news Image
2014.10.02
10:31
| A A A
Yeni binaların köhnə problemi yenidən baş qaldırır
Ramil Osmanlı: «Bu ənənəvi problemin arxasında daha çox qeydiyyatla, sənədləşmə ilə bağlı məsələlər dayanır» Nüsrət İbrahimov: «Tikinti şirkətlərinin qarşısında belə bir məsələ qoymaq lazımdır ki, binaların tikintisi lahiyələşdiriləndə orada mərkəzləşdirilmiş istixana sistemi qurulsun»

Havaların soyuması fonunda daha bir ənənəvi problem yenidən gündəmə gəlir. Söhbət yeni tikilən binaların bir çoxuna hələ də qaz verilməməsindən gedir.  Hər il payız-qış ayları yeni tikililən bir çox binalarda insanların şikayətləri başlayır. Bəzi belə bina sakinləri üçün bu problem artıq illərdir ki, davam edir. Amma hələ də bu problem həllini tapa bilmir. 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Mövqe.az-a açıqlamasında bildirir ki, bu ənənəvi problemin arxasında daha çox qeydiyyatla, sənədləşmə ilə bağlı məsələlər dayanır: "Söhbət ondan gedir ki, bəzi şirkətlər tikinti işləri görərəkən  sənədləşməni düzgün aparmayıblar, ona görə də bu gün artıq onların qeydiyyatla bağlı ciddi problemləri var. Bunun nəticəsində onlar lazımi texniki şərtləri almaqda çətinlik çəkirlər". 

Ramil Osmanlı hesab edir ki, bu problemin həlli bilavasitə dövlət rəhbərliyinin müdaxiləsindən keçir: "Çünki Azərbaycanda adətən, anoloji problemlər dövlət rəhbərliyi işə qarışandan sonra həll olur. Düşünürəm ki, bu məsələyə də eyni şəkildə yanaşılmalıdır. Əks halda hər il eyni məsələni təkrar-təkrar müzakirə edəcəyik".

"MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov isə məsələyə fərqli yanaşır. O,  yeni tikililərdə mərkəzləşmiş istixana sistemlərinin qurulmasını təklif edir: "Tikinti şirkətlərinin qarşısında belə bir məsələ qoymaq lazımdır ki, binaların tikintisi lahiyələşdiriləndə orada mərkəzləşdirilmiş istixana sistemi qurulsun. Bu tələb qoyulsa, binalara qaz xətlərinin çəkilməsi, hər mənzilə qaz verilməsi problemi aradan qalxar. Yəni, binalarda mərkəzləşmiş istixana sistemi qurulsa, hər bir mənzil bütün soyuq aylar müddətində davamlı olaraq qızdırılar. Əlavə qızdırılmağa isə ehtiyac qalmayacaq. Bu gün Avropa və ya digər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, orada mənzillərdə qaz anlayışı, demək olar ki, yoxdur. Mətbəx elektriklə işləyir. Mənzillər isə mərkəzləşmiş istixana sistemi hesabına qızdırılır. Ona görə də, düşünürəm ki, bizdə də artıq mərkəzləşmiş istixana sisteminə keçmək lazımdır. Həm qaza qənaət etmək, həm də mənzillərin davamlı qızdırılmasının təmin etmək üçün bu yoldan istifadə etmək olar. Bu sistemə keçsək, həm mənzillərin istiliklə təminliliyini, həm də binanın fiziki yaşama müddətini uzatmış olarıq".

Aysel HƏSƏNOVA


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs