinə necə təsir edəcəyidir. 

Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hazırlanan dövlət proqramı ölkəmizdə yaranmaqda olan demoqrafik disbalansın aradan qaldırılması baxımından yararlı ola bilər.

Nazirlikdən bildirilib ki, "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" (2014-2025-ci illər) layihəsi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Demoqrafik İnkişaf Konsepsiyası" və digər normativ-hüquqi sənədlər əsasında hazırlanır. Proqram layihəsi respublikada mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir. Bu tədbirlər sırasında cəmiyyətdə demoqrafik disbalansın aradan qaldırılmasına yönələn, aidiyyatı dövlət və qeyri-dövlət qurumları ilə birgə kompleks şəkildə icrası nəzərdə tutulan tədbirlər də əksini tapıb.

Məlumatda qeyd edilib ki, ümumiyyətlə, bu Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdıracaq və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcəkdir.

Dövlət Proqramının əsas məqsədləri sırasına əhalinin kəmiyyət və keyfiyyət artımını təmin edən əhalinin təkrar istehsalı səviyyəsinin stabilləşməsi üçün hərtərəfli şəraitin yaradılması daxildir. Belə ki, Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanaraq ölkə əhalisinin sabit artım templərinin saxlanılmasına istiqamətlənir. Ölkədə qadınların reproduktiv potensialının tədricən azalmasını (nəsillərin əvəz olunması nəticəsində reproduktiv yaşda olan qadınların sayının dəyişməsini) nəzərə alaraq, Dövlət Proqramının əhatə etdiyi dövr ərzində doğulan uşaqların sayının hazırki səviyyədə saxlanılması əsas prioritet kimi qəbul edilir. Bununla əlaqədar bu sahədə demoqrafik siyasət əhalinin reproduktiv hüquqlarının, doğum səviyyəsinin optimallaşdırılmasını, orta uşaqlığın stimullaşdırılmasını, ailə planlaşdırılmasının təkmilləşdirilməsini, əhalinin reproduktiv sağlamlığının möhkəmləndirilməsini tələb edir. Bundan irəli gələrək, ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və sair bir sıra mühüm tədbirlərin nəzərdə tutulur.