Əlaqə Arxiv
news Image
2014.10.04
08:29
| A A A
Universitetlərimiz yenə reytinq cədvəlindən kənarda qaldı
Əjdər Ağayev: “Times Higher Education” təşkilatının ən yaxşı universitetlər sıralamasında Azərbaycan universitetlərinin yer almaması qurumun müəyyən etdiyi meyarlara onların cavab verə bilməməsilə əlaqədardır" Vaqif Abışov: "Dünyada mövcud olan ikili standartları Azərbaycana münasibətdə başqa sahələr kimi, təəssüf ki, təhsil sahəsində də görürük"

Məhərrəm Zülfüqarlı: "Universitetlərimizin yaxşılar sırasında yer alması üçün başlıca meyar maddi baza ilə yetərincə təmin olunmaları məsələsidir"

Dünyanın nüfuzlu elm və təhsil mərkəzlərindən olan "Times Higher Education" 200 ən yaxsı universitetin adını açıqlayıb. Reytinqin ilk sırasında Kaliforniya Texnologiya İnstitutu yer alır. Harvard Universiteti ikinci, Oksford Universiteti üçüncüdür.200 ən yaxşı təhsil ocağı arasında ABŞ-ın 74, Böyük Britaniyanın 29, Almaniyanın 12 universiteti var. Siyahıya keçmiş SSRİ məkanının ən yaxşı təhsil müəssisələrindən sayılan Moskva Dövlət Universitetinin adı da düşüb. Azərbaycan universitetlərinin adı isə yenə də siyahıda yoxdur.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bunun səbəbini universitetlər arasında sıralama aparan beynəlxalq qurumların müəyyən etdiyi meyarlara Azərbaycan universitetlərinin cavab verə bilməməsilə əlaqələndirdi: "Bir sıra beynəlxalq təşkilatlar dünyanın ən nüfuzlu universitetlərini müəyyən edərkən, bu sıralamada Azərbaycandan Xəzər Universiteti, Qafqaz Universiteti və BDU-nun adları bir neçə dəfə qeyd olunub. "Times Higher Education" təşkilatının ən yaxşı universitetlər sıralamasında Azərbaycan universitetlərinin yer almaması görünür, həmin qurumun müəyyən etdiyi meyarlara onların cavab verə bilməməsilə əlaqədardır. Bu meyarlarda bəzən elə maddələr olur ki, onlar Azərbaycandakı ali məktəblərdə ola bilsin, o qədər də nəzərə alınmır. Həmin məqam ya bizim üçün keçmiş məsələdir, ya da adi məsələdir. Bu kimi ölçülərin olması səbəbindən bəzən həmin siyahılarda Azərbaycan universitetlərinin adlarına beləcə rast gəlinmir. Həmin siyahılarda Azərbaycan universitetlərinin yer almamasında elmi əsaslar, ciddi problemlərlə bağlı məqamlar yoxdur. Təşkilatlar adətən öz fikirlərini söyləyir. Sabah Azərbaycanın hər hansı bir təşkilatı da ayrı-ayrı mülahizələr, öz meyarları ilə dünya universitetlərinin hansısa kriteriyalara görəsə sıralamasını verə bilər. Bəllidir ki, Azərbaycan ali məktəbləri, xüsusən Qafqaz, Xəzər universitetləri və Bakı Dövlət Universitetində hazırda yenilənmə işləri gedir, sürətlə yeni sistemə keçilir. Dövlət strategiyası əsasında da bu istiqamətdə yenilənmələr gedir".

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov Azərbaycan universitetlərinin ən yaxşı dünya ali təhsil ocaqları arasında yer tutmamasının səbəbini bir neçə amilldə görür: "Beynəlxalq təşkilatların ən yaxşı universitetləri cərgəsində Azərbaycan ali məktəblərinin olmaması bir neçə amillərlə bağlıdır. Bu amillərdən ən vacibi sovetlər vaxtından qanyaqlanır. Mərkəzdə heç zaman istəməyiblər ki, yerlərdə universitetlər püxtələşərək, o dövrün tələblərinə tam şəkildə cavab verən bir səviyyəyə yüksəlsin. İkinci bir tərəfdən, onu da qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, universitetlərdə keyfiyyət göstəricisinin artırılması istiqamətində çox işlər görülüb. Bu fonda universitetlərimizin beynəlxalq səviyyədə tanınması istiqamətində də cəhdlər göstərilib. Başqa bir tərəfdən, Azərbaycan universitetlərinin dünyada tanınması ilk öncə özümüzdən asılıdır. Təhsildə, təhsilə münasibətdə, elmi potensialın inkişaf etdirilməsində Azərbaycan çox şey edə bilər. Bilirsiniz ki, dünyanın Azərbaycana münasibətində, torpaqlarımızın işğalına, ölkədə gedən quruculuq işlərinə münasibətdə ikili standartlar hökm sürür. Bu ikili standartlar həmişə var və olub. Həmin ikili standartı başqa sahələr kimi təhsil sahəsində də görə bilirik. Lakin bu hal bizi duruxdurmamalıdır. Elm və təhsilimizi daha da inkişaf etdirmək üçün dövlət səviyyəsində çoxsaylı işlər həyata keçirilməlidir. Demirəm ki, kənardan Amerika, İngiltərə təhsil sistemini gətirib, zorla özümüzə tətbiq edək, onun nümunəsində işimizi quraq. Yox, bu, belə olmamalıdır. Azərbaycanda qədimdən ənənəvi təhsil prosesi olub. O baxımdan qədim ənənələrə, müasir dövrün tələblərinə cavab verən təhsil sistemi yaratmaqla dünya miqyasında tanına bilərik. Həmçinin, universitetlərimizin dünyada tanıdılması üçün elm adamları tərəfindən yaxşı səviyyəli kəşflər, elmi əsərlər, yeni mövzular ortaya qoyulmalıdır. Təəssüf ki, bu mənada hələlik Azərbaycan universitetlərinin diplomları Avropa, dünya səviyyəsində tanınmır. Ölkədə universitetlərin sayı çox olsa da, dünyanın aparıcı ali məktəbləri sırasında onların yer almaması istər-istəməz ölkəmizə mənfi təsir göstərir. Maddi, iqtisadi və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artması baxımından universitetlərimizin də səviyyəsinin yüksəldilməsinə hər cür şərait vardır. Düşünürəm ki, təhsil, tədris, elmə daha çox diqqət artırılmalıdır ki, gəlib dünyanın aparıcı universitetləri səviyyəsinə çata bilək". Ekspert Məhərrəm Zülfüqarlı isə Azərbaycan universitetlərinin ən yaxşı ali məktəblər cərgəsində olmamasını, onların büdcəsinin az olmasında görür: "Azərbaycanda fəaliyyət göstərən universitetlər hələlik beynəlxalq universitetlər səviyyəsinə çatmayıb. Xaricdə, xüsusən də Amerika, Böyük Britaniya kimi ölkələrdə elə universitetlər var ki, onların büdcəsi çox böyükdür. Həmin universitetlər bütün parametrlər üzrə böyük imkanlara sahibdir. Xarici universitetlərdə dərs deyın professor, müəllimin əmək haqqısı Azərbaycandakı professor və müəllimin aldığı maaşdan qat-qat yüksəkdir. Azərbaycanda fəaliyyət göstərən universitetlərin dünya səviyyəsinə çatması üçün ölkəmizin təhsil sahəsində köklü islahatların aparılmasına ehtiyac vardır. Azərbaycanda fəaliyyət göstərən universitetlərin səlahiyyətləri də çox deyil. Universitetlərimizin dünya miqyasında tanınması, yaxşılar sırasında yer alması üçün başlıca meyar maddi baza ilə yetərincə təmin olunmaları məsələsidir. Təəssüf ki, hələlik Azərbaycan universitetlərinin maddi-texniki bazası istənilən həddə deyil. Ölkəmizdə fəaliyyət göstərən bütün universitetlərin büdcəsini toplasaq, dünyanın reytinq cədvəliən düşən universitetlərindən birinin büdcəsi qədər etməyəcək. Ona görə də gələcəkdə, universitetlərin büdcəsi xeyli dərəcədə artırılmalıdır ki, universitetlərimiz reytinq cədvəlində layiqli yerlərə sahib ola bilsinlər".

Sizin Reklam Yeriniz