Əlaqə Arxiv
news Image
2014.10.03
08:03
| A A A
Baltikyanı ölkələr də Azərbaycanla işbirliyinə xüsusi maraq göstərməyə başlayır
Vahid Məhərrəmov: “Əvvəlcə Baltikyanı ölkələrin Azərbaycanı hansı məhsulları ixrac edə biləcəyini dəyərləndirmək lazımdır”

Qərb ilə Rusiyanın qarışılıqlı sanksiyaları iqtisadi mübadilələrin istiqamətini dəyişdirməkdədir. Artıq Baltikyanı ölkələrinin də kənd təsərrüfatı məhsullarının üzünə Rusiya bazarları bağlıdır. Bu baxımdan bazar axtaran həmin ölkələrin seçimlərinin içində Azərbaycan da var. Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Urve Palo Azərbaycana aqrar məhsullarını göndərə biləcəklərini açıqlayıb.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov "Mövqe"yə bildirdi ki, əvvəlcə Baltikyanı ölkələrin Azərbaycanı hansı məhsulları ixrac edə biləcəyini dəyərləndirmək lazımdır: "Həmin ölkələr son zamanlar heyvandarlığı yaxşı inkşaf etdirə biliblər. Odur ki, onlar heyvandarlıq məhsullarından Azərbaycana ancaq dondurulmuş ət ixrac edə bilərlər. Azərbaycan isə bu bazarda daha sərfəli ölkələr ilə əlaqədədir. Biz hazırda Hindistan və Latın Amerika ölkələrindən nisbətən ucuz ət idxal edə bilirik. Digər tərəfdən də Azərbayanda dondurulmuş ət o qədər tələb olunmur. Rəsmi rəqəmlər göstərir ki, ötən illə müqayisədə bu il ölkəmizə ət idxalı artıb. Bunlar da əsasən emalda istifadə olunur. Digər məhsul kimi Baltikyanı ölkələrdən bizə süd məhsulları ixrac oluna bilərlər. Amma bu gün Azərbaycanın daha çox yeni südə ehtiyacı var. Yeni südü isə xarici ölkədən idxal etmək mümkün deyil. Daxildə istehsalı artırıb, ölkə əhalisini yeni südlə təmin etmək lazımdır. Çünki, paketlərdəki qurudulmuş süd ziyanlıdır. Yəni, göründüyü kimi, bu sahədə də bizim bazar formalaşıb. Baxmayaraq ki, hələlik yeni südlə əhalini tam təmin etməkdə çətinliklər var. Bizə qabalaşdırılmış süd Belarus, Ukrayna, hətta Rusiyadan da gəlir. Bunlardan başqa Baltikyanı ölkələr hansısa məhsulu ixrac edə bilməzlər. Çünki, onlar meyvə-tərəvəzdə o qədər güclü istehsala malik olan ölkələr deyillər".

Ekspert qeyd etdi ki, ordan bizim ölkəyə kənd təsərrüfatı məhsullarının gətirilməsi uzun məsafə tələb edəcək: "Sovet vaxtı Baltikyanı ölkələrin təsərrüfatı ilə bizim təsərrüfat arasında mübadilə olub. Onlarda əkinçilik mədəniyyəti, məhsuldarlıq yüksəkdir. Onlar ekoloji cəhətdən nisbətən təmiz məhsul istehsal edə bilirlər. Bu da onunla bağlıdır ki, Sovet dönəmində onların əkinçiliyə xüsusi yanaşmaları var idi. Lakin onların istehsal etdiyi məhsulun maya dəyəri, ümumilikdə qiyməti yüksəkdir. Bu da ondan irəli gəlir ki, onlarda orta əmək haqqı yüksəkdir. Çəkilən xərclər məhsulun maya dəyərinə təsir edir. Ancaq Baltikyanı ölkələrdə kənd təsərrüfatına yaxşı subsidiya ödəyirlər. Bunun hesabına ola bilsin ki, qiyməti nisbətən aşağı salıb, bizə hansısa məhsulu ixrac edə bilərlər. Ancaq bizim bazar artıq İran, Türkiyə, Hindistan, Latın Amerika ölkələri ilə münasibətlərini qurub. Ona görə də Baltikyanı ölkələr üçün cəlbedici olmayacaq".

Sizin Reklam Yeriniz