news Image
2014.09.27
07:06
| A A A
Tıxacların Bakının ekologiyasına çox böyük zərəri üzə çıxdı
Rauf Məmmədov: “Zərərli maddələrin ayrılması rejimdən, avtomobilin, müəhhərikin texniki vəziyyətindən asılıdır” Ərşad Hüseynov: “Tıxacda dayanan avtomobil oksigeni yüksək dərəcədə istismar edir və oksigen çatışmazlığı yaranır”

Birmənalı həqiqətdir ki, bu gün ekologiyanın çirklənməsində avtomobillərin rolu az deyil. Mütəxəssislər bildirir ki, avtomobillərdə işlənmiş qazın tərkibində 200-ə qədər maddə olur. Aparılan araşdırmalar göstərir ki, normal benzinlə normal rejimdə işləyən mühərrikin işlənmiş qazlarının tərkibində 2,7 faiz karbon oksid olur. Hərəkət zamanı sürət azalırsa, bu göstərici 4 faizə kimi artır. Aşağı sürətdə və dayandıqda isə karbon oksidin həcmi 7 faizə çatır. Bu isə o deməkdir ki, tıxaclarda uzun müddət dayanan avtomobillərdən ətraf mühitə daha çox karbon oksid atılır. Yəni, hava daha çox çirklənir.

Azərbaycan Texniki Universitetinin Avtomobil vasitələri kafedrasının müdiri Rauf Məmmədov bildirdi ki, bunlar avtomobilin iş rejimindən, yüklənmə dərəcəsindən asılıdır: "Burda işlənmiş qzların tərkibindəki zəhərli maddələrin faizi müxtəlif ola bilər. Ancaq dinamikada onun tərkibində zərərli maddələrin nə qədər olmasını demək çətindir. Bunun üçün avtomobili həmin rejimlərdə yoxlamaq lazım gəlir. Zərərli maddələrin ayrılması rejimdən, avtomobilin, müəhhərikin texniki vəziyyətindən asılıdır. Amma bunu da bütün avtomobillərə şamil etmək olmaz. Avtomobil boş işləmə rejimində qazların miqdarının nə qədər olması texniki sənədlərdə də göstərilir. Həmçinin bu gün o göstərici fazilə aparılmır. "Avro-4"ün tələblərində q/km normativi var. Ondan faizə keçmək üçün isə bizdə dəqiq metodika yoxdur. Düzdür, adətən boş işləmə rejimində işlənmiş qazın tərkibində zəhərli tullantıların miqdarı çox olur. Çünki, o zaman natamam yanma prosesi gedir".

Ekspert əlavə etdi ki, yeni maşın da bunun həll yolu deyil: "Zavoddan çıxan avtomobil heç olmasa 4-5 il sürülməlidir. Düzdür, bir ildən sonra maşına köhnə deyə bilərik. Odur ki, çıxış yolu odur ki, vaxtında texniki qulluq, servis kitabçasına uyğun işlər aparılmalıdır. Qida sistemində nizamlamalar düzgün getməlidir. Bu işlər görülərsə, avtomobili 10 il də istismar etmək olar. Bununla belə, onun işlənmiş qazalarının tərkibini normada saxlamaq olar".

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, yanacağın tərkibi ideal vəziyyətdə olanda orada karbon dörd oksid və su kimi iki yanma məhsulu alınır: "Atmosferdə olan karbon dörd oksidin 70%-ni nəqliyyat vasitələri buraxır. Yəni, avtomobilin mühərriki ideal vəziyyətdə olsa belə, ətraf mühiti çirkləndirir. Amma mühərrikdə və ya yanacaqda problem olanda müəhərrikdən çıxan işlənmiş qazlarda zərərli maddələr artır. Həmin zərərli maddələr 4 qrupa bölünür. Birinci təhlükəlisi karbon iki oksiddir (dəm qazı). Bundan sonra azot oksidləridir. Tüstü də bura daxildir. Ən təhlükəlisi isə benzoprindir. Bu, məhz yanacaqla bağlı maddədir. Yanacaq normal olsa, benzoprin əmələ gəlmir. Əgər yanacağın tərkibində benzol qrupu yoxdursa, benzoprin yaranmır. Düzdür, maşının dinamikasının da mühərrikə təsiri var. Hər bir halda maşın işləyəndə havadakı oksigeni istismar edir. Avtomobil bir yerdə dayananda həmin ərazilərdəki oksigen azaldığından oksigen çatışmazlığı səbəbindən yanma tam baş vermir. Dəm qazı da natamam yanma məhsuludur. Yanma normal getsə karbon iki yox, karbon dörd oksid əmələ gəlir. Dəm qazı fotosintez prosesini pozur, heyvanlarda qırmızı qanı məhv edir. İnsanın olduğu qapalı yerdə isə dəm qazının miqdarı 4%-dən çox olarsa, insan ölə bilər. Ancaq açıq ərazidə o qədər problem deyil".

Ekspert bildirdi ki, tıxacda dayanan avtomobil oksigeni yüksək dərəcədə istismar edir və oksigen çatışmazlığı yaranır: "Bu səbəbdən də dəm qazı artır. Hərəkət edəndə isə maşın hər dəfə yeni hava kütləsinin içinə daxil olur. Mühərrikə həm yanacaq, həm də təmiz hava gəlir. Eyni zamanda dayanan mühərrikdə iş rejimi pozulur. Çünki, yanma prosesi müəyyən tezliklərlə gedir. Maşın dayananda dirsəkli valın sürəti ən minimuma enir. Belə vəziyyətdə də yanma normal getmir".

Ərşad Hüseynov qeyd etdi ki, mühhərrik aşağı və həddən artıq yüksək dövrlərdə müəyyən dövlərlə işləyəndə yanma tsiklində problem yaranır: "Avtomobilin sürəti artanda yanacaq daha çox gəlir, oksigen ilə yaxşı qarışa bilmir. O zaman da dəm qazı artmağa başlayır. Vyana Konvensiyasında, yol hərəkəti qaydalarında da iki məsələyə xüsusi fikir verilir. Hər ikisinin təyinatı həm də ekolojidir. Birincisi odur ki, dayanmış nəqliyyat vasitəsinin mühərriki mütləq söndürülməlidir. Qapalı yerdə mühərrik söndürülməzsə, hətta ideal yanacaq, ideal mühərrik belə insanı boğub öldürə bilər. İkinci şərt isə sürət rejiminin müəyyən edilməlidir. Bunun ekoloji tərəfi ilə yanaşı, təhlükəsizlik tərəfləri də var. Avropa ölkələrində tövsiyə olunur ki, 100 km/saatdan artıq maşın sürülməsin. Yüksək sürətdə yanacaq çox işlənir və yanma prosesi pis gedir. Mühərrikə hava az, yanacaq çox gəlir".

Mütəxəssis qeyd etdi ki, keçmişdə dəm qazının miqdarı faizlə müəyyən edilirdi: "Amma Avro standartında dəm qazının miqdarı kilometr qət edərkən avtomobilin havaya buraxdığı zərərli qazın miqdarı ilə hesablanır. "Avro-4" standartının tələbi budur ki, 1 km-də avtomobilin atmosferə buraxdığı dəm qazının miqdarı benzin mühərrikində 1 qramdan artıq olmamalıdır. Dizel mühərrikində isə 0.5 qramdan artıq zərərli sayılır. Ona görə də tıxacda dayanan avtomobil həmin standartı mütləq pozur".

Beləliklə, Bakıda yaranan tıxaclar paytaxtın ekologiyasına da çox ciddi ziyan vurur.